
BAKI, 12 mart. TELEQRAF
Prezident İlham Əliyev martın 12-də hava daşımaları sahəsində rəsmiyyətlərin sadələşdirilməsi məqsədilə Dövlət Proqramının təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti doqquz ay müddətində hava daşımaları ilə bağlı qaydalar və bu sahədə fəaliyyət göstərəcək Komissiyanın tərkibi barədə təkliflərini hazırlayaraq dövlət başçısına təqdim etməlidir.
Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirəcək və görülən işlər barədə ildə bir dəfə Prezidentə hesabat verəcək. Hava limanlarında daşımalar üzrə rəsmiyyətlərin sadələşdirilməsinə dair xüsusi proqramların hazırlanması və təsdiqi on iki ay müddətində həyata keçiriləcək.
Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq.