.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.
Teleqraf xəbər verir ki, açarların təqdim olunması zamanı Azərbaycan dövlət başçısı sakinlərlə səmimi söhbət edib.
Söhbətin mətnini təqdim edirik:
Sakin: Allah Sizi arzunuza çatdırsın.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Qadın sakin: Çox sevinirik, 6 yaşımda buradan çıxmışam. Doğma yerimizdə Sizi salamlamaq çox sevincli haldır. Sevincimizi sözlə ifadə etmək mümkün deyil. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Prezident İlham Əliyev: Amin. Siz işğal dövründə harada yaşamısınız?
Qadın sakin: Şıxarx qəsəbəsində.
Prezident İlham Əliyev: O illəri xatırlayırsınız uşaq ikən?
Qadın sakin: Bu günümüzə şükür.
Kişi sakin: Mən də burada doğulmuşam, məktəbə getmişəm, 1973-cü ildə. Özüm də Birinci Qarabağ müharibəsi veteranıyam, döyüşlərdə iştirak etmişəm.
Prezident İlham Əliyev: Məktəb də təmir olundu, tam.
Kişi sakin: Bəli, olundu. Çox yüksək səviyyədə təmir olunub.
Prezident İlham Əliyev: İndi burada iş yerləri də yaradılacaq. Bura turizm zonasına çevrilməlidir, İnşallah. Bura gözəl, səfalı yerlərdir, Suqovuşan su anbarı da möcüzəvi bir əsərdir.
Kişi sakin: Ulu Öndərimizin əsəridir.
Prezident İlham Əliyev: Bəli. O vaxt həm Suqovuşan, həm Sərsəng su anbarlarının tikintisinin müəllifi Heydər Əliyev olmuşdur ki, Azərbaycanın bir neçə rayonunun su problemi həll edilsin. Amma mənfur düşmən işğal dövründə bizi o sudan da məhrum etmişdi. Biz faktiki olaraq o sudan istifadə edə bilmirdik, suyumuzu da kəsirdi. Sonra da lazım olmayan vaxtda, qışda açırdı və hər tərəfi su basırdı.
Kişi sakin: Bəli, yayda da vermirdilər.
Prezident İlham Əliyev: Yayda da vermirdilər. Yəni, bu düşmənçiliyin dərəcəsinə baxın, biz bunu necə unuda bilərik? Heç vaxt. Mən bunu demişəm, bir daha demək istəyirəm, biz heç vaxt bu vəhşiliyi, bu pisliyi unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik, gücümüzü ancaq Ermənistan ordusunu məhv etmək üçün səfərbər etmişdik. Onlar isə əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. Vaxtilə bizi hədələyənlər, “biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər. Mən isə demişəm tanklar da Bakıdadır, Qənimətlər Parkında, çayı da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər.
Sakinlər: Hamısı Sizin sayənizdə.
Prezident İlham Əliyev: Ədalət budur, ədalətin təntənəsi budur və mən bunu dəfələrlə demişdim, işğal dövründə keçmiş köçkünlərlə mənim onlarla, bəlkə də yüzlərlə görüşlərim olub. Həm yeni qəsəbələrin açılışında, həm müxtəlif tədbirlərdə. Biz heç vaxt ümidimizi itirməmişdik, ancaq ildən-ilə görürdüm məndə də, bütün insanlarda da, necə deyərlər, ədalətə inam azalırdı. Çünki ədalət, necə deyərlər, mövqeyimizi gücləndirməli idi. Amma ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi Zəfəri çaldıq. Bu Zəfərin, mən yenə də deyirəm, son onilliklər ərzində tayı-bərabəri olmayıb, bundan sonra da olmayacaq. Baxın, bu gün müxtəlif yerlərdə müharibələr gedir. O müharibələr həm uzun müddət ərzində gedir və həm də, necə deyərlər, real nəticə ilə nəticələnmir. Bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi və vaxtilə “Qarabağ Ermənistandır” deyən adam bu gün deyir: “Qarabağ Azərbaycandır!”.
