“Türkiyə ilə İran arasında ikitərəfli münasibətlərdə problem olmayıb. Biz qonşu və müsəlman ölkələrik. Demək olar ki, əlaqələr həmişə normal olub. Sadəcə, regional məsələlərdə, xüsusilə Suriyaya baxışlarda fərqli mövqelər mövcuddur. Bu da ölkələr arasında problemlər yaradıb. Ancaq hesab edirəm ki, heç bir ölkə problemləri dərinləşdirməməli, oturub söhbət etməli, mümkün qədər mövcud olan münasibətlərə ziyan vurmamalıdır. Təbii ki, İranla-Türkiyə arasında 10 milyarda qədər xarici ticarət dövriyyəsi var idi. Və danışıqlar gedirdi ki, 30 milyarda çatdırılsın”.
Bunu Teleqraf.com-a müsahibəsində İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani bildirib. Müsahibəni təqdim edirik:
- Uzun illərdən sonra İrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırıldı. Bunun İrana hansı təsirləri olacaq?
- Bu sanksiyalar İrana böyük ziyan vurmuşdu. Üstəlik, neftin satışının qarşısı alınmışdı. Eyni zamanda satılan neftin pulunu ala bilməmişdik, pul köçürmələrə embarqo qoyulmuşdu. Sözsüz ki, bütün bunlar son anda iqtisadi inkişafa mənfi təsir göstərirdi, inkişaf tempi, İrana sərmayə qoyuluşu azalmışdı. Təbii ki, indi sanksiyaların götürülməsi İrana müsbət təsir göstərəcək. İlk olaraq vaxtilə satılan, lakin embarqo nəticəsində götürülə bilinməyən maliyyəni götürmək olacaq. Bu da milyardlarla ölçülür. İkincisi, İran yaxın 6 ay müddətində gündəlik 500 min barel nefti dünya bazarına çıxaracaq. Bir il müddətinə qədər 1 milyon, daha sonra isə 3 milyon barelə qədər dünya bazarına neft çıxaracaq. Düzdür, əvvəlki illərlə müqayisədə indi neftin qiyməti 3 dəfə aşağıdır. Qiymətin düşməsi, şübhəsiz ki, ssenaridir, ola bilsin ki, bunu daha çox Rusiya və İrana qarşı ediblər. Əgər neft 100-80 ABŞ dolları olsaydı, bu imkandan bəhrələnmək daha çox olardı. Hər halda neftin qiyməti az olsa da, böyük şirkətlər İranda neftin çıxarılmasına maraq göstərəcəklər. Çünki bəzi yerlərdə neftin çıxarılması sərf etməyəcək. İranda isə neftin istehsalı 5 dollara başa gəlir. Əgər bir çox ölkələr neftin istehsalını sərf etmədiyi səbəbdən azaldarsa, bu zaman qiymətdə artım baş verə bilər. İndiki durumda İrana neft satmaq sərfəlidir. İranın qaz ixracatında güclü payı yoxdur. Yalnız Türkiyəyə qaz satır, eyni zamanda Türkmənistandan qaz alır. Bizdə qaz az istehsal olunur. Düzdür, İrandan Ermənistana da qaz satılır, amma bunun həcmi çox azdır. İrandan Naxçıvana da qaz gedir, bunun əvəzində də Bakıdan alır. Odur ki, qaz ixracı ehtimalı azdır.
- Ancaq İranın zamanında güclü sənayesi olub. Məsələn, sizin ölkə Avropaya xalı və fıstıq ixrac edib...
- Əlbəttə, sənayedə də xarici sərmayənin gəlməsi proqnozlaşdırılandır. Xüsusilə, kimya və digər istiqamətlərdə xarici sənayenin gəlməsi gözlənilir. Turizm istiqamətini xüsusilə qeyd etmək istəyirəm. Bu istiqamətdə də inkişaf gözləniləndir. İranda beş ulduzlu otellərin tikilməsi nəzərdə tutulur və buna böyük ehtiyac var. Həsən Ruhani prezident seçildikdən sonra son iki ildə turizmin inkişafı meyilləri müşahidə edilib və turistlərin də sayı çoxalıb. Sözsüz ki, bütün bu saydıqlarım bir gündə baş verə bilməz. Bunlar tədricən və zamanla olacaq. Hər halda axın başlanmalıdır ki, tədricən nəticəsi olsun. Sanksiyaların götürülməsindən sonra xarici bankların İrana gəlməsi müsbət haldır. Bütün bunlar işsizliyin azalmasına, istehsalın çoxalmasına, ixracatın irəli getməsinə səbəb olmalıdır. Dünya bazarında neftin qiymətinin azaldığını qeyd etdim. Ümumiyyətlə, neft ölkələri bu durumdan bəhrələnməli, indiki fürsətdən istifadə edərək neftdən asılılığını bir qədər azaltmalıdırlar ki, pis vəziyyətə düşməsinlər.
