“İndi Suriya problemi gündəmdədir və çox ciddi məsələdir. Vaxt keçdikcə, Qarabağ problemi arxa plana keçir. Sabah yeni qaynar ocaqlar yarana bilər. Belə proqnoz vermişəm ki, 5 ilə Yaxın Şərqdə ”kürd dövləti" yaranacaq. Onda nə edəcəyik? Kürdlər də bilavasitə ermənilərin müttəfiqidir. Dünya dəyişilir axı, hər bir məsələni gərək vaxtında həll edəsən. Yarımçıq qalan o qədər problem var ki. Ermənistan Azərbaycan ərazilərini zəbt edib, ona güldən ağır söz deyən yoxdur. ABŞ kürd dövləti yaratmaq istəyir".
Bunu qəzetimizə müsahibəsində politoloq Rasim Ağayev bildirib. Müsahibəni təqdim edirik:
- Dünən Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclası keçirildi. “Cənub Qaz Dəhlizi”nin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- “Cənub Qaz Dəhlizi” Azərbaycan üçün strateji baxımdan çox böyük əhəmiyyət kəsb edir. Bu layihə öz yerini tutsa, gələcəkdə geniş geopolitik ərazidə ölkəmiz üçün vacib rol oynayacaq. İran üzərindən sanksiyalar götürüləndən sonra beynəlxalq neft bazarına yenidən qayıdıb. İranın Azərbaycanla bu istiqamətdə əməkdaşlıq edəcəyi məsələsi gündəmdədir. Paralel olaraq ABŞ və Avropa Rusiyanı sanksiyaya məruz qoyub beynəlxalq oyundan çıxarmaq istəyir. Bu isə Azərbaycana pis təsir göstərə bilər.
- Ötən həftə Azərbaycan Prezidenti İranda səfərdə idi, iki ölkə arasında 11 mühüm sənəd imzalandı. İranla aparılan danışıqları nə cür qiymətləndirirsiniz?
- Azərbaycan Prezidentinin cəld tərpənərək İranla danışıqlara başlaması mühüm addım idi. İranla əvvəlcədən əməkdaşlıq əlaqələrimiz var idi. İndi faktiki olaraq İranla əməkdaşlıq siyasi səviyyəyə qədər qaldırıldı. Əlaqələr bu sürətlə davam etsə, ölkəmiz geniş beynəlxalq ticarət və enerji əməkdaşlığına qoşulacaq. Bu məsələdən kənarda qalmaqla böyük strateji səhvə yol verilərdi. Rəsmi Bakı dərhal müzakirəyə başladı, İranla çox əlamətdar sənədlər imzalandı. Sənədlərə müvafiq olaraq layihələrin icrası başlananda müsbət nəticələrin hamımız şahidi olacağıq.
- İran-Ermənistan-Gürcüstan qaz layihəsinin reallaşması məsələsi də gündəmdədir. Bu layihənin reallaşacağı ilə bağlı narahatlıqlar var...
- Avropa və ABŞ düşünür ki, nəyin bahasına olursa olsun, Ermənistanla Gürcüstanı beynəlxalq layihələrə cəlb etsin. Gürcüstanda Eduard Şevarnadzenin prezidentliyi dövründə vəziyyət olduqca çətin idi, hətta Azərbaycan Gürcüstana 1 milyard dollar pul bağışladı. Qərb regionu Rusiyanın təsiri altından çıxarmağa çalışırdı və indi də bu fikirdədir. Ancaq plan baş tutası deyil. Rusiyanın əhəmiyyəti və rolu dəyişilib. Bu məsələlər yeni mərhələyə qədəm qoyub. Qərb çalışır ki, İran vasitəsilə Ermənistanı da kommunikasiya şəbəkələrinə qoşsun. ABŞ məsələlərə konfensional nöqteyi-nəzərdən yanaşır, xristian ölkələrini dəstəkləyir və “kürd dövləti” yaratmaq niyyətindədir. Bu, böyük proyektdir. Bu layihə reallaşarsa, Ermənistanla Gürcüstanın əhəmiyyəti artacaq. Bu zaman Türkiyə, Azərbaycan İran zəifləyə bilər. Gürcüstanda olarkən İranla Ermənistandan keçən qaz borusu barədə müzakirələr aparıldığını eşitdim. Ancaq layihə 25 milyard dollar xərclə mümkündür və hesab edirlər ki, bu, çətin prosesdir. İstər-istəməz belə məqsədlər var və Ermənistan da çalışacaq ki, maliyyə məsələsini həll eləsin. Əslində, bu məsələ dolayısı ilə Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Azərbaycan tərəfi bu faktdan istifadə edərək deyə bilər ki, Ermənistanın beynəlxalq proyektlərdən kənarda qalmasının günahı özündədir. Ölkəmiz xarici dairələrdə bəyan edə bilər ki, ermənilər yürütdükləri xarici siyasət nəticəsində bütün əhəmiyyətli layihələrdən uzaq düşüblər. Azərbaycan beynəlxalq səviyyədə bu məsələni qaldırmaqla Ermənistanın yarıtmaz siyasətinə mane ola bilər. Ermənistan həm işğalçılıq siyasəti həyata keçirir, həm də beynəlxalq layihələrə qoşulmaq istəyir. Bu isə qeyri-mümkün olan şeydir.
- Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığını ifadə edib. Hətta həmsədrlər AŞPA sessiyasında Azərbaycanla bağlı qaldırılan qətnamə layihəsi ilə bağlı da bəyanat verərək sanki bu münaqişənin özlərinin kurasiyasında olduğunu dilə gətirdilər. Minsk qrupundan imtina ilə bağlı fikirlər də səsləndirilir. İndiki məqamda hansı addım atmalıyıq?
- ATƏT-in Minsk qrupu BMT-nin qərarı ilə yaranıb. Onun yaranmasında Azərbaycan çox böyük fəallıq göstərdi. Minsk qrupunun ABŞ-Rusiya-Fransa tərkibində münaqişəni həll edəcəyi hamıda şübhə doğururdu. Maraqlıdır ki, bu qrupun həmsədrləri erməniləri dəstəkləyən ölkələri təmsil edir. Belə olan təqdirdə Minsk qrupunun həmsədrləri ölkələrinin mövqeyindən uzaqlaşa bilmir. Gərək vasitəçilər qrupu neytral ölkələrin nümayəndələrindən ibarət olsun. Əgər Ermənistanın arxasında Rusiya və ABŞ durmasaydı və Avropa ona rəğbət bəsləməsəydi, məsələ çoxdan həll olunmuşdu. Fransa deyir ki, Fransa ermənilərin ikinci vətənidir. ABŞ barədə söyləyirlər ki, Birləşmiş Ştatların Konqresi ermənilərin tələsindədir, ermənilərin ən güclü diasporası oradadır. Qorbaçovun zamanında rəsmi Moskva hay-küy qaldırmışdı, estafet Boris Yeltsinə verildi. Yeltsini heç tanımırdıq, sərxoş idi və ermənilərlə əlbir idi. Üç legionerin birgə həmsədrliyi ilə problem dalana dirənib. Heç olmazsa, Türkiyə, Almaniya, Yaponiyanı həmsədr ölkələr sırasına salsaydılar, bərabərlik olmasa da, bitərəf mövqe nümayiş etdirərdilər.
- Zaman-zaman Türkiyə və Almaniyanın həmsədr ölkələr sırasına salınması məsələsi gündəmə gəlir, ortada isə real dəyişiklik yoxdur...
- Bu məsələ gündəmə gəlir, amma bir şey alınmır. Çünki BMT məsələni ATƏT-in Minsk qrupuna həvalə edib. Amerikalı həmsədr Ceyms Uorlik açıq-aşkar erməniləri dəstəklədiyini bəyan edib. Masaya qoyulan təkliflər də Ermənistan və Azərbaycan tərəfindən rədd olunub. Tərəflər ciddi danışıqlara hazır deyil. Ciddi danışıqların yolu ancaq kompromis yoludur. Azərbaycanın bundan artıq kompromisə yolu yoxdur, torpaqları gedib, 7 rayonu da Ermənistana bağışlamalıdır? Növbə Ermənistanındır. Xarici beynəlxalq tərəflərə çatdırmalıyıq ki, Ermənistana təzyiqlər olunsun. Məqam çatıb, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlara bəyan etmək lazımdır ki, Ermənistanın mühüm regional və beynəlxalq layihələrdə iştirakı üçün kompromisə getməlidir. Bundan ötrü əlverişli vəziyyət yaranıb. Ermənistan zəbt etdiyi rayonları qaytarsın, Qarabağın statusunu 5-10 ilə müzakirə edərik. Ermənistan silah gücünə hər şeyi həll etmək istəyir. Azərbaycanın ərazisi işğal olunub, dörddə bir hissəsi aqressiyaya məruz qalıb, 1 milyon nəfər qaçqın düşüb. Əgər problemin hərbi yolla həllinə imkan verilmirsə, Ermənistan da sülh yolu ilə razılığa gəlmək istəmirsə, deməli, başqa üsula əl atılmalıdır. Azərbaycanın öz növbəsində bu istiqamətdə istifadə edə biləcəyi təhlükəli silahı var. Azərbaycan zəngin ölkədir, biz erməniləri burada təhlükəsiz yaşamaları ilə bağlı inandırsaq, o zaman onlar da Azərbaycan vətəndaşları kimi rifah və demokratik şəraitdə yaşayacaqlar. Belə olan halda Qarabağ erməniləri də bizim mövqeyimizi dəstəkləyəcək, anlayacaqlar ki, nələri itiriblər. Münaqişənin əvvəlindən də hər kəs Ermənistanın tərəfində idi. Özümüzü aldatmayaq ki, bu istiqamətdə nə isə müsbət bir şey olub. Hər şey əvvəlki kimi qalıb. Həm Ermənistan, həm də Azərbaycana qarşı münasibətdə elastik siyasət yürüdülür. Yalnız geosiyasi vəziyyət dəyişib və Azərbaycan enerji və iqtisadi baxımdan bu mərhələyə təsir edə biləcək xüsusi gücə sahibdir. Azərbaycan xarici əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin nizama salması haqqında öz mövqeyini təqdim etmək üçün çox şeyə nail olub. Bunu inkar etmək absurddur. Yaxın gələcəkdə böyük dəyişikliklərin baş verəcəyi gözləniləndir. Eyni zamanda, Rusiya ilə Türkiyə arasındakı gərginliyin nə ilə nəticələnəcəyini də heç kəs bilmir.
- Yeri gəlmişkən, Yaxın Şərqlə bağlı proqnozunuzda problemlərin həll olunmaq əvəzinə daha dəhşətli şeylərin olacağını bildirmisiniz, nələr gözlənilir?
- Dünyada Dağlıq Qarabağ münaqişəsindən başqa problemlər var. İndi Suriya problemi gündəmdədir və çox ciddi məsələdir. Vaxt keçdikcə, Qarabağ problemi arxa plana keçir. Sabah yeni qaynar ocaqlar yarana bilər. Belə proqnoz vermişəm ki, 5 ilə Yaxın Şərqdə “kürd dövləti” yaranacaq. Onda nə edəcəyik? Kürdlər də bilavasitə ermənilərin müttəfiqidir. Dünya dəyişilir axı, hər bir məsələni gərək vaxtında həll edəsən. Yarımçıq qalan o qədər problem var ki. Ermənistan Azərbaycan ərazilərini zəbt edib, ona güldən ağır söz deyən yoxdur. ABŞ kürd dövləti yaratmaq istəyir. Suriya, İraq, İran, yoxsa Türkiyə ərazisində yaradacaq? Beynəlxalq Qüvvələr tərəfindən tanınmış ölkələrin bir çoxunu parçaladılar. İraq, Liviya, Tunis, Yəməndə, indi isə Suriyada bu plan davam edir. Həmin ərazilərdə yeni dövlət yaratmaq niyyətindədirlər. Kürdlərin lideri Şamoyan erməni soyadı götürüb, deyir bizim milli qürurumuz var, mübarizə aparırıq. Həmin şəxsə deyən yoxdur ki, necə mübarizə aparırsan? Sən terrorçusan, silahın var, kimlə mübarizə aparırsan?
Nərgiz Ehlamqızı