“Bu, hər iki tərəf üçün bir şansdır. Münasibətlərdə ciddi irəliləyişlər ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda anti-Amerika ab-havası yavaş-yavaş səngiməkdədir. Bu, bir növ həmin məsələlərə aydınlıq gətirəcək və işıq salacaq. Azərbaycan nüvə dövləti olmasa da, strateji baxımdan Qafqazda mühüm bir dövlətdir, söz sahibidir. Həm də, bütün transmilli layihələrdə Azərbaycanın rolu danılmazdır. Azərbaycan regionun ən əhəmiyyətli layihələrini gerçəkləşdirən bir dövlətdir”.
Bunu qəzetimizə müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib. Müsahibəni təqdim edirik:
- Cümşüd bəy, İran-Səudiyyə Ərəbistanı arasında müşahidə edilən gərgin diplomatik-siyasi münasibətləri necə qiymətləndirirsiniz?
- İranla Səudiyyə arasında yaşanan gərginliyin tarixi yeni deyil. Hələ 2011-ci ildə bu qarşıdurma var idi. Bundan öncə də qarşıdurma müşahidə edilirdi. Konkret olaraq Səudiyyədə sələfiliyin yayılması İranı ciddi narahat edirdi. Əgər dünyada İran şiə dini məzhəbin dayağıdırsa, Səudiyyə də sünniliyin sələfi qolunun dayağıdır. Səudiyyənin şərq hissəsində şiələr yaşayır. Bu şiələr Səudiyyənin neft ehtiyatı olan ərazilərdə daha çoxdur. Onların lideri ayatullah əl-Nimr 2011-ci ildə ilk mitinqlərə cəhd etdi. Səudiyyə də şəriət ölkəsi olduğu üçün mitinqləri qadağan etdi. Burada fəaliyyət göstərən dini polis kütləvi tədbirlərin keçirilməsini məqbul hesab etmirdi. Lakin əl- Nimr tələb edirdi ki, Səudiyyə krallığı islahatlara getsin. Yəni bu iki ölkə arasında qarşıdurmanın tarixi yeni deyil. Sadəcə olaraq indi bu qarşıdurma yeni müstəviyə keçib.
- Yeni müstəviyə keçməsinə səbəb nə oldu?
- Səudiyyə birmənalı şəkildə Böyük Britaniyanın nəzarətindədir. Bu qarşıdurma olsa da, indiki mərhələdə qəfildən gündəmə gəldi. Əl-Nimr üç il idi ki, həbs edilmişdi. Onu yanvarın əvvəlində ona görə edam etdilər ki, bu dövrdə İran beynəlxalq izolyasiyadan çıxaraq neftini satmağa start verdi. Bu da, İngiltərə üçün sərfəli deyildi. Odur ki, İngiltərə öz protektoratı olan Səudiyyə vasitəsi ilə İranın qarşısını almaq planını gündəmə gətirdi. Başqa sözlə, Nimrinin edam olunması ilə qarşıdurma növbəti fazaya keçdi. Çox təəssüflər olsun ki, bu müstəvidə yenə də müsəlman müsəlmanla qarşı-qarşı qoyulub. Özü də, hər iki dövlət terroru dəstəkləyib və bu məqamı diqqətdən qaçırmaq olmaz. Səudiyyə hazırda Yaxın Şərqin bəlası olan İŞİD-i, bundan öncə isə Əl-Qaidə və Talibanı maliyyələşdirən dövlətdir. Hər iki dövlətdə dini terrorizm güclüdür.
- Qarşıdurma müharibə variantına keçə bilərmi?
- Bu, istisna edilmir. Hazırda Səudiyyə ilə yanaşı Qətər, Bəhreyn də Tehrana qarşıdır. Yəməndə İran səfirliyini bombalamaq yeni müharibə çalarlarının gündəmdə olmasına işarə edir. Nəzərə alsaq ki, Yəmən uzun müddətdir ki, Səudiyyəyə qarşıdır, bu, o deməkdir ki, Qərbin Yaxın Şərqdə görmək istədiyi müsəlman qarşıdurması yarandı. Bu iki ölkədə həm də islam xurafat və fundamentalizm çərçivəsindədir. Bu qarşıdurma hələ çox qanlar tökə bilər.
- Yeni münaqişə ocaqları yarana bilərmi?
- Yarana bilər. Bilirsiniz ki, dünyada 3 tayfa dövləti var. Səud tayfası Səudiyyədə, Haşimilər İordaniyada iqtidardadır. Bir də Lixtenşteyn krallığı var. Səudiyyə yeganə teokratik dövlətdir, yəni mütləq monarxiyadır. Burada bütün qaydaları bir ailə müəyyən edir. İran dini dövlət olmasına baxmayaraq, nisbətən demokratikdir. Çünki İranda parlament var, hökumət bir ailə üzvlərindən ibarət deyil. Səudiyyədə kral ailəsinin qəbul etdiyi qərar daha çox bir adamın düşüncə tərzinə xidmət edir. İranın isə dövlətçilik təcrübəsi çoxdur. Səudiyyənin dövlətçilik təcrübəsi 1744-cü ildən bu yanadır. Səudiyyənin müharibə təcrübəsi də yoxdur. Dünya neft resurslarının dörddə biri Səudiyyədədirsə, ondan sonra Rusiya və İran gəlir. İran izolyasiyada qaldığı zaman iqtisadiyyatına nəzarət edə bilirdi. Səudiyyə isə bunu edə bilməyəcək, çünki büdcənin 75-80 faizi neftdən formalaşır. Fikrimcə, Qərb dövlətləri Səudiyyəyə silah satacaqlar, onu qızışdıracaqlar. Bu qızışmadan sonra Səudiyyə müharibəni gündəmə gətirsə çökəcək. Yeri gəlmişkən, Səudiyyə bir dəfə Qüdsü geri istədi