- Demək, bütün bunlarla paralel olaraq İran Qərbə yaxınlaşmaq xəttini tutacaq?
- Yox. İqtisadi məsələni ayırmaq lazımdır. İranın siyasəti belədir ki, İsraili çıxmaq şərti ilə bütün ölkələrlə əlaqələrini genişləndirsin. Avropa ilə iqtisadi, beynəlxalq sahədə və terrorizmə qarşı mübarizədə əməkdaşlıq edilməsi normaldır. Nüvə danışıqlarında razılığın əldə edilməsindən sonra İran regional proseslərə, Suriya böhranın həll edilməsinə cəlb olunur. Bu səviyyədə Avropa ilə əməkdaşlıq etmək olar. Amerika ilə bu tezliklə əlaqələrin yaranacağını görmürəm. ABŞ-la ikitərəfli əlaqələr yoxdur, əsasən, beynəlxalq səviyyədə mövcuddur. Məsələn, beynəlxalq təşkilatlar çərçivəsində, nüvə danışıqları zamanı, regional problemlərin həlli məsələsində, BMT-də su və hava problemləri ilə bağlı danışıqlar olur. Çünki bir çox məqamlarda dünyanın ümumi problemləri ilə bağlı danışıqlarda Amerika ilə yanaşı İran da təmsil olunur. Lakin ikitərəfli əlaqələrin yaranması tezliklə olmayacaq. Amma nüvə razılaşmasının müsbət təsiri var və qarşıdurma dayanıb. Avropa ölkələri ilə ikitərəfli əlaqələr var. İran prezidenti Həsən Ruhani bu ay Fransa və İtaliyaya səfərə dəvət edilib. Son 6 ayda biz gördük ki, Avropa ölkələrinin əksəriyyətindən İrana yüksək səviyyəli səfərlər oldu, nazirlər, yüksək ranqlı şəxslər Tehrana gələrək danışıqlar apardı, çalışdılar ki, sanksiyalar götürülən kimi müqavilələr imzalaya bilsinlər. Bu mənada münasibətlər inkişaf edir. Hesab edirəm ki, bu münasibətləri davam etdirmək lazımdır.
- İranın Avropa və gələcəkdə Amerika ilə münasibətlərinin inkişaf etdirməsi Tehran-Moskva əlaqələrinə necə təsir göstərəcək?
- Ümumiyyətlə, xarici siyasətdə balans olmalıdır. Əgər bizim Avropa ilə münasibətlərimiz yaxşı olmasa, Rusiya və Çindən asılı qalarıqsa, uduzarıq. Yox, əgər balans siyasəti olacaqsa, bu, İranın xeyrinədir. Əslində, burada milli mənafe söhbəti var. Hər bir ölkə baxır görür ki, hansı ölkə ilə hansı səviyyədə işləyə bilər. Məsələn, keyfiyyət, qiymət baxımından bir mal Rusiyada, yoxsa Avropa ölkələrində daha sərfəlidirsə, ordan götürülməlidir. Yəni bu o demək deyil ki, İran Rusiya ilə münasibəti var deyə özünə ziyan vursun, hansısa proyekti daha sərfəli tərəflə deyil, Rusiya ilə etsin. Burada kimin proyekti daha sərfəli və keyfiyyətlidirsə, onunla da etmək lazımdır. Regional məsələdə hansı ölkə ilə daha sərfəlidirsə, onunla da əməkdaşlıq dərinləşdirilməlidir. Bir sözlə, balanslaşdırma tempinə getmək lazımdır. Bu müddətdə Qərblə problemlərimiz olub, nəticədə də ziyan çəkmişik. Sanksiyaların tətbiqinin özü ziyan idi, biz hansısa malları baha almışıq və ya ala bilməmişik. Bütün bunlar milli mənafeyə ziyandır. Yəni xalqın cibindən gedib. Odur ki, belə hallara daha şərait yaratmamaq, hamı ilə əlaqələri milli mənafeyi əsas tutmaqla davam etdirmək lazımdır.