Sakinlər: Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev: Öz xoşu ilə yox, “dəmir yumruğ”un hesabına.
Sakinlər: Allah Sizi qorusun. Allah balalarınızı saxlasın.
Qadın sakin: Sizi və ailənizi milli bayramımız münasibətilə təbrik edirəm, uzun ömür, cansağlığı, uğurlar arzulayıram.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Gəlin, şəkil çəkdirin Mehriban xanımla. Əvvəlcə burada, evlərin fonunda hamımız şəkil çəkdirək.
Şəkil çəkdirilir.
Prezident İlham Əliyev: Sağ olun, təbrik edirik sizi.
Sakinlər: Sağ-salamat, Allah nəvələrinizi qorusun. Sağ olun.
Kişi sakin: Bizi buradan 1991-ci ildə çıxartdılar. Ən axırıncı köçənlərdən olmuşuq.
Prezident İlham Əliyev: Sovet vaxtı hələ. Bəs kim çıxartdı?
Kişi sakin: Ermənilər çıxartdı.
Prezident İlham Əliyev: Bəs sovet ordusu yox idi?
Kişi sakin: Yox, sovet ordusu bizə tərəf durmadı.
Digər kişi sakin: Moskvadan generallar gəlib təbliğat aparırdılar.
Prezident İlham Əliyev: Təbliğat aparırdılar ki, siz çıxasınız buradan.
Kişi sakin: Biz çıxaq, ermənilər möhkəm dursunlar burada. Bizə nə qədər dedilər, atam çıxmırdı, axırda da dedi ki, yox, mümkün deyil. Ona görə köçdük Tərtərə. 30 il də Tərtərdə xalqımıza qoşulub müdafiəyə qalxdıq. Müharibədə olmuşam, yaralanmışam, veteranam. Mən də borcumu yerinə yetirmişəm, gücüm çatan qədər. Amma bizim gücümüz o vaxt çatmazdı. İndi şükür Allaha.
Prezident İlham Əliyev: Bəli, o vaxt gücümüz yox idi, silahımız yox idi. Normal, necə deyərlər, vətənpərvər rəhbərlik yox idi.
Kişi sakin: Yox idi, heç arxamızda duran da yox idi.
Prezident İlham Əliyev: Heç, xalqı başlı-başına buraxmışdılar, hakimiyyət uğrunda, kreslo uğrunda mübarizə gedirdi. Torpaqlar da əldən gedirdi. Şuşanın da düşmənə təhvil verilməsi elə hakimiyyət uğrunda mübarizənin nəticəsi idi. Ondan sonra hakimiyyətə gəldilər. Ondan sonra qalan torpaqları da satdılar. Kəlbəcəri də, o biriləri də.
Kişi sakin: Ordumuz döyüşürdü o vaxt, amma gücümüz çatmadı. Ona görə ki, rəhbərlik olmadı, güc çatmadı. Allahın bu gününə çox şükür, Siz 2020-ci il sentyabrın 27-də əmr verdiniz, müzəffər Ordumuz birinci Suqovuşanı, sonra da bütün Qarabağı azad etdi.
Prezident İlham Əliyev: Bəli. Suqovuşan oktyabrın 3-də azad edilmişdir.
Kişi sakin: Özü də relyefi çox sərtdir buranın.
Prezident İlham Əliyev: Hətta o vaxt, İkinci Qarabağ müharibəsi başa çatandan sonra burada bəzi mövqeləri ermənilər saxlamışdılar. Əgər anbara o tərəfdən baxsanız, sol tərəfdə onların postları var idi. Biz sonra onları oradan məcburən çıxartdıq, çünki oradan çıxmaq istəmirdilər. Çünki oranı götürmək çox çətin idi və çox itkilər hesabına ola bilərdi. Bəlkə də ən ağır istiqamətlərdən biri də Talış-Suqovuşan istiqaməti idi. Burada həm minalar çox idi, həm bunların güclü istehkamları, həm də ki, bu dağlar öz-özlüyündə bir istehkamdır.
