Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və işlətmə kafedrasının müəllimi, politoloq Nazim Cəfərsoy Türkiyə-Rusiya münasibətlərinin gələcək inkişaf perspektivləri ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

– Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsi ilə Türkiyə arasındakı yaşanan böhranın müvəqqəti olduğunu bildirib. Bu fikri nə cür şərh etmək olar?

– Rusiya XİN sözçüsünün bu fikri iki ölkə arasındakı mövcud gərgin münasibətlərin kritik, kuliminasiya nöqtəsindən geri dönüldüyünün təsdiqidir. Ancaq bu açıqlama o demək deyil ki, Rusiya-Türkiyə münasibətləri dərhal, günü sabahdan etibarən yaxşılaşacaq. Çox qısa müddətdə münasibətlərin yaxşılaşacağını gözləmək real deyil. Buna baxmayaraq artıq münasibətlərin ən gərgin dövrü arxada qalıb və hər iki tərəf hansısa problem çıxmasa, yavaş-yavaş, kiçik addımlarla münasibətləri normallaşdırmaq, tənzimləmək üçün müəyyən addımlar atacaq. Rusiyanın münasibətləri normallaşdırmaq istiqamətində daha yavaş addımlar atacağını düşünürəm. Çünki Moskvada hesab edirlər ki, Türkiyə tərəfi mütləq onlardan üzr istəməli, təyyarə olayında günahkar olanları cəzalandırmalı və Rusiyaya təzminat ödəməlidir. Türkiyə tərəfinin isə üzr istəyəcəyinə dair hələlik hər hansı işarə yoxdur. Ancaq ola bilər ki, önümüzdəki dövrdə münasibətlərinin normallaşacağına dair hər iki tərəfdən daha isti mesajların veriləcəyinin şahidi ola bilərik.

– Suriyada atəşkəs əldə edilməsi Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına hansısa töhfə verə bilərmi?

– Suriya məsələsinin diplomatik müstəviyə daha çox keçməsi, bölgədə atəşkəsin elan edilməsi, hərbi əməliyyatların daha çox İŞİD üzərində qurulması, eyni zamanda Rusiyanın öz hərbi-kosmik qüvvələrinin əhəmiyyətli bir hissəsini Suriyadan geri çəkməsi, daha məhdud miqyaslı hərbi əməliyyatlar həyata keçirəcəyini bəyan etməsi də, əslində, Türkiyə ilə Rusiya arasında Suriya məsələsi üstündə yaranan anlaşılmazlığı, yaxud narazılığı müəyyən mənada yumşalda biləcək məqam kimi qeyd oluna bilər. Bu mənzərədən baxdığımız zaman önümüzdəki dövrdə həm Suriya məsələsində, həm də iki ölkə arasındakı əlaqələr kontekstində Rusiya-Türkiyə münasibətlərində nisbətən gərginliyin azaldığı bir dövrə keçə biləcəyimizi söyləmək mümkündür. Amma yenə də iki ölkənin münasibətlərində hər an yeni bir böhranın meydana çıxması, xüsusən Türkiyənin terror təşkilatı elan etdiyi PYD ilə Rusiya arasında inkişaf edən əməkdaşlıq iki ölkə arasındakı problemli məqamın, gərginliyin bir az da gec həll olunmasına səbəb ola, xüsusən, Türkiyədə Rusiyaya qarşı inamsızlığı artıra bilər.

– Bu böhrandan tərəflərin gördüyü zərəri necə təsnifatlaşdırmaq olar?

– Böhrandan, əslində, hər iki tərəf önəmli dərəcədə zərər görüb. Məsələn, məsələyə siyasi zərərlər baxımından baxdığımız zaman görərik ki, böhran nəticəsində Rusiyanın bölgədəki manevr imkanlarında Türkiyə kartı müəyyən mənada zəiflədi. Çünki Qərblə, yaxud İranla münasibətlərdə Türkiyə kartı zaman-zaman Rusiyaya bölgədə daha geniş manevr etmək imkanları yaradırdı. Ancaq böhrandan sonra bu imkan ciddi şəkildə məhdudlaşdı. Eyni sözləri Türkiyə barədə də söyləmək mümkündür. Həm Qərblə, həm də İranla münasibətlərdə Rusiya faktoru Türkiyənin çoxtərəfli xarici siyasət aparmasına imkan yaradırdı. Hətta münasibətlər elə bir səviyyəyə gəlib çıxmışdı ki, artıq Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü məsələsi də zaman-zaman gündəmə gəlirdi. Rusiyanın da bu məsələyə o qədər soyuq baxmadığı ifadə edilirdi. Bu məqam iki ölkə arasındakı münasibətlərdə özünü ciddi şəkildə göstərir.

