​BAKI, 13 mart. TELEQRAF

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Əsasnaməsinə və ona tabeli olan agentliklərin nizamnamələrinə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Teleqraf xəbər verir ki, dəyişikliklərə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Əsasnaməsində edilən düzəlişlərlə Nazirliyin istifadəsində olan vəsaitə “büdcədənkənar vəsait” də əlavə edilib.

Həmçinin, nazirliyə tabe olmayan struktur qurumların gördüyü işlərdən və göstərdiyi xidmətlərdən əldə edilən gəlirlərin sərəncamçısı olması təsbit edilib.

Dövlət Dəniz və Liman Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamələrinə əlavə edilən yeni müddəalara əsasən, bu qurumların sərəncamında qalan vəsaitlərdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

Bu dəyişikliklər müvafiq agentliklərin maliyyə imkanlarının genişləndirilməsinə və əməkdaşların sosial təminatının gücləndirilməsinə xidmət edəcək.