“Suriya probleminin kökünü müharibənin gedişatında axtarmaq lazım deyil. Suriya məsələsində səhnəarxası oyunçuların davranışlarına diqqət yetirmək lazımdır. Mən Rusiya prezidentini Putinin alman nəşrinə verdiyi müsahibəyə diqqət yetirməyi məsləhət görürəm. Müsahibəsində Putin Bəşər Əsədə sığınacaq verilə biləcəyini vurğulayıb. Yəni onsuz da, prosesin çözülməsində əsas məsələ Bəşər Əsədin siyasi fiqur olaraq meydanda olub-olmamasıdır. Bilindiyi kimi Suriyada münaqişə tərəfləri olan böyük dövlətlər Bəşər Əsəd məsələsində anlaşmaya gələ bilmirlər. Ancaq Putin müsahibəsində Əsədə sığınacağın verilməsini çətin olmadığı fikrini açıqlayır. Beləliklə, bu faktın baş verə biləcəyini istisna etmir. Bu, o deməkdir ki, artıq ictimailəşməsə də, danışıqlar masasında Bəşər Əsədin gələcək taleyi ilə bağlı məsələlər müzakirə edilir”.

Bunu Teleqraf.com-a müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. Müsahibəni təqdim edirik:

- Əli müəllim, İstanbulda baş verən partlayışın İŞİD tərəfindən törədildiyi qeyd olunur. Durumu necə qiymətləndirirsiniz?
- Bu hadisə insanlığa, bəşəriyyətə qarşı vandalizm aktı kimi qiymətləndirilməlidir. Qardaş ölkənin baş naziri Əhməd Davudoğlunun dünyaya səslənişi oldu. Hamıdan Fransada olduğu kimi Türkiyədə də baş verən vəhşilik aktına dünya miqyasında qiymət verilməsini istədi. Bu terror aktında əvvəlkilərdən fərqli olaraq tez bir zamanda terrorçunun kimliyi müəyyən olundu, bu haqda məlumat yayıldı. Fikrimcə, ilk olaraq aksiyanın özünə qiymət vermək vacibdir. Düşünülmüş olaraq Türkiyənin dövlət dayaqlarının laxladılmasına yönəldilən addımdır. Belə ki, canlı bomba funksiyasını yerinə yetirən terrorçu məqsədli şəkildə xarici turistlərin arasına girərək bunu törədib. Bu, Türkiyənin iqtisadiyyatına zərbə vurmaq məqsədilə nəzərdə tutulub. Türkiyənin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən turizm sektorunun zəiflədilməsi və sıradan çıxarılması məqsədilə törədilən və iqtisadi köklü aksiyadır. Türkiyəyə qarşı irəli sürülən iddialar da əsassızdır. Mən Rusiya rəhbərliyinin iddiasını nəzərdə tuturam. Cənab Putin Türkiyənin İŞİD-i maliyyələşdirməsi haqda iddiası bu aksiya ilə heçə endirildi. Açıq görünür ki, Türkiyə İŞİD-lə müharibə şəraitində olduğu səbəbindən bu kimi terror hücumlarına məruz qalır.

- Münasibətlərinin kritik olmasına rəğmən Moskva da Ankaraya başsağlığı verib. Bu, kəskin münasibətlərin aradan qaldırılması üçün ciddi addım ola bilərmi?
- Mən Rusiyanın bu davranışını müsbət hal kimi qiymətləndirirəm. Rusiya başa düşür ki, dünyada təklənir. Özünəməxsus diplomatik meyarlara uyğun olmayan davranış Rusiyanı nüfuzdan salır. Ona görə də bu addımı Kremlin siyasətinin korreksiyası hesab edirəm.

