İqtisadçı ekspert Pərviz Heydərov Teleqraf.com-un suallarını cavablandırıb.
- Neftin qiymətinin ucuzlaşması və dövlətin gəlirlərinin azaldığı bir dönəmdə pensiyaların artırılması vətəndaşların sosial müdafiəsinə necə təsir göstərəcək?
- Manatın keçən ilin dekabr ayında 2-ci dəfə ucuzlaşması cari il üçün nəzərdə tutulan demək olar, bütün proqnoz göstəriciləri əhəmiyyətsiz etdi. Bu baxımdan da digər göstəricilərə “göz yummaq” mümkün sayılırdısa da, bilavasitə əhalinin yaşayış səviyyəsi ilə bağlı proqnoz göstəricilərinin reallıqdan kənar qalmasına heç cür neytral yanaşmaq olmazdı.
Pensiyaçılar isə əhalinin ən həssas təbəqəsidir. Və ölkədə əhalinin sosial müdafiəsinin təşkili və yaxud onun gücləndirilməsi ilk növbədə pensiyaçılarla bağlı tədbirlər həyata keçirməyi tələb edirdi.
Artıq, məlumdur ki, Prezidentin müvafiq fərman və sərəncamları ilə ölkədə əmək pensiyalarının baza məbləğləri, həmçinin bir sıra sosial müavinətlər 10 % artırılmışdır. Bunun həm keçən ilki bahalaşma səviyyəsini, həm də real olaraq dolanışıq vəziyyətinə artan təzyiqi nə dərəcədə konpensasiya edə biləcəyi barədə yalnız onu deyə bilərəm ki, bu, xüsusən, ötən ilki bahalaşma təsirlərindən sığortalanmaq üçün irəliyə doğru atılan mühüm addımdır.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkə başçısının əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya aiddir. Və söylənilən 10 % artım rəqəmi bəzi pensiyaçılar üzrə daha böyük məbləğdə ifadə olunacaq. Minimum isə baza məbləğləri 10 manat artacaq...
Yeri gəlmişkən, gözlənilir ki, əmək pensiyalarının həm də sığorta hissəsinin keçən ildəki inflyasiya səviyyəsinə uyğun olaraq hər il olduğu kimi indeksləşdirməsi də həyata keçiriləcək. Bu haqda Prezident İlham Əliyev hər il ayrıca sənəd imzalayır.
- Qarşıdakı aylarda dövlət büdcəsindən maliyyələşən bütün qurumlarda maaşların artacağını gözləmək olarmı?
- Artıq, ölkədə dövlət büdcəsi təşkilatlarında çalışan müxtəlif kateqoriyadan olan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşlarının 2016-cı il fevralın 1-dən etibarən orta hesabla 10 faiz artırılması haqda müvafiq sərancamlar imzalanıb. Dövlət başçımızın yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə də qeyd olundu ki, il ərzində əməkhaqqı və pensiyaların artırılması məsələsinə yenidən baxılacağı istisna deyi. Ancaq əlavə olundu ki, bu, maliyyə imkanlarına bağlı məsələdir.
Yəni, onu da nəzərə almaq lazımdır ki, sosial ödənişlərin artırılması nə qədər yaxşı olsa da, inflyasiya üçün əlavə təzyiq olmaqla bərabər, dövlət büdcəsindən də milyonlarla vəsait tələb etməkdədir. Büdcəmiz isə hələlik neftə bağlıdır. Onun qiyməti isə artıq 2 ilə yaxındır qeyri-qənaətbəxş səviyyədədir.
Odur ki, şəxsən bir iqtisadçı kimi hesab edirəm ki, manatın məzənnəsini və istehlak bazarında qiymətləri sabit saxlamaq mümkün olarsa, artımlara getmək o qədər də məsləhət deyil.
Maaş və pensiyaların ardıcıl artımı o zaman mümkün və məqsədəuyğun sayılır ki, qeyri-neft sektorumuzdan büdcəyə daxilolmalar buna tam cavab versin. Bu istiqamətdə isə hökumət tərəfindən ciddi islahatlara başlanmaq üzrədir.
- Unun idxalına qoyulmuş ƏDV-in aradan qaldırılması un və un məmulatlarının qiymətinin ucuzlaşmasına necə təsir göstərəcək?
- Çörək və digər un məhsullarının satış qiymətləri əhalinin sosial durumu üçün ən həssas və təsiredici əhəmiyyətə malik məsələdir...
Keçən ilin fevral ayının 21-də manatın dəyəri birinci dəfə aşağı salınandan sonra Azərbaycanda un məhsulları və çörək bahalaşmadı. Lakin istehsal xərcləri kifayət qədər "partlama" həddinə çatdı. Odur ki, dekabrda ikinci devalvasiya nəticəsində qiymətləri saxlamaq mümkün olmadı və ola da bilməzdi. Ona görə də hökumət vəziyyətə müdaxilə etməyə məcbur qaldı. Belə ki, ölkə Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixdən etibarən ƏDV-dən azad olundu...
Nəticədə qiymətlər bir ara 30-35 manata qalxmış olsa da, dərhal 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 23-24 manatadək endi. Bu isə çörəyin və un məhsullarının da bahalaşmasının qarşısını aldı.
Hazırda bizdə bu sahədəki qiymətlər qonşu ölkələr ilə müqayisədə ən aşağı səviyyədədir. Bu, sözsüz ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək baxımından, müsbət xarakter daşıyırdı...
Hesab edirəm ki, ölkədə taxıl məhsulu sarıdan da kifayət qədər ehtiyatın olduğunu nəzərə alsaq, qiymətlərin sabit qalması üçün hər cür əsas vardır.
- Struktur islahatları ilə bağlı müəyyən addımların atılmasına başlanıb. Bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdiriləcək, ya da ləğv olunacaq. İstərdim ki, struktur islahatlarına da münasibət bildirəsiz.
- Struktur dəyişikliklərinə dair bizdə indiyədək müxtəlif illərdə bir neçə dəfə müvafiq sənəd imzalanıb - bu və ya digər strukturun və orqanın yaradılması və yaxud da ləğvi istiqamətində addımlar atılıb. Ancaq təəssüf ki, ümumən, bütövlükdə götürdükdə bunlar idarəetmə orqanlarının sayının azalması ilə deyil, demək olar, ardıcıl artması ilə nəticələnib.
Odur ki, sözügedən dəyişikliklər islahatlar kimi yox, sadəcə olaraq, müvafiq "təkmilləşdirmə" xarakteri daşıyıb. Məsələn, ötən 10 illiyin əvvəlində Nəqliyyat Nazirliyinin yaradılmasını götürək... Hələ o zaman aydın deyildi ki, AZAL, Xəzər Dəniz Gəmiçiliyi, Dəmir yolu idarəsi kimi qurumlar adı çəkilən Nazirliyə görəsən, necə və hansı şəkildə tabe olacaqlar. Hazırda isə vəziyyət bundan ibarətdir ki, heç Bakı şəhəri üzrə nəqliyyat sistemi də artıq, bu qurumun tabeliyində deyil...
Sözüm bunda deyil... Təkcə, ASAN xidmətin yaradılması ilə sübut olundu ki, keyfiyyətli və operativ xidmət üçün heç də müxtəlif adda struktura və ayrıca orqanların mövcud olmasına ehtiyac yoxdur. Belə ki, konkret istiqamət üzrə məhz tələb olunan funksiyanı yerinə yetirmək kifayətdir. İndi problem ondadır ki, struktur islahatlarına başlamaq üçün hazırda vəziyyət olduqca qeyri-qənaətbəxşdir. Belə ki, nədən başlayasan, nəyi ləğv edəsən və bunu "ağrısız" necə həyata keçirəsən, məlum deyil. Dövlət büdcəsindən idarəetmə xərclərini təcili olaraq azaltmaq tələbi üzrə isə yanan "qırmızı işıq" artıq, yanıb sönmə rejimindən fasiləsiz rejimə keçib!
Ona görə də nə qədər çətin və riskli olsa da, buna başlamaq lazımdır və başlanmışdır da.. Yanvarın 18-də keçirilən müşavirədə dövlət başçısı da bildirdi ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Ümumiyyətlə, bu sahədə islahatın əsas hədəfi dövlət büdcəsindən idarəetmə xərclərini azaltnaqdan ibarət olmalıdır...
- Valyuta bazarının tənzimlənməsi üçün hansı addımlar atılmalıdır? Bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi nə dərəcədə əhəmiyyətlidir?
- Bu istiqamətdə artıq, müəyyən addımlar atılıb və atılır. Ümumiyyəylə, ölkəmizdə bütövlükdə keçən il və o cümlədən, son 1 ay ərzində ABŞ dollarına qarşı yaranan tələb heç bir məntiqə sığmır. Düzdür, bunu psixoloji amillər və ya panika və s. elementlərlə izah etmək mümkündür. Üstəlik, yaranmış vəziyyətdən istifadə edənlərin də təsirləri böyükdür... Ancaq heç cür ola bilməz və mümkün də deyil ki, tələb davamlı olaraq bu cür artsın.
Yəni, bu, istənilən halda qeyri-normal tendensiyadır.
Məsələ bundadır ki, qeyd olunan cəhətlərə qarşı mübarizə aparmaq və tendensiyanı çərçivələmək o qədər də çətin deyil... Və təkrar edirik ki, bu yöndə Mərkəzi Bank, o cümlədən, digər qurumlar az iş görmürlər. İstər AMB tərəfindən banklar qarşısında valyuta mübadiləsi zamanı vaxtaşırı olaraq müxtəlif tələblərin irəli sürülməsi, istərsə də bu sahədə qara bazarın yaranmaması üçün Daxili İşlər Nazirliyinin inzibati tədbirlər görməsini misal göstərmək kifayətdir...
Ancaq fikrimcə, ölkədən kapital axının qarşısını mütləq almaq lazımdır. Paralel olaraq da, əhalidə manata inam və etibar artırılmalıdır. Bunun üçün isə qanunvericilik yolu ilə bir sıra məhdudlaşdırıcı və stimullaşdırıcı tədbirlər həyata keçirilməsi mütləq şəkildə zəruri hesab olunur.
- Qeyd olunur ki, beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramı hazırlanmalı, bu işə xarici və yerli investorlar cəlb olunmalı, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühiti daha da yaxşılaşdırılmalıdır. Bununla bağlı nə deyə bilərsiz?
- Böhran vəziyyətlərində özəlləşdirmə vacibdir və tələb olunan çıxış yollarından biridir... Fikrimcə, ölkəmizdə özəlləşdirilməsi vacib olan sahələr və strukturlar kifayət qədərdir. Ümumiyyətlə, dövlət bir sıra sahələrdən öz üzərindən məsuliyyəti götürməlidir. Söhbət, o sahələrdən və strukturlardan gedir ki, onlar təbii inhisarlar da sayıla bilərlər. Belə ki, bir çox iri büdcə tədiyyəçilərinə dövlət büdcəsindən hələ də subsidiyalar verilir. Buna son qoyulmalıdır.
Eyni zamanda, Prezident də qeyd etmişkən, fəaliyyəti dayanmış – dağılmış müəssisələr az deyil. Bunlara investisiya tələb olunur. Özəlləşdirmə həm bu problemi həll edə bilər, həm də dövlət büdcəsinə xeyli vəsaitlərin cəlb olunması ilə nəticələnər.
Hesab edirəm ki, iqtisadiyyatımızda ödəmələr probleminin də həlli üçün bu, vacibdir. Bu baxımdan, məsələn, əhaliyə kommunal xidmət sahələri fikrimcə, tamamilə özəlləşdirilməlidir.
- Milli manata etimadın bərpası üçün hansı addımlar atılmalıdır?
- Manata etimadın bərpası ciddi prosesdir... Bayaq da qeyd etdik ki, bunun üçün qanunvericilik yolu ilə bir sıra məhdudlaşdırıcı və stimullaşdırıcı tədbirlər həyata keçirmək zəruri sayılır. Bura daxildir, bank sektorunda islahatların aparılması, əmanətlərin sığortalanmasını artırmaq, manatla depozit cəlbini stimullaşdırmaq, həmçinin dollarlaşmaya meylləri inzibati metodlardan da yararlanmaqla maksimum səviyyədə məhdudlaşdırmaq.
