BAKI, 13 yanvar. TELEQRAF
"Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə ölkə başçısı bu istiqamətdə görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs etdi. Dövlətimizin başçısı müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri istiqamətində atılan zəruri addımları diqqətə çatdırdı. Bununla yanaşı həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətinə toxunuldu".
Teleqraf xəbər verir ki, bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova ölkə başçısının sədrliyi ilə keçirilən müşavirədə səslənən məsələlərin əhəmiyyətindən bəhs edərkən deyib.
O qeyd edib ki, ölkəmizdə etibarlı su təminatı ilə bağlı son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra olunub: “Paytaxt Bakı ilə yanaşı, bölgələrdə əsas infrastruktur məsələlərinin həlli istiqamətində zəruri işlər görülüb. Ötən iyirmi il ərzində bir neçə regional inkişaf proqramı qəbul olunub ki, beş ilik dövrü əhatə edən bu istiqamətlər üzrə nəzərdə tutulan bütün layihələr uğurla icra edilib. Bunun nəticəsində bölgələrdə əsas infrastruktur məsələləri öz həllini tapıb.
İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Dövlət başçısının da vurğuladığı kimi, bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilir. Son 20 il ərzində dörd böyük su anbarı inşa edilib. Bunlardan “Taxtakörpü”, “Şəmkirçay” su anbarları xüsusilə qeyd olunmalıdır.
Eyni zamanda azad edilmiş ərazilərdə də içməli su və suvarma layihələri uğurla icra edilir. Ölkəmizin başçısının da vurğuladığı kimi, son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarı qeyd edilə bilər. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Çünki “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi ölkəmizə böyük problemlər yaradırdı. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur”.
Deputat bildirib ki, ölkəmizin başçısı müşavirədə həmçinin dünyada iqlim dəyişikliyi ilə bağlı məsələlərə də diqqəti çəkib: “Vurğulanıb ki, bir çox ölkələr bundan zərər görür. Ölkəmizdə isə su təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər sistemli şəkildə öz həllini tapır. Bu xüsusda Bakının və Abşeron yarımadasının içməli su problemlərinin həlli istiqamətində zəruri addımlar atılır. Bununla bağlı vacib dövlət proqramı qəbul edilib. Bu proqramın əsas məqsədi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır.
Sözsüz ki, su məsələsi artıq kommunal xidmət çərçivəsindən çıxaraq ictimai sağlamlıq, urbanizasiya, iqtisadi dayanıqlıq və sosial rifah məsələsinə çevrilib. Məhz bu kontekstdə 10 illik Dövlət Proqramının hazırlanması kompleks institusional yanaşmaya keçidin göstəricisidir.
Su təchizatı sahəsində yeni Dövlət Proqramı da məhz bu ardıcıllığın davamıdır. Burada diqqətçəkən əsas məqam proqramın mərhələli, ölçülə bilən və nəticəyönümlü şəkildə planlaşdırılmasıdır. Su itkilərinin azaldılması, fasiləsiz təminatın faizlə ifadəsi, kanalizasiya əhatə dairəsinin genişləndirilməsi bu prosesdə hesabatlılığın əsas prinsip kimi götürüldüyünü göstərir”.
Sevinc Hüseynova vurğulayıb ki, Dövlət Proqramının əsas dayaqlarından biri mövcud su təsərrüfatı infrastrukturunun köklü şəkildə yenilənməsidir: “Yeni proqram çərçivəsində su təmizləyici qurğuların modernləşdirilməsi, rəqəmsal ölçmə sistemlərinin tətbiqi, ağıllı idarəetmə mexanizmlərinin qurulması nəzərdə tutulur. Bu yanaşma yalnız suyun həcmini deyil, keyfiyyətini və davamlılığını da təmin etməyə yönəlib. Həmçinin bu gün kanalizasiya və yağış suları, şəhər ekologiyasının əsas elementi kimi qəbul edilir.
Yeni Dövlət Proqramı çərçivəsində yağış suları üçün ayrıca kollektor şəbəkəsinin qurulması şəhər ekologiyası baxımından mühüm addım kimi qiymətləndirilir. Bu, Bakının iqlim dəyişikliklərinə adaptasiyası və şəhər mühitinin dayanıqlığı üçün strateji əhəmiyyət daşıyır.
Bütün bunların fonunda Prezident İlham Əliyevin müşavirədəki çıxışı göstərir ki, 2026–2035-ci illər üzrə Dövlət Proqramı sadəcə texniki sənəd deyil, Azərbaycanın su təhlükəsizliyi üzrə uzunmüddətli strateji baxışının ifadəsidir. Bu proqram urbanizasiya, iqlim dəyişiklikləri və sosial tələblər fonunda dövlətin qabaqlayıcı siyasət yürütmək niyyətini ortaya qoyur”.