- Yaxın Şərqdə də durum gərgin olaraq qalır. İndi həm də Tehran-ər-Riyad qarşıdurması müşahidə olunur. Bu kəskin münasibətlər hansı nəticələr yarada bilər?
- Bu, kifayət qədər təhlükə potensialı yaradan qarşıdurmadır. Bu qarşıdurma hətta Suriya problemindən də mürəkkəbdir. Səudiyyə və İran islam aləminin iqtisadi, siyasi və hərbi baxımdan güclü dövlətlərdir. Hər iki dövlət islamda ciddi köklərə və dayaqlara malik məzhəblərin üzərində duran, onu yönlədirən dövlətlərdir. Bu baxımdan qarşıdurmanın potensialı Suriya məsələsindən daha təhlükəlidir. Dünya gücləri çalışmalıdır ki, bu prosesin qarşısı alınsın və qarşıdurma normal məcraya yönəldilsin. Mən BMT-nin xüsusi missiyasının bu məsələyə dərhal reaksiya verməsini xüsusilə qeyd edirəm. Eyni zamanda Rusiya və Türkiyənin bu qarşıdurmaya dərhal münasibət bildirməsini vurğulayıram. Hesab edirəm ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətləri qaydaya salınması işində ən ciddi tərəf olaraq Azərbaycan çıxış edə bilər.

- Niyə məhz Azərbaycan?
- Cənab Prezident son müşavirədə qeyd etdi ki, Azərbaycan həm İranla, həm də Səudiyyə Ərəbistanı ilə kifayət qədər, heç bir ölkədə olmayan münasibətlərə sahibdir. İran bizim qonşumuzdur, qardaş dövlətdir, həm də Səudiyyə aparıcı sünni dövləti kimi Azərbaycana öz müsbət münasibəti ilə fərqlənən ölkədir. Bu baxımdan qeyd etdiyim problemi yoluna qoymaq işində Rusiya və Türkiyədən daha çox Azərbaycan diplomatiyası mühüm rol oynaya bilər. Düzdür, hazırda bizim diplomatiyamız bu məsələdə passiv mövqe tutub. Lakin hesab edirəm ki, öz vasitəçiliyimizi təklif etməyimiz həm də ölkəmizin və dövlətin imicinə müsbət təsir göstərə, işin normal məcraya yönəldilməsində effektiv ola bilər.

- Səudiyyə ilə İran arasında münasibətlərin əvvəlki səviyyəyə gətirilməsi imkanları varmı?
- Belə imkanlar mövcuddur. Ola bilər ki, iki ölkə arasında münasibətlər sona qədər bərpa edilməsin, amma müəyyən qədər tərəflərin yumşalmasına gətirib çıxarsın. İkincisi, nəzərə almalıyıq ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər ilk dəfə deyil ki, belə formada kəskinləşib. İndiyə qədər bu kimi hallar bir neçə dəfə olub, tərəflər az qala münaqişədən müharibə fazasına keçəcəkdi. Məsələn, 1979-cu ildə buna bənzər insident yaranmışdı. O zaman bəzi şiə radikalların Məkkədə törətdiyi aksiya səbəbindən Səudiyyə ilə İran arasında münasibətlər pozulmuşdu. Ancaq bir neçə il sonra həyat göstərdi ki, dünya və şərtlər bu dövlətlər arasında normal münasibətlərin olmasını istəyir. Fikrimcə, ideoloji problemləri ikinci plana keçirilərsə, habelə Səudiyyədə baş verən edam aksiyasına ər-Riyad bir qədər fərqli münasibət ifadə edərsə, problem çözülə bilər.

- İndiki gərgin münasibətlər ərəb ölkələrində yaşayan sünni və şiə məzhəbinin tərəfdarları arasında qarşıdurmalara səbəb ola bilərmi?
- Əslində, bu konfliktin elementləri Suriya timsalında təzahür edir. Ancaq bunun inkişaf etməsi bütövlükdə islam dünyasına ziyandır, bu ölkələrin marağına uyğun deyil və inkişafın qarşısını alır. İslamdan kənar qüvvələrin bu işdə rolu az deyil. Bu səbəbdən islam dünyasının taleyinə və inkişafına cavabdeh olan tərəflər həmrəylik nümayiş etdirməli, qərar verən dövlətlər bu məsələdə ümumi maraqları qabartmaq üçün özlərində iradə tapmalıdırlar. Məzhəb fikir ayrılıqları dövlətlərin geri salınması, inkişafının qarşısını alınması üçün ciddi səbəbə çevirilməməlidir. Biz uzun müddət yaxın qonşumuz və tarixi köklərlə bağlı olduğumuz, habelə azərbaycanlıların ən çox yaşadığı dövlətin durumunu görmüşük. Uzun müddət İran-İraq müharibəsinin şahidi olmuşuq. Bunun nəticəsində hər iki dövlət zəif düşdü, inkişafdan geri qaldı. Bu müharibənin nəticəsində zəif düşən İraq bir neçə ildən sonra artıq dövlət kimi mövcud olmadı. İndi dövlət kimi onun formallığı qalıb. İran dövləti də bu müharibədə bir milyona yaxın şəhid verib, özü də müharibənin nəticələrinə qatlaşmağa məcbur olub, gerilələyib. Halbuki, həmin zaman həm İranı, həm də İraqı daha çox kənar qüvvələr-xristian dünyasına məxsus olan dövlətlər silahlandırırdı. Bu cür münaqişələr vaxtaşırı islam dünyasını əldə saxlamaq üçün başqa-başqa qüvvələr tərəfindən həyata keçirilir. Sadəcə olaraq islam dövlətlərinin müdrikliyi və proseslərdə təmkinli olması lazımdır. Onsuz da, geri düşəcəyimiz aydın olan bir prosesə baş vurulmamalıdır.

