Üçtərəfli bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır. Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir.

Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib.

Onun fikrincə, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir:

“Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır. İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xəttlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılır. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir”.

Millət vəkilinə görə, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır:

“İlk növbədə 30 il blokada vəziyyətində olan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsi yaranır. Bu da Muxtar Respublikanın inkişafı, gediş-gəlişin asanlaşdırılması, nəqliyyata çəkilən xərclərin kifayət qədər azaldılması və bütövlükdə Azərbaycanın anklav bölgəsi ilə bütövləşməsi deməkdir. Digər tərəfdən Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat dəhlizinin işə düşməsi Türkiyə ilə quru əlaqələrimizin yaranması deməkdir. Nəticədə Türkiyənin Azərbaycan üzərindən Türk dünyasına asan çıxışı təmin edilir. Bu coğrafiya ilə birbaşa bağlantı əldə olunur. Paralel olaraq, Azərbaycan İpək yolu marşurutu üzrə ikinci alternativ dəhliz qazanır. Bu dəhliz yüklərin daşınması baxımından ölkəmizin Gürcüstandan asılılığına son qoyur. Daha qısa yol olduğundan nəqliyyat xərclərini azaldır. Beynəlxalq bazarda rəqabət aparmaq imkanımızı xeyli yaxşılaşdırır. Eyni zamanda Daqlıq Qarabağın Azərbaycana inteqrasiya prosesini sürətləndirir. Bu mövzuda ölkəmizə qarşı ola biləcək mümkün təzyiqləri neytrallaşdırır. Beynəlxalq aləmdə siyasi mövqeyimizi daha da gücləndirir. Qalib tərəf kimi Ermənistanla gələcək sülh sazişinin milli maraqlarımıza uyğun şəkildə hazırlanması və imzalanması, xüsusilə, Cənubi Qafqazda təhlükəsziliyin və əməkdaşlığın təminatı üçün önəmli imkanlar yaradır”.