“Səudiyyə Ərəbistanı Qərb koalisiyasının üzvüdür, İran isə Rusiya ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparır. Ölkələrdən biri İslamın sünni, digəri şiə məzhəbinə xidmət edir. Uçurumun dərinləşməsində məzhəb fərqliliyi xüsusi önəm daşıyır. Siyasi anlaşılmazılığın dini münaqişəyə çevrilməsi daha təhlükəlidir. Hesab edirəm ki, Ərəb Dövlətləri Liqası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu islam təşkilatları, ölkələri, siyasi və dini xadimləri məsələyə müdaxilə edib, tərəfləri sülhə dəvət etməlidir. Aydın məsələdir ki, yaxın perspektivdə sülh əldə olunmayacaq, amma münaqişənin dərinləşməsinin qarşısını almaq olar. Səudiyyə Ərəbistanı ilə yanaşı, Küveyt, Qətər, Sudan, Bəhreyn, Cibuti, İordaniya kimi ərəb ölkələri İrana qarşı çıxıblar. Türkiyə də bu məsələdə Səudiyyə Ərəbistanının yanında olduğunu bəyan etdi”.
Bunu qəzetimizə müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Müsahibəni təqdim edirik:
- Davos İqtisadi Forumu dünya üçün nə qədər əhəmiyyətlidir?
- Davos İqtisadi Forumu dünya ölkələrinin liderlərini, siyasətçilərini, jurnalistləri, iqtisadi kampaniyaların rəhbərlərini bir araya gətirən forumdur. Təbii ki, bu forum zamanı hər hansı bir qərar qəbul olunmur. Qətnamələr heç kimin üçün məcburi deyil. Burada söhbət fikir mübadiləsindən gedir. Dünyanın iqtisadi, maliyyə və bank sisteminin böhran keçirdiyi məqamda, dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda bu forum aktual səslənir. Düşünürəm ki, bu forumda tərəflər öz mövqelərini bildirəcək, fikirlərlə tanış olacaq, müzakirələrdə özləri üçün maraqlı nəticələr əldə edəcəklər. Bu forumun yaxşı xüsusiyyətlərindən biri odur ki, müxtəlif səviyyədə yüksək ranqlı şəxslər müzakirələrə qatılır, özlərinin gələcək iqtisadi inkişaf və sosial təminatları istiqamətində müəyyən açıqlamalar verir, öz ölkəsinin pul qazanmaq üçün cazibədar olduğunu ifadə edir, bundan da müəyyən nəticələr çıxarılır.
- Forumda iştirak etməklə dövlətlər öz ölkələrinə xarici investorları cəlb edə bilirlərmi?
- Sözsüz ki, cəlb edirlər. Bu forumda müxtəlif mövzularda panellər, dəyirmi masalar təşkil olunur, fikir mübadiləsi aparılır. Bu görüşlərin nəticəsində iri investisiyaların hansısa ölkədə iqtisadi sahəyə yatırılması ilə nəticələnə bilir. Burada biznesmenlər, kampaniya və firma rəhbərləri praktiki nəticələr çıxarır. Belə görüşlər ona görə təşkil edilir ki, müəyyən layihələrin yaradılması ideyası ortaya çıxarılsın. Həm enerji sektorunda, həm maliyyə-bank sistemində, həm də investisiyaların yatırılması istiqamətində addımlar atılır. Bir çox hallarda bu kimi müzakirələrin müsbət nəticələri olur.
- Azərbaycan neçə illərdir bu forumda aktiv iştirak edir, dövlət başçısı səviyyəsində təmsil olunur. Davos İqtisadi Forumunun Azərbaycana müsbət təsirləri ola bilərmi?
