Noyabrın 24-dən 27-dək Bakıda “Latviyanın dadı” adlı tədbir keçiriləcək. Tədbirdə Latviyada istehsal edilmiş məhsullar təqdim olunacaq.

Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LIAA) təşkilatı dəstəyi ilə keçiriləcək tədbir çərçivəsində iki ölkənin sahibkarları bir-biri ilə əlaqələr yarada biləcəklər. “Dəyirmi masa”nın keçirilməsi də gözlənilir.

Tədbirdə iştirak etmək üçün Latviyanın iqtisadiyyat naziri Dana Reyznietse-Ozola Azərbaycana gələcək.

2014-cü ildə Latviya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 31 milyon avro təşkil edib. Azərbaycan Latviyaya 5,4 milyon avro məbləğində, Latviya isə ölkəmizə 25,6 milyon avro məbləğində mal və xidmətlər ixrac edib.