- Son zamanlar Tehran-Ankara münasibətlərində də problemlər özünü açıq büruzə verir. Münasibətlərin pisləşməsinə səbəb nədir?
- Türkiyə ilə İran arasında ikitərəfli münasibətlərdə problem olmayıb. Biz qonşu və müsəlman ölkələrik. Demək olar ki, əlaqələr həmişə normal olub. Sadəcə, regional məsələlərdə, xüsusilə Suriyaya baxışlarda fərqli mövqelər mövcuddur. Bu da, ölkələr arasında problemlər yaradıb. Ancaq hesab edirəm ki, heç bir ölkə problemləri dərinləşdirməməli, oturub söhbət etməli, mümkün qədər mövcud olan münasibətlərə ziyan vurmamalıdır. Təbii ki, İranla-Türkiyə arasında 10 milyarda qədər xarici ticarət dövriyyəsi var idi. Və danışıqlar gedirdi ki, 30 milyarda çatdırılsın. Məncə, region məsələləri və mövqelərin fərqli olması problem yaratsa da, tərəflər danışmalıdır ki, bu, münasibətlərə mənfi təsir göstərməsin. İrandan Türkiyəyə 2 milyon insan gedir, bu da milyardlarla pul deməkdir. Ticarət, sənaye sahəsində əməkdaşlıq məsələsi var. Üstəlik də regional təşkilatlarda təmsil olunurlar. Bu ölkələr bir-birinə yaxın olmalıdır.
- Hazırda İranla Səudiyyə Ərəbistanı arasında iqtisadi-siyasi əlaqələr faktiki dayandırılıb. Münasibətlərin gərginliyi göz önündədir və bunun müharibə fazasına keçmə ehtimalları da səsləndirilir. Sizcə, münasibətlər qaydasına düşəcək, yoxsa gərginlik davam edəcək?
- Səudiyyə də islam ölkəsidir və İranla qədimdən əlaqələri olub. Səudiyyə ilə də, əsasən, regional məsələlərdə mövqelər fərqlidir. Odur ki, münasibətlər indiki nəticəni ortaya qoyub. İndiki mərhələdə münasibətlərin kəsilməsinin günahı Səudiyyədədir. Onlar bəhanə axtararaq bu əlaqələri kəsib. Bu addımı atarkən ola bilsin ki, özləri üçün nəsə xeyirli bir mənafe görüblər. Amma bunun uzunmüddətli mənafelərinə xidmət edəcəyini düşünmürəm. Hətta bəzi fikirlər var ki, Aramko neft şirkətinin satışa çıxarılması məsələsi var, İranla da münasibətlərin kəskinləşməsi bununla bağlı olub. Xarici ekspertlər bu məqamı qeyd ediblər. Hər halda hesab edirəm ki, ər-Riyad Tehranda səfirliyə edilən hücumu bəhanə edərək münasibətləri saxlayıb. Lakin bu, əlaqələri dayandırmaq üçün əsas ola bilməz. İran dövləti Səudiyyə səfirliyinə edilən hücumu pisləyib, onu həyata keçirənlərin cəzalandırılacağı qeyd edilib. Əgər səfirliyə hücumu İran dövləti etsəydi, bu, münasibətləri dayandırmaq üçün əsas ola bilərdi. İran tərəfi səfirliklə bağlı yaşanan hadisəyə görə, təəssüf etdiyini qeyd edib. Vyana konvensiyasına əsasən, səfirliklərin qorunması hər bir dövlətin vəzifəsidir və İran da bunu qəbul edir. Səudiyyə bu faktdan bəhanə kimi istifadə etməməli idi. Bəzən deyirlər ki, münasibətlər çox pisdir, bu, müharibəyə çevrilə bilər. Mən bu ehtimala ciddi yanaşmıram. Səudiyyənin də daxildən ciddi problemləri mövcuddur. Yəmən məsələsində problem yaşayır, neft ucuzlaşdığına görə, 90 milyard dollara qədər büdcə xərci var və s. Bütün bunları nəzərə alaraq münasibətləri gərginləşdirməməlidir. İran da çalışır ki, regionda sülh və əməkdaşlıq olsun. İranın hər hansı bir ölkəyə hücum etmək fikri yoxdur. Ancaq başqa bir dövlət Səddam Hüseynin səhvini təkrar etsə, İran onun qarşısını almağa hazır olacaq.
Nemət