- Bu forumda Azərbaycan iki məqsəd ortaya qoyur. Birincisi, Azərbaycanın mövqeyi bildirilir. İkincisi, görüşlər nəticəsində iri kampaniyaların rəhbərləri, böyük dövlətlərin liderləri ilə müəyyən layihələr haqda danışılır, onların həyata keçirilməsi yolları müzakirə edilir. Azərbaycanın bu fonda addımlar atması istisna deyil. Azərbaycan neft və qaz ixrac edən dövlət olaraq iri ölkələr üçün hər zaman böyük maraq doğurur. Davosda iştriak edən Prezident İlham Əliyev bəyan etdi ki, neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkirik və bu, bizim iqtisadiyyatımıza müəyyən zərbədir. Lakin buna baxmayaraq, əhalinin sosial-iqtisadi vəziyyəti və rifahı üçün əlimizdən gələni də edirik. Prezident indiyə qədər görülən tədbirlərin konkret adını çəkdi, hansı istiqamətdə hansı addımların atıldığını qeyd etdi. Həmçinin bundan sonra nələrin ediləcəyi, hansı planların həyata keçiriləcəyi barədə açıqlama verdi. Bu, özü-özlüyündə forumda Azərbaycanın mövqeyini bildirməklə yanaşı, bu sahədə müxtəlif ölkələrdən investisiyanın alınması ilə bağlı əhəmiyyətli və faydalı addımdır. Bu mənada Davos İqtisadi Forumu Azərbaycan üçün əhəmiyyətlidir. Bizim gördüyümüz işlər bir sıra dövlətlər üçün çox maraqlı və əhəmiyyətli misal kimi qəbul edilə bilər.
- Forumda Azərbaycan dövlət başçısı bir müddətdən sonra neftin qiymətinin qalxacağına dair açıqlama verdi. İndiki durumda neftin qiymətlərində qalxmalar müşahidə edilə bilərmi?
- Neftin qiymətinin aşağı düşməsi və qalxması uzun illər ərzində tipik xarakter daşıyıb. Yəni dalğa formasında dəyişilən qiymətlər olub. Biz bilirik ki, 1970-ci illərdə neftin bareli 9-10 Amerika dollarına satılırdı. Sonradan qiymət 20 dollara qalxdı. Şübhəsiz ki, bu prosesin arxasında siyasi, iqtisadi və həm də geopolitik amillər var. Biz demirik ki, müəyyən ölkələr və iri dövlətlər neftin qiymətinin aşağı salınmasında çox maraqlıdır. Əvvəla, burada ilk olaraq siyasi məqam, siyasi alət var. Digər tərəfdən, biz görürük ki, Yaxın Şərqdə münaqişələr və müharibələr müşahidə olunur. Üstəlik də, böyük dövlətlər bu münaqişələrdə tərəf olaraq iştirak edir. Üçüncüsü, onu da müşahidə edirik ki, beynəlxalq münasibətlər sistemində Rusiya və Qərb arasında böyük miqyaslı geosiyasi qarşıdurma müşahidə olunur. Təbii ki, yaranan belə durumda Azərbaycan öz mövqeyini bildirir. Yəni əgər bu qiymətlər vaxtilə dəyişikliyə məruz qalmışdısa, qiymət bir neçə dəfə aşağı düşmüşdüsə, deməli, onun yenidən qalxması istisna deyil. Çünki neftin qiyməti siyasi, iqtisadi və geopolitik oyunlarla bilavasitə bağlıdır. Təbii ki, bu məqamlarda dəyişkən xarakter daşıyır və uzun illər stabil olmur. Bu baxımdan neftin qiymətində qalxmaların olmasını proqnozlaşdırmaq olar və bu, təbiidir.
- Rusiya ilə ABŞ arasında gedən qlobal rəqabətdən bəhs etdiniz. Bəs hazırda Vaşinqtonla-Moskva arasında məxfi müzakirələr aparılırmı? Rusiya mətbuatı iddia edir ki, belə danışıqlar Kalininqrad şəhərində baş tutub...