Əslində regionda ən dəyərli valyuta manatdır. Bunu sadəcə olaraq, anlamaq lazımdır. Burada əhalinin iqtisadi savad səviyyəsindən də çox şey asılıdır. Bu mənada, hesab edirəm ki, maarifləndirmə işlərindən də çox şey asılıdır və bundan istifadə edilməlidir. Manatın arxasında duran real məhsul həcmi Cənudi Qafqaza aid bizə qonşu olan heç bir ölkədəki ilə müqayisəyə gələ bilməz. Sadəcə, vətəndaşlarımızın yanaşmasından da çox şey asılıdır...
- Problemli bankların sağlamlaşdırılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması və digər bu kimi tədbirlər milli valyutaya olan inamı artıra bilərmi?
- Bank sektorunda konsolidasiya çoxdan tələb olunur. Təəssüf ki, bu istiqamətdə AMB tərəfindən radikal islahatlara və konkret addımlara rast gəlmirik. Bunlar əslində, neftin qiyməti sabit olan vaxt lazım idi və həyata keçirilməli idi.
Açıq etiraf etməliyik ki, bizdə mərkəzi bank olaraq AMB bank sektorunda ciddi və sərt islahatlar baxımından çox güzəştə gedib. Bunu banklara qarşı onun irəli sürülən müxtəlif tələblərdə bir neçə dəfə yumşalmağa gedilməsi də sübut edir.
Təbii ki, problemli banklar sağlamlaşdırılmasa, onların bəzisi ləğv olunub və yaxud digərlərinə birləşdirilməsi baş verməsə, manata münasibətdə əhalidə olan inamı da bərpa etmək mümkün olmayacaq.
Dövlət istiqrazlarının buraxılması isə ayrıca bir məsələdir. Bunu bank sektorunda tələb olunan islahatla əlaqələndirmək olmaz. Bu da vacib məsələdir... Hesab edirəm ki, əhalidə olan xarici valyuta həcmini bank sektoru vasitəsilə iqtisadiyyatın real sektorunu kreditləşdirməyə cəlb etməyin bir yolu da məhz bundan inarətdir.
- İpoteka bazarının səmərəliliyini artırmaqla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi mümkündürmü?
- Mövcud qlobal iqtisadi böhranın ölkəmizə kəskin təzyiqləri qarşısında dayanıqlıq nümayiş etdirmək üçün tələb olunan şərtlərdən biri də şübhəsiz ki, tikinti sektorunda canlanma yaratmaqdır.
Bu mənada, ipoteka kreditlərinin verilməyə başlandığı tarixdən, yəni 2006-cı ildən indiyə qədər sözügedən məsələ bu qədər böyük əhəmiyyət kəsb etməyib desək, yanılmarıq. Bunu son vaxtlar dövlət tərəfindən mövcud mexanizmin təkmilləşdirilməsi istiqamətində atılan addımlar da sübut edir.
Prezident İlham Əliyevin 2015-ci il 27 oktyabr tarixdə imzaladığı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqda Fərman buna bariz nümunədir. Prezidentin sözügedən Fərmanı sözsüz ki, mühüm əhəmiyyət daşıyır. Dövlət ipoteka vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsi üçün artıq, bilavasitə özü bazara nəzarət edə biləcək.
Məlumdur ki, hazırda adi ipoteka kreditləri maksimum məbləği 50 min manat olmaqla 25 illik müddətinə ildə 8 %-lə, ilkin ödənişi isə 20 % ilə, sosial (güzəştli) ipoteka isə maksimum yenə 50 min manat olmaqla 30 ilə, illik 4 %-lə, ilkin ödənişi isə 15 % təşkil etməklə verilir.
İpoteka ilə bağlı yeni Cəmiyyətin yaradılması əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatını müəyyən mənada tam ödəməyə və sözügedən kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanlarını asanlaşdırmaqla, ipoteka sistemini təkmilləşdirməyə və sadələşdirməyə imkan verməlidir.
Bütün bunlar özünü tikinti sektorunda canlanma ilə göstərməlidir. Ümumiyyətlə, ipoteka tikinti sektorunun inkişafına xidmət etməli və bunun vasitəsilə dövlət daşınmaz əmlak bazarına nəzarət etməli, hökumətin ipoteka sahəsində bütün tədbirləri öz effektiv nəticələrini məhz bu, istiqamətdə göstərməlidir. Tikinti isə canlanarsa, iqtisadiyyatda aktivlik də tezliklə bərpa olunacaq.
Ayxan