BAKI, 21 may. TELEQRAF

Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir. Ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

2023-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşüb.

Ölkənin iqtisadi rayonları üzrə 18 yaşadək analar tərəfindən doğulan uşaqların say cədvəlindən görünür ki, erkən nikah halları üzrə ən az göstərici Şərqi Zəngəzur iqtisadi rayonu və Abşeron-Xızı iqtisadi rayonunda, ən çox göstərici isə Mərkəzi Aran və Qarabağ iqtisadi rayonunda qeydə alınıb.

Vurğulanıb ki, 14 iqtisadi rayon üzrə 2024-ci ildə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 185 (2023-cü ildə 249) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.

Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 64 (nikah) azalma var.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.