- Bəli. Bildiyim qədər ABŞ Dövlət Departamentinin rəsmisi Nuland Kalininqrad şəhərində Rusiya prezidentinin köməkçisi ilə müzakirələr aparıb. Nəzərə alın ki, geosiyasi qarşıdurma dövlətlər arasında gedir və bu proses hər iki tərəfə mənfi zərbə olur. Əlbəttə, mümkündür ki, bu zaman bir dövlətə zərbə daha çox dəysin, digərinə az. Lakin burada hər iki tərəf zərbə alır, itirir və s. Tərəflər bunu dərk edir. Odur ki, Amerika ilə Rusiya arasında müəyyən gizli danışıqlar gedir. Kalininqradda belə danışıqlar olub və media bu barədə məlumat yayıb. Ondan sonra biz gördük ki, İsveçrədə ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Lavrov arasında danışıqlar başlandı. Fikrimcə, bu danışıqlar, əsasən, iki məsələ ilə bağlıdır. Biri Yaxın Şərqdə gedən proseslər və Suriya böhranıdır. Tərəflərin bu məsələyə yanaşmasında mövqe fərqləri mövcuddur. İkinci müzakirə ediləcək məsələ isə Ukraynadır. Düşünmürəm ki, Moskva və Vaşinqton yaxın gələcəkdə bir araya gələ bilsin. Amma eyni zamanda onlar çalışırlar ki, ortaq məxrəcə gəlsin, kompromis əldə etsinlər. Heç olmasa hansısa qərar qəbul edilsin və bu, hər iki tərəfi qane edən qərar olsun. Çünki Amerika anlayır ki, Rusiya Ukraynada yaşayan rus əhalisinin müdafiəsindən əl çəkməyəcək. Rusiya da anlayır ki, ABŞ və Qərb rəsmi Kiyevə dəstək verəcək. Bu da, uzun müddət qarşıdurmaya səbəb olacaq. Ona görə də, indi bu məsələdə bir qədər çeviklik müşahidə edilir, tərəflər müəyyən kompromistlər axtarır. Hələlik tərəflər bir nəticəyə gəlməyib, onlar arasında danışıqlar uzun müddət davam edəcək. Lakin bunun nə ilə nəticələnəcəyi də bəlli deyil.
- Səudiyyə ilə İran arasında da anlaşılmazlıqlar davam edir. Bu prosesin sonunu necə görürsünüz?
- Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər kifayət qədər gərgindir və yaxın vaxtlarda aradan qalxacağını söyləmək çətindir. İki ölkə arasında uçurumun dərinləşməsi Yaxın Şərqdəki geosiyasi proseslərin məntiqi nəticəsidir. Səudiyyə Ərəbistanı Qərb koalisiyasının üzvüdür, İran isə Rusiya ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparır. Ölkələrdən biri İslamın sünni, digəri şiə məzhəbinə xidmət edir. Uçurumun dərinləşməsində məzhəb fərqliliyi xüsusi önəm daşıyır. Siyasi anlaşılmazılığın dini münaqişəyə çevrilməsi daha təhlükəlidir. Hesab edirəm ki, Ərəb Dövlətləri Liqası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu islam təşkilatları, ölkələri, siyasi və dini xadimləri məsələyə müdaxilə edib, tərəfləri sülhə dəvət etməlidir. Aydın məsələdir ki, yaxın perspektivdə sülh əldə olunmayacaq, amma münaqişənin dərinləşməsinin qarşısını almaq olar. Səudiyyə Ərəbistanı ilə yanaşı, Küveyt, Qətər, Sudan, Bəhreyn, Cibuti, İordaniya kimi ərəb ölkələri İrana qarşı çıxıblar. Türkiyə də bu məsələdə Səudiyyə Ərəbistanının yanında olduğunu bəyan etdi. Çünki Türkiyə Səudiyyə Ərəbistanı kimi Qərbyönümlü ölkədir və iki ölkə arasında yaxşı münasibətlər var. Səudiyyə Ərəbistanı-İran münaqişəsində, əlbəttə ki, Türkiyə birincini dəstəkləyəcək. Çünki İran Rusiyanın müttəfiqidir. Rusiya-Türkiyə münasibətləri göz qabağındadır.
Nemət