“Kalininqradda Rusiya prezidentinin köməkçisi ilə ABŞ Dövlət Departamentinin rəsmisi arasında qapalı görüş olub. Görüşdə məqsəd Ukrayna məsələsini müzakirə etmək, Rusiyanın Şərqi Ukrayna ərazisindən çıxmasına nail olmaq olub. Məncə, Moskva Krımı götürüb və bu məsələdə geri çəkilməyəcək. Amma Şərqi Ukraynadan geri çəkilə bilər. Rusiya Şərqi Ukraynadan geri çəkilməklə, Ukraynanın ərazi bütövlüyünü tanımaqla Qərbdən də özünə qarşı müəyyən addımların atılmasını gözləyə bilər. Konkret olaraq Rusiya Krımda hüquqlarının tanınmasına, sanksiyaların yumşalmasına nail olmaq istəyir. Hazırda bu ətrafda ümumi danışıqlar gedir”.

Bunu “Gündəlik Teleqraf”a müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Müsahibəni təqdim edirik:

- Ötən həftə ABŞ-ın vitse prezidenti Co Bayden gözlənilmədən Türkiyəyə səfər etdi. Bu səfəri qaçılmaz edən məqam nə idi və hansı məsələlər müzakirə edildi?
- Rusiya Suriyada fəallaşandan və əsas oyunçuya çevriləndən sonra bu məqam Amerikanı ciddi narahat etməyə başladı. Ona görə də, Amerika belə qənaətə gəldi ki, İraq və Suriyada kiçik sayda olsa da, hərbçi yerləşdirib hərbi baza yaratmaq lazımdır. Yəni Amerika İraq və Suriyada baza yaratmaq niyyətindədir və istəmir ki, Rusiyanın bu ərazilərdə təsirini artırmasını sadəcə müşahidə etsin. Lakin Amerika bunu etmək üçün Türkiyə ilə sıx əməkdaşlıq içində olmalıdır. Bu baxımdan düşünürəm ki, vitse-prezident Co Baydenin Ankara səfərinin qayəsi bu mövzunu müzakirə etmək olub. Bayden Suriya və İraqda hərbi baza yerləşdirəcəkləri təqdirdə Türkiyənin bu istiqamətdə hansı əməkdaşlıq edə biləcəyini də müəyyənləşdirmək istəyib. Üstəlik Türkiyənin özünün Şimali İraqda silahlı qüvvələri mövcuddur və son zamanlar Ankara Suriyada fəallaşmaq, Suriya sərhədinə nəzarəti maksimum artırmaq istəyir. Görünür, bu məsələdə Amerika ilə Türkiyə əməkdaşlığa başlayacaq. Lakin Baydenin səfəri zamanı Türkiyə rəsmilərini narahat edən məqam da nəzərdən qaçmadı. Co Bayden baş nazir Əhməd Davudoğlu ilə birgə keçirdiyi mətbuat konfransı zamanı PKK haqqında terrorçu təşkilat kimi danışarkən, onun törəməsi olan PYD barəsində heç bir fikir söyləmədi. Bu da, o mənaya gəlir ki, Amerika PYD-ni nəinki terror təşkilatı hesab etmir, hətta onunla əməkdaşlığa da razıdır. Bu da Türkiyəni ciddi narahat etdi. Çünki son məlumatlara görə, PKK məhz PYD-nin əli ilə bir neçə raket kompleksi əldə edib. Bu silahların isə Amerika istehsalı olduğu və PYD-yə verildiyi deyilir. Odur ki, əgər Amerika Suriya və İraq məsələsində Ankara ilə əməkdaşlıq etmək, dəstək almaq istəyirsə, bu həssas məsələyə diqqət etməlidir. Lakin hələ ki Türkiyə üçün həssas olan bu məqama diqqət etmir. Prezident Ərdoğanın açıqlaması da göstərir ki, onlar Baydenin məlum yanaşmasından narahatdırlar.