Kişi sakin: Bəli, istehkam, çox çətin bir mövqedə idik. Sizin sayənizdə, Sizin “dəmir yumruğ”unuzun sayəsində ermənilər öz paylarını aldılar.
Kişi sakin: Allah canınızı sağ eləsin, bütün planlarınızı həyata keçirəsiniz.
Digər kişi sakin: Mən də Suqovuşan sakini kimi xatirə olaraq bir şeir yazmışam.
Prezident İlham Əliyev: Bəli, de.
Kişi sakin:
Ali Baş Komandan əmr verdi, hücuma keç, Azərbaycan əsgəri,
Müzəffər Ordu pozdu düşmən oyunun bir göz qırpımında,
Kəsdi onun yolun, qurbanın olum, Azərbaycan əsgəri!
44 gündə Zəfər çaldın əbədi, Zəfər bayramını da etdin əbədi,
“Dəmir yumruq”la vurdun mənfur düşməni, qurbanın olum, Azərbaycan əsgəri!
Ayaq səslərinlə qorxutdun düşməni, qorxuya düşüb tərk eylədi Vətəni,
“İtiqovan”la qovdun yağı düşməni, qurbanın olum, Azərbaycan əsgəri!
Çox şəhidlər verdin Suqovuşanda, Füzulidə, Talışda, Şuşada, dastanlar da yazdın Hadrutda,
Zəfər bayrağını ucaltdın Şuşada, qurbanın olum, Azərbaycan əsgəri!
Bunu özüm yazmışam, qəlbdən gələn şeirdir.
Prezident İlham Əliyev: Sağ olun. Suqovuşanın tarixi adını da dərhal qaytardıq və o vaxt, azad olunandan sonra tarixi adını bərpa etdik. O keçmiş adlardan da əsər-əlamət qalmayıb.
Kişi sakin: Burada bir dənə də körpü olmayıb. Bir dənə Qarı körpüsü var, oradan çox təhlükəli keçərdik. Ulu Öndərimiz gəldi, o körpüləri də tikdirdi, suvarma kanallarını çəkdirdi, burada araba yolu olub, asfalt yol olmayıb, onu da çəkdirib. Burada Dəstəgül kəndi var, bir də Təpəkənd var. O kəndlərə heç yol olmamışdı, onu da çəkdirdi, körpüləri də saldırdı. Yəni, Suqovuşan ümumilikdə Heydər Əliyevin bir əsəridir.
Prezident İlham Əliyev: Bəli, elədir. Ədalət indi Zəfər çaldı.
Kişi sakin: 300 ildən bəri heç kim torpaq almayıb. Bir Sizdən başqa. Ona görə Sizi səmimi-qəlbdən təbrik edirik. Suqovuşan əhalisi adından deyirəm, biz Sizi general yox, marşal görmək istəyirik. Sizi bir daha təbrik edirəm, cənab Prezident!
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, bir daha təbrik edirəm, salamat qalın, xoşbəxt yaşayın burada. Sağ olun.
Sakinlər: Sağ olun, çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun. Salamat qalın.
Qadın sakinlər: Sərkərdəmiz güclüdür, biz həmişə güclü olacağıq. Allah qorusun Sizi, üstümüzdən əskik olmayasınız, səmimi insanlarsınız. Xalq Sizi sevir, həqiqətən də elədir.
Prezident İlham Əliyev: Sağ olun. Rahat yaşayın.
Qadın sakin: Cənab Prezident, Suqovuşana tez-tez gələsiniz, inşallah.
Mehriban xanım Əliyeva: İnşallah
x x x
Sonra xatirə şəkilləri çəkdirildi.