BAKI, 7 yanvar. TELEQRAF
Qazaxıstan ölkəmizdə yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev yanvarın 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi attaşeyə ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək xidmətində uğurlar arzulayıb.
Polkovnik S.Xayruşev göstərilən etimada görə təşəkkürünü bildirib və fəaliyyəti dövründə hərbi əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.