​​BAKI, 17 mart. TELEQRAF

Azərbaycan Respublikasının Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qaydaları təsdiq edib.

Teleqraf xəbər verir ki, bu qərar Prezident İlham Əliyevin 2024-cü il 6 iyun tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.

Qərara əsasən, süni torpaq sahələrinin və su fondu torpaq sahələrinin icarə haqqının hesablanması qaydası təsdiq edilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bir sıra tapşırıqlar verilib.

Nazirlik və komitə Xəzər dənizinin Azərbaycan bölməsində süni torpaq sahələrinin yaradılması üçün sahilboyu şəhər və rayonları zonalara ayıracaq, bu zonalara əsasən icarə haqlarının məbləğini müəyyənləşdirəcək və qiymətləndirmə zonalarının sərhədlərinə yenidən baxacaq. Eyni zamanda, monitorinqlər aparılacaq və şəhərsalma sənədlərindəki dəyişikliklər nəzərə alınmaqla yeni təkliflər hazırlanacaq.

Qərara əsasən, su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin qrafik təsviri (xəritəsi) həm kağız, həm də elektron formada təsdiq ediləcək. Həmçinin, zərurət yarandıqda, icarə haqlarının yenidən tənzimlənməsi ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq.

Qeyd edək ki, bu qərar Xəzər dənizində aparılan irimiqyaslı layihələrin tənzimlənməsi və sahilboyu inkişaf prosesinin sistemli şəkildə həyata keçirilməsi məqsədini daşıyır.