İqtisadi baxımdan Rusiya Türkiyəyə sanksiyalar qoysa da, bu sanksiyalar Rusiyanın özünə də ciddi şəkildə təsir göstərir. Türkiyənin Rusiyanın həm inşaat, həm turizm sektorunda, həm də tekstil sənayesindəki əhəmiyyətli rolu ciddi şəkildə zəiflədilməsi Rusiya iqtisadiyyatına zərər verdi. Çünki Rusiya iqtisadiyyatı bu gün yetərincə ciddi problemlərlə qarşı-qarşıyadır. Türkiyə ilə münasibətlərin gərginləşməsi də bu kontekstdə Rusiyaya iqtisadi nailiyyətlər gətirmir.

Türkiyə tərəfinin isə iqtisadi baxımdan daha çox zərər gördüyünü demək mümkündür. Çünki həm Türkiyənin turizm sektorunda rusların çox ciddi rolu var idi. Bu sektor hazırda ciddi sıxıntılarla baş-başadır. Həm də böhran meyvə-tərəvəz istehsalı ilə məşğul olan türk kəndlilərinə, sahibkarlarına ciddi sıxıntı verdi. Həmçinin Türkiyə Rusiyada inşaat sektorunda ciddi rola sahib idi. 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı infrastrukturun qurulmasında, həmçinin digər beynəlxalq layihələrdə, eyni zamanda dövlət səviyyəsində həyata keçirilən layihələrdə türk inşaat şirkətləri çox ciddi rola sahib idilər. Bu sahədə də müəyyən problemlər yaşandı. Müəyyən inşaat şirkətləri tenderlərdən çıxarıldı, qalibi olduqları tenderlər onların əllərindən alındı. Başqa türk şirkətlərinin ticarət imkanları məhdudlaşdırıldı, yaxud onların bir qismi Rusiyadan öz investisiyalarını götürüb getmək məcburiyyətində qaldılar. Bu da təbii ki, Rusiya-Türkiyə münasibətlərinə iqtisadi baxımdan ziyan vurdu.

– Son illərdə Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması sadə insanlar arasında da isti münasibətlərin yaranmasına səbəb olmuşdu, o cümlədən Türkiyə və Rusiya vətəndaşları arasında nikahların sayında artım baş vermişdi. İki ölkə arasındakı böhran ictimai baxımdan hansı problemlər yaradıb?

– Əlbəttə, iki ölkə arasında ictimai baxımdan da ciddi problemlər yaşandı. Həqiqətən də, son 20-25 il ərzində iki ölkə arasında ciddi əməkdaşlıq müstəvisi, münasibətlərin inkişafı ilə bağlı konsensus yaranmışdı. Ancaq bu proseslər Türkiyə ilə Rusiya arasındakı tarixi rəqabəti önə çıxardı. Bu da son illərdə yaranmış müsbət psixologiyanı, müsbət auranı ortadan qaldırdı, ona ciddi zərbə vurdu. Bunun yenidən meydana gəlməsi uzun bir zaman alacaq. Eyni zamanda rus-türk münasibətlərinin gərginləşməsinə erməni lobbisi də öz töhfəsini verdi. Xüsusən, Rusiyadakı erməni lobbisi Türkiyə ilə Rusiya arasındakı tarixi rəqabəti qıcıqlandırıcı, daha da alovlandırıcı mövqe ortaya qoydu. Bu da başqa bir məqam olaraq diqqəti cəlb etdi.

Hərbi münasibətlərdə də təyyarə olayından öncə də mövcud olan müəyyən soyuqluğun yaşanacağını təxmin etmək mümkündür. Ümumi nəticə olaraq demək mümkündür ki, hər iki ölkə bu gərginlikdən, xüsusən ikili münasibətlər kontekstində ciddi zərərlər gördülər. Əgər hansısa yeni gərginlik olmasa, önümüzdəki dönəmdə bu zərərlərin aradan qaldırılması prosesi yavaş da olsa, gedə bilər. Ancaq yenə qeyd etmək istəyirəm ki, bu, hər hansı yeni gərginliyin yaranmayacağı halda mümkün ola bilər.

Səxavət HƏMİD