
BAKI, 5 mart. TELEQRAF
Orta Dəhliz layihəsi çərçivəsində Qazaxıstanın dəmir yolu infrastrukturuna aktiv şəkildə investisiya yatırılır.
Bu barədə Teleqraf-a açıqlamasında "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM, Orta Dəhliz) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.
"Bu il böyük dəmir yolu xətlərinin açılışı gözlənilir. Bura "Dostık - Moyıntı", "Almatı" dolama xətti və Darbaza-Maktaaral daxildir. Bütün bu layihələr hazırda fəal şəkildə həyata keçirilir və dəhlizimizin inkişafına töhfə verir.
Darbaza-Maktaaral istiqamətində 152 kilometrlik dəmir yolu xəttinin inşasına 2023-cü ildə başlanılıb. Əsas məqsəd Türküstan bölgəsində tutumu artırmaq, ixrac və tranzit potensialını gücləndirməkdir.
Layihə iki mərhələyə bölünüb. Birinci mərhələdə Yerdaut-Maktaaral hissəsinin, ikinci mərhələdə isə Jetısay qolunun inşası nəzərdə tutulub və hər iki xətt Sırdərya stansiyasına çıxışı təmin edəcək. Dəyəri 286 milyard təngə (545,8 milyon dollar) olan layihə "Qazaxıstan Dəmir Yolları" ASC tərəfindən həyata keçirilir.
Proqnozlara əsasən, bu xətt illik yük dövriyyəsinə əlavə 10-14 milyon ton yük əlavə edəcək, gələcəkdə isə bu göstəricinin 20-25 milyon tona qədər artması mümkün ola bilər".
Qaydar Abdikerimov qeyd edib ki, layihə çərçivəsində indiyədək 100 kilometrdən çox hissədə işlər tamamlanıb. Planlaşdırılan 9,5 milyon kubmetr torpaq işinin 1,4 milyon kubmetri (15%) yerinə yetirilib.
"Darbaza-Maktaaral" dəmir yolu xətti Özbəkistan və Qazaxıstanı daha da yaxınlaşdırmaqla yanaşı, Türküstan bölgəsinin iki uzaq rayonunu – Maktaaral və Jetisayı Qazaxıstanın digər hissələri ilə birləşdirəcək.
Karaqanda bölgəsindəki "Dostık – Moyıntı" dəmir yolu hissəsində ikinci yolun inşasına isə 2022-ci il 17 noyabrda başlanılıb. Qazaxıstanın Baş nazirinin ofisinin açıqlamasına görə, 836 km uzunluğunda olan dəmir yolu xəttinin istifadəyə verilməsi yerli məhsulların dayanıqlı ixracını təmin edəcək və ölkənin tranzit potensialını artıracaq.
Dəmir yolu xəttinin fəaliyyətə başlaması ilə 500 nəfər daimi işlə təmin olunacaq.
Tamamlanmaq üzrə olan daha bir mühüm layihə isə Almatı stansiyasında dairəvi dəmir yolu xəttinin tikintisidir. Bu, Almatı dəmir yolu qovşağında nəqliyyat sıxlığını 40% azaldacaq və yüklərin çatdırılma müddətini qısaldacaq. Bu, eyni zamanda Qazaxıstanın logistika şəbəkəsini daha da gücləndirəcək və regional əlaqəni yaxşılaşdıracaq.
Hazırda ümumi uzunluğu 75 km olacaq yeni xəttin ayrı-ayrı hissələrində işlər aparılır, eyni zamanda stansiya yolları 50 km-ə qədər uzadılır. Bütün layihənin tamamlanması üçün ümumilikdə 125 km dəmir yolu xəttinin inşası planlaşdırılır. Hazırkı 20 km-lik hissələrdə işlərin başa çatdırılması üçün 100-dən çox ixtisaslaşmış texnika və təxminən 300 işçi cəlb olunub. Layihə həmçinin 18 körpünün, Jetigen stansiyasında avtomobil keçidinin və müxtəlif ölçü və formalarda 49 su borusunun inşasını nəzərdə tutur ki, bu da 6,5 milyon m³ torpaq işləri tələb edəcək".