BAKI, 24 fevral. TELEQRAF
“34 il əvvəl törədilmiş Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri arasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, əsir götürülənlərə amansız işgəncələr verildi: "Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
Beynəlxalq hüquqa əsasən genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq ən ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində də qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də Xocalı faciəsinin məhz soyqırımı adlandırılmasına tamamilə imkan yaradırdı. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.
Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir. Bu hüquqi meyarlardan yanaşdıqda, ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlərin genosid olduğuna heç bir şübhə qalmır".
Millət vəkilinin sözlərinə görə, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra başlayıb: "Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
Ötən illər ərzində Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıb. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələni diqqət mərkəzində saxlayır. Xüsusilə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu sistemli tədbirlər həyata keçirir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb".
“44 günlük Vətən müharibəsində və Qarabağda bir günlük antiterror tədbirlərində Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Eləcə də, separatçı rejimin rəhbərləri və digər cinayətkarlar ədalət məhkəməsinə çıxarılaraq layiqli cəzalarını aldılar. Bu, o deməkdir ki, Xocalı soyqırımının qurbanlarının qisası alınıb. Hazırda isə Xocalı Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən qurulur, dirçəlir. Artıq üçüncü ildir ki, Xocalı öz sakinlərinə qucaq açıb. Xocalıya öz sahibləri qayıdıb və bu torpağa yeni nəfəs gətirib”,- deyə Samir Vəliyev vurğulayıb.