TBİLİSİ, 25 iyul. TELEQRAF

Bu ilin birinci yarısında Orta Dəhliz üzrə Çindən və əksinə Gürcüstandan keçməklə daşınan konteynerlərin sayı 9 849 TEU təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib.

İllik müqayisədə konteynerlərin sayı 2,7 dəfə çoxdur.

Hesabat dövründə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan konteynerlərin sayı da artaraq 9 393 TEU təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətdə təqribən 59 dəfə çoxdur.

Gürcüstanın Batumi və Poti limanlarında da yükdaşımalar illik müqayisədə 5,9% artıb. Bu ilin ilk yarısında hər iki limanda 7 milyon ton yük emal edilib. Konteynerlərə gəlincə, hesabat dövründə qonşu ölkənin hər iki əsas limanında emal olunmuş konteynerlərin sayı 375 654 TEU təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 19,5 faiz çoxdur.

Yanvar-iyunda Gürcüstanda hava nəqliyyatı ilə daşınan yüklərin həcmində də artım qeydə alınıb. Ölkənin beynəlxalq hava limanları ilə daşınan yüklərin sayı 16,5 min ton təşkil edib ki, bu da illik müqayisədə 57,6% çoxdur.