BAKI, 16 yanvar. TELEQRAF

"Bakı şəhərində bələdiyyələrin xəritələri verilmədiyinə görə özəlləşdirilən qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri bütövlükdə dövlət torpağı kimi qeydə alınır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.

Sədr xatırladıb ki, özəlləşdirmə prosesi bir neçə mərhələdən ibarətdir və son mərhələlərdən biri də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi ilə bağlı müqavilənin bağlanmasıdır:

“Lakin bu prosesdə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə, demək olar ki, rast gəlinmir. Halbuki bələdiyyələr yarandığı gündən Rəsulzadə bələdiyyəsinə ümumilikdə 571,6 hektar torpaq sahəsi ayrılıb. Bu gün isə biz həmin torpaq sahələrinin harada yerləşdiyini faktiki olaraq müəyyən edə bilmirik. Yaşayış məntəqələrinin daxilində yerləşən qeyri-yaşayış obyektlərinin altındakı torpaqlar dövlət torpağı kimi qeydiyyata alınır”.

H.Hüseynov vurğulayıb ki, bələdiyyə xəritələrinin verilməməsinin əsas səbəblərindən biri də məhz bu boşluqdan istifadə olunmasıdır:

“Çünki xəritələr təqdim olunsa, həmin torpaq sahələrinin heç olmasa, müəyyən bir hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu üzə çıxar. Axı bütün torpaqların dövlət mülkiyyətində olması mümkün deyil? Əgər bu xəritələr bələdiyyələrə təqdim edilsə idi, bələdiyyələr müəyyən maliyyə imkanları da əldə edə bilərdilər.

Qarşıdan “Şəhərsalma və Memarlıq İli” gəlir və mən təklif edirəm ki, heç olmasa, 2026-cı ildə Bakı şəhərinin bələdiyyə xəritələri təqdim olunsun. Bu məsələ dəfələrlə qaldırılıb, dəfələrlə çıxışlarda səsləndirilib, lakin bu günədək öz həllini tapmayıb. Buna baxmayaraq, ümid edirəm ki, "Şəhərsalma və Memarlıq İl"i çərçivəsində Bakı şəhərində yerləşən bələdiyyələr bu xəritələri əldə edə biləcəklər”.

Hümbət Hüseynov deyib ki, vaxtilə bələdiyyələr cəmiyyətdə “torpaq satan təşkilat” kimi tanınırdı: "Mən düşünürəm ki, bu anlayış artıq bizim leksikonumuzdan çıxmalıdır".

O qeyd edib ki, son illərdə, xüsusilə 2018-ci ildən sonra qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə əlaqədar, bir neçə ildən sonra bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır: “Düzdür, qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib, lakin hamımıza məlumdur ki, bəzi regionlarda qəbir yerləri müxtəlif qiymətlərlə təqdim olunur. Bəzi hallarda rüsum tətbiq edilir. Məsələn, ayrı-ayrı rayonlarda 61 manat məbləğində rüsumun tətbiq edildiyi bildirilir. Sual yaranır: bu rüsum hansı əsasla müəyyən edilib? Qanunvericiliyə görə, bu məsələlər qiymətləndirmə komitələri və müvafiq orqanlar tərəfindən tənzimlənməlidir”.