- Suriya böhranın həlli ehtimalı nə dərəcə realdır?
- Suriya probleminin kökünü müharibənin gedişatında axtarmaq lazım deyil. Suriya məsələsində səhnəarxası oyunçuların davranışlarına diqqət yetirmək lazımdır. Mən Rusiya prezidentini Putinin alman nəşrinə verdiyi müsahibəyə diqqət yetirməyi məsləhət görürəm. Müsahibəsində Putin Bəşər Əsədə sığınacaq verilə biləcəyini vurğulayıb. Yəni onsuz da, prosesin çözülməsində əsas məsələ Bəşər Əsədin siyasi fiqur olaraq meydanda olub-olmamasıdır. Bilindiyi kimi Suriyada münaqişə tərəfləri olan böyük dövlətlər Bəşər Əsəd məsələsində anlaşmaya gələ bilmirlər. Ancaq Putin müsahibəsində Əsədə sığınacağın verilməsini çətin olmadığı fikrini açıqlayır. Beləliklə, bu faktın baş verə biləcəyini istisna etmir. Bu, o deməkdir ki, artıq ictimailəşməsə də, danışıqlar masasında Bəşər Əsədin gələcək taleyi ilə bağlı məsələlər müzakirə edilir. Üstəlik Bəşər Əsədin yaxın müttəfiqi olan Rusiya onun siyasi meydandan çəkilməsinin mümkünlüyü dilə gətirir. Odur ki, hesab edirəm ki, Suriya probleminin çözülməsi mümkündür. Ən azı Suriyada silahların susması və humanitar fəlakətdən qaçmaq baş verə bilər. Məncə, bu il Suriya hakimiyyətinin və müxalifətin iştirak edəcəyi beynəlxalq təmaslar zamanı prosesin həllinə start veriləcək. Hər halda bu il Suriyada böhranın həll ediləcəyinə ümid edirəm.

- Siz yeddi partiya siyasi blok yaratmaq istəsəniz də, baş tutmadı. Əvəzində siyasi partiyaların əməkdaşlıq mərkəzi yaratdınız, partiyaların bir-birinin qarşısında hər hansı bir öhdəçiliyi yoxdur. Sizcə, bu real nəticədir?
- Biz cəmiyyətə birliyin mümkün olması nümunəsini təqdim etdik. Qeyd edim ki, həm hakimiyyətin, həm də beynəlxalq təşkilatların hesabatında bizim qurduğumuz “Azadlıq-2015” seçki bloku bir nümunə kimi dilə gətirilirdi. Seçkidən sonra potensialımızı qorumağımız cəmiyyətə konsolidasiya üçün bir mesajdır. Biz öz nümunəmizlə hamının bir yerdə olmasının mümkünlüyünə dair mesaj veririk. Hesab edirəm ki, bu təmərküzləşmə genişlənə bilər. Növbəti mərhələdə daha böyük birliyin şahidi olacağıq.

- Müxalifətin yanvarın 24-də konfrans keçirəcəyi haqda məlumatlar doğrudurmu?
- Xeyr. Məndə bu barədə məlumat yoxdur. Ancaq biz müttəfiqlərimizlə birlikdə yanvarın 15-də dəyirmi masa keçirməyi planlaşdırırıq.

Nemət