Əflatun Amaşov: “Onlar Azərbaycana qarşı böyük oyunların xırda elementlərinə çevrilirlər”

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov devalvasiya sonrası yaşanan proseslər fonunda medianın durumunu şərh edib. O, hökumətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək üçün QHT-lər tərəfindən verilən təklifi də dəyərləndirib.

- Əflatun müəllim, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları hökumətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək haqda qərar qəbul ediblər. İctimai nəzarətin təşkili üçün Mətbuat Şurası və QHT-lərin daxil olduğu Vətəndaş Cəmiyyəti Alyansı yaradılması təklif olunub. Bu təklifə münasibətiniz necədir?
- Əlbəttə, ictimai nəzarət indiki məqamda daha vacibdir. Bunun təşkilati baxımından hansı formada aparılması o qədər də önəmli deyil. Əsas odur ki, görülən iş effektiv olsun. Mətbuat Şurası mövcud istiqamətdəki fəaliyyətə dəstək göstərməyə hazırdır. Azərbaycanda kifayət qədər qeyri-hökumət təşkilatı var ki, işini məhz bu və ya digər dövlət qurumunun tədbirlərinə ictimai nəzarət üzərində qurur. Bu, onların Nizamnamə tələblərindən irəli gəlir. Azərbaycan dövlətinin də bununla bağlı konsepsiyası var. Konsepsiyaya uyğun olaraq hər il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lərə maliyyə yardımı göstərilir. İctimai təşkilatlar dövlət üçün prioritet sahələrə aid layihələr icra edirlər. Hazırkı vəziyyətdə bu işə daha səmərəli şəkildə yanaşmaq lazımdır. Hər bir ictimai təşkilat üzərinə götürdüyü öhdəlikləri qüsursuz icra etməlidir. Bu zaman istər-istəməz hökumətin fəaliyyətinə də ictimai nəzarət həyata keçirilmiş olacaq. Medianın işi də birbaşa ictimai nəzarət üzərində qurulub. Düşünürəm ki, son aylar bununla bağlı intensivlik hiss olunmaqdadır. Təbii, media orqanlarının mövcud istiqamətdə daha çevik işləmələrinə ehtiyac var. Ümumən, istər III sektor təmsilçilərinin, istərsə də IV hakimiyyət kimi medianın cəmiyyət həyatına təsiri artmalıdır. Bu, QHT-lərlə media orqanlarının birgə əməkdaşlığı şəklində baş verəcəksə, məsələ ancaq müsbət qiymətləndirilməlidir.