- Müzakirələrdə Suriyada türkmənlərin durumu və PKK məsələsi müzakirə edilə və anlaşma əldə oluna bilərmi?
- PKK məsələsinin çox müzakirə edildiyini düşünmürəm. Çünki uzun illərdir ki, türk ordusu və polisi həm ölkə daxilində, həm də ölkə xaricində PKK ilə ciddi mübarizə aparır. Amerika isə buna etiraz etmir. Amerika aydındır ki, bu mübarizədə Türkiyəyə dəstək verməz. Əslində, Ankaranın bu dəstəyə ehtiyacı da yoxdur. Türkiyə özü savaş aparır və PKK-nı neytrallaşdırmağa çalışır. Üstəlik də heç bir ölkədən dəstək istəmir. Ankaranın tələbi budur ki, heç bir dövlət bu işə qarışmasın və PKK-ya dəstək verməsin. Amerika PKK-nı terror təşkilatı hesab edir, Ankaranın bu təşkilata qarşı apardığı mübarizəni kənardan izləyir və müdaxilə etmir. Bu, Ankara üçün yetərlidir. İkinci məqama gəldikdə, ola bilsin ki, danışıqlar zamanı Ankara Suriyada türkmənlərin məsələsini qaldırıb. Rusiya və Amerika Suriyada kürdlərlə əməkdaşlıq edərək onların istəklərini nəzərə alırsa, türkmənlərin istəkləri, gələcək Suriyanın qurulmasında mövqeləri də diqqətə alınmalıdır. Hesab edirəm ki, ABŞ-ın vitse-prezidenti ilə müzakirələr zamanı Türkiyə rəhbərliyi bu məqamı onun diqqətinə çatdırıb. Ancaq hesab etmirəm ki, Amerika bu məqama gələcəkdə həssas münasibət bəsləyəcək. Amerikanın öz strategiyası var və buna uyğun olaraq regionda siyasətini yürüdür. Bu siyasətin mahiyyəti odur ki, Bəşər Əsəd devrilməli, İŞİD neytrallaşdırılmalı və mümkün şəraitdə kürdlərlə əməkdaşlıq edilməlidir. Amma türkmənlərin varlığı və gələcək istəklərinin Amerika tərəfindən nəzərə alınıb-alınmayacağını demək mənim üçün çətindir. Məncə, bu məsələyə dair Amerikanın mövqeyi ümumiyyətlə müəyyən deyil.

- ABŞ vitse-prezidenti İstanbulda olarkən Çin rəhbərliyi İrana səfər edir. Bunu necə qiymətləndirmək olar?
- Düşünmürəm ki, Baydenin Türkiyə səfəri ilə Çin rəhbərinin İrana səfəri arasında ciddi bağlılıq mövcuddur. İrana qarşı beynəlxalq sanksiyalar ortadan qaldırılıb. Amerika özü də buna razılığını ifadə edib. İran da bundan sonra dünyaya açılmaq istəyir. Çin rəhbəri də birbaşa İrana səfər etməyib. Bir neçə dövlətə səfəri çərçivəsində Tehrana gəlib. Onu da, nəzərə almaq lazımdır ki, hətta sanksiyalar zamanı İranla-Çin arasında böyük iqtisadi əlaqələr mövcud idi. Söhbət 10 milyardlarla dollar həcmində olan əlaqələrdən gedir. İranın ticarət partnyoru məhz Çindir. İran neftini Çinə satırdı. İndi iqtisadi embarqolar götürüldükdən sonra neftinin böyük hissəsini yenə Çinə satacaq. İmzalanan anlaşmaya görə, bu iki dövlət 10 ildə iqtisadi ticarət dövriyyəsini 600 milyard dollara çatdırmalıdır. Amma bu o demək deyil ki, sanksiyalardan sonra Tehran-Vaşinqton münasibətləri gərginləşə və ya Çin-İran əlaqələri Amerikada qıcıq yarada bilər. Əksinə, sanksiyaların götürülməsi ilə Amerika İranı oyundan kənar vəziyyətə saldı, İran-Rusiya müttəfiqliyini bir qədər zəiflətdi. Təsəvvür edin ki, indi İran Amerikadan dəyəri milyardlarla dollar olan mülki təyyarələr almaq istəyir. Çünki özünün mülki təyyarələri köhnə idi, sanksiyalar ona yeni təyyarə almağa imkan vermirdi. Köhnə təyyarələr isə qəzaya səbəb olurdu. İndi İran təyyarəni Rusiyadan deyil, Amerikadan alır. Çünki müasir təyyarəni ABŞ və Avropa Birliyi ölkələri istehsal edir. Odur ki, Baydenin Ankaya səfəri ilə Çin rəhbərliyinin Tehran səfəri arasında xüsusi bağlılıq yoxdur.

- İran prezidenti Həsən Ruhaninin Avropa səfərini necə xarakterizə etmək olar?
- Bu səfər vacib turdur. Çünki sanksiyalar aradan qaldırıldıqdan sonra Avropa ölkələri də İran bazarına can atırlar. Çünki bu böyük bazardır, İranın dondurulmuş 50-100 milyardı geri qayıdır. Tehran da istəyir ki, bu vəsaitlə müasir texnologiyanı ölkəsinə cəlb etsin. Odur ki, hər bir ölkə burada pay sahibi olmaq istəyir. Məsələn, sanksiyalar aradan qalxan kimi Qərbin iki böyük neft şirkəti İranla danışıqlara başladı. Məqsədləri neft kəşfiyyat işlərinə başlamaqdır. Hər bir Qərb ölkəsi İranda öz payına sahib olmaq istəyir. İran da çalışır ki, müasir texnologiyanı ölkəyə cəlb etməklə iqtisadiyyatını bir qədər gücləndirsin. Odur ki, Həsən Ruhaninin Avropa Birliyi ölkələrində keçirdiyi görüşlər həm İran, həm də Avropa üçün əhəmiyyətlidir.