- Hazırda Azərbaycanda hökm sürən situasiya fonunda mətbuatın vəziyyətini necə qiymətləndirirsiniz? Media hadisələrə hansı prizmadan yanaşmalıdır?
- Media həssas olmalıdır. Əlbəttə, problemlər çoxdur və onların ictimaiyyətə çatdırılması vacibdir. Ona görə ki bu, həmin problemlərin həllinə diqqət yönəldiləcək, əlaqədar dövlət qurumları hərəkətə keçəcək. İkinci bir tərəfdən Azərbaycanda bir çox qüvvələrin maraqları var. Onlar əlverişli məqam axtarırlar ki, niyyətlərini gerçəkləşdirsinlər. Təbii, manatın ikinci devalvasiyasından sonrakı bahalaşma hər kəsə təsir göstərib. Bunu bilirik və son günlər yaşananlar göstərdi ki, vətəndaşları ən çox düşünən Prezident İlham Əliyevin şəxsində elə Azərbaycan dövlətinin özüdür. Dövlət başçısının tapşırıqları əsasında bir çox sahələrdə əsaslı islahatlara start verilib. Əminəm ki, gerçəkləşdirilməkdə olan tədbirlər əhalinin sosial vəziyyətində müsbət dəyişikliklər yaradacaq. Ancaq əmin deyiləm ki, narazılıqları az qala xalq üsyanı səviyyəsində qələmə verməyə çalışanlar, yerlərdə bunun üçün müəyyən iş aparanlar ölkəmizi Suriya və ya İraqın günündə görmək istəmirlər. Onlar bəlkə də, düşünməyərəkdən Azərbaycana qarşı böyük oyunların xırda elementlərinə çevrilirlər. Halbuki, bizə bir xalq olaraq indiki şəraitdə düşünmək və doğru qərar vermək daha vacibdir. Böhranlar hər bir cəmiyyətdə olur. Ancaq mən elə bir dövlət tanımıram ki, böhran şəraitində vətəndaşının əmək haqlarını, pensiya və müavinətlərini artırsın. Bəlkə də, artım əhalinin tələbatı baxımdan yetərli deyil. Ancaq bu, dövlətin öz vətəndaşının yanında olduğunun göstəricisidir. İstərdim ki, mediamız, elə vətəndaşlarımız da məsələyə öncə bu aspektdən yanaşsın. Media belə həssas məqamlarda hökumətin siyasətini lazım gələrsə, ən kəskin şəkildə tənqid də etməlidir. Ancaq tənqid mütərəqqi mahiyyət daşımalı, niyyət saflığına söykənməlidir, yalnız dövlətimizin və xalqımızın mənafeyini rəhbər tutmalıdır. Müstəqillik illərində dövlət aparatının formalaşdırılmasında və təkmilləşməsində xeyli nailiyyətlər əldə etmişik. Bu işlər imkan verməyib ki, kimsənin diqtəsini qəbul edək. Mürəkkəb coğrafi məkanda öz maraqlarımızı bəyan etmişik, prinsiplərimizdə israrlı olmuşuq. Əldə etdiklərimizi itirməyin vətəndaşlarımıza faydası olacaqmı? Bizə dövlət idarəçiliyinin iflic duruma düşməsi deyil, çevikliyi lazımdır. Diqqət yetirirsinizsə, görülən işlər də buna yönəlib. Hesab edirəm ki, hazırkı durumda vətəndaş dəstəyi daha vacibdir. Bunu isə media formalaşdırmalıdır. Media dövlət qurumları üzərində ictimai nəzarəti həyata keçirməli, prinsipial olmalıdır. Hansısa sahədə nöqsanlar varsa, çatdırmalıdır.

- Belə həssas məqamda internet medianın sosial şəbəkələrdə yayılmış köhnə videoları tirajlaması ilə bağlı hər hansı tədbir görülürmü?
- Mən məsələni bütövlükdə internet mediaya şamil etmək istəməzdim. Öz işinə vicdanla yanaşan internet informasiya resurslarımız da kifayət qədərdir. Sadəcə, internet məkanındakı münbitlik bu sahəyə yaxşılarla yanaşı pislərin də daxil olması üçün şərait yaradır. Hələ kimlərinsə yaxşı, yaxud pisliyini də bir kənara qoyuram. Ümumən cəmiyyətdə yaxşılar olduğu kimi, pislər də var. Hər kəs eyni cür ola bilməz. Amma prinsiplər və dəyərlər hamı üçün eyni olmalıdır. İnternetin sürətlə həyatımıza daxil olduğu dövrdə yaşayırıq. Bu dövrdə ənənəvi kütləvi informasiya vasitələri öz yerlərini internet KİV-lərə verir. Cəmiyyət üzvləri də informasiyaları əsasən internetin imkanlarından bəhrələnərək ayrı-ayrı saytlardan əldə edirlər. Bir sözlə ictimai rəy əsasən internet medianın hesabına formalaşır. Təbii, sosial şəbəkələri də yaddan çıxarmaq olmaz. Ayrı-ayrı sosial şəbəkə profillərində məqsədli şəkildə təxribatçı videolar yayımlanır. Bəzən elə olur ki, Azərbaycanda olmayan bir hadisəni ölkəmizdə baş vermiş olay kimi təqdim edirlər. Əlbəttə, bu, hətta cinayət müstəvisində baxılmalı olan spekulyasiyadır. Düşünürəm ki, bu sayaq mənfi meyillərdən qaçmaq üçün internet medianın, eləcə də sosial şəbəkələrin ictimailik dərəcəsi hüquqi münasibətlər sistemində ifadəsini tapmalıdır. Bu yolla konkret məsuliyyət müəyyənləşdirilməlidir. Mətbuat Şurasının sadaladığım məsələlərlə bağlı təklifləri var. Bu təkliflər internet medianın və sosial şəbəkə profillərində yayılmış informasiyanın hüquqi münasibətlər sistemində yer almasını nəzərdə tutur. Burada heç bir halda təməl insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından söhbət gedə bilməz. Əksinə hüquq və azadlıqların ifadəsi sivil müstəviyə keçəcək.

Nərgiz EHLAMQIZI