- Bu gedişlər həm də İranın regional mövqelərini gücləndirir və regionda əsas oyunçulardan birinə çevirir...
- Bəli, belədir. Ancaq İran sanksiyalar dövründə də liderliyini qorumağa çalışırdı. Sanksiyalar olarkən də Suriyada önəmli rola malik idi. Səudiyyə Ərəbistanı ilə baş-başa gələrək bir sıra ərəb ölkələrində şiələri ayağa qaldırırdı. Sanksiyalar götürüldükdən sonra İranın imkanları bir qədər də artacaq. Ancaq burada bir məqam da var. Qərb İranı müəyyən bir çərçivədə saxlamağa çalışacaq. Əgər İran Qərblə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdırsa, bu zaman ABŞ-ın oyun qaydalarını qəbul etməyə məcbur olacaq.

- Bu oyun qaydaları nədən ibarətdir?
- Qonşu dövlətə hücum etmək, ayrıseçkilik yaratmaq və qızışdırmaq olmaz. Nüvə silahı yaratmaq olmaz və s. Buna riayət ediləcəksə, Qərb iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə və hətta İrana kreditlər verməkdə maraqlı olacaq. Yox, əgər oyun qaydalarına riayət edilməsə, İran kimisə hədələsə, güc nümayiş etdirsə, bu zaman sanksiyalar məsələsi yenidən gündəmə gələcək.

- İran-Türkiyə münasibətlərində indi hansı problemlər mövcuddur?
- Ciddi problem olduğunu düşünmürəm. Amma Suriya məsələsində fikir fərqliliyi var. Amma indi sanksiyalar aradan qaldırılıb, ola bilsin ki, bu iki dövlət arasında əlaqələr bir qədər də genişlənsin. Hətta mümkündür ki, Türkiyə kapitalı İranda daha çox təmsil olunsun. Bir sözlə, Suriya məsələsinə fərqli yanaşmalar olsa da, iqtisadi sahədə əməkdaşlıq genişlənə bilər.

- Bir çox mütəxəssislər iddia edir ki, artıq Suriya böhranının həlli mexanizmi işə düşüb. Siz bu haqda hansı düşüncədəsiniz?
- Demək çətindir. Yaxın günlərdə Avropada daha bir görüş keçiriləcək, ortaq məxrəcə gəlməyə çalışılacaq. Rusiya, Çin, İran, ABŞ və Avropa Birliyi ölkələri bu prosesdə iştirak edəcək. Amma Əsədin getməsi və ya qalması məsələsi aktuallığını itirməyincə fikir ayrılıqları dərində qalacaq.

- Rusiya ilə Amerika arasında məxfi danışıqların aparıldığı, əsas mövzunun Rusiyanın Ukraynanın şərq hissəsindən geri çəkilməsinin təşkil etdiyi deyilir. Bu nə dərəcədə ciddi informasiyadır?
- Bəli. Kalininqradda Rusiya prezidentinin köməkçisi ilə ABŞ Dövlət Departamentinin rəsmisi arasında qapalı görüş olub. Görüşdə məqsəd Ukrayna məsələsini müzakirə etmək, Rusiyanın Şərqi Ukrayna ərazisindən çıxmasına nail olmaq olub. Məncə, Moskva Krımı götürüb və bu məsələdə geri çəkilməyəcək. Amma Şərqi Ukraynadan geri çəkilə bilər. Rusiya Şərqi Ukraynadan geri çəkilməklə, Ukraynanın ərazi bütövlüyünü tanımaqla Qərbdən də özünə qarşı müəyyən addımların atılmasını gözləyə bilər. Konkret olaraq Rusiya Krımda hüquqlarının tanınmasına, sanksiyaların yumşalmasına nail olmaq istəyir. Hazırda bu ətrafda ümumi danışıqlar gedir.

- Sosial şəbəkələrdə xəbər yayılıb ki, Türkiyə Rusiyaya qarşı sanksiyalar hazırlayır. Bu nə dərəcədə ciddi iddiadır?
- Mən buna ciddi yanaşmıram. Siyasi müstəvidə gərginlik qalacaq. Ola bilsin ki, iqtisadi müstəvidə, xüsusilə, enerji sahəsində əməkdaşlıq davam etsin. Hələlik Rusiya Türkiyənin kənd təsərrüfatı mallarına embarqo tətbiq edir. İnanmıram ki, yaxın gələcəkdə bu ölkələr arasında siyasi istiləşmə və kontaktlar baş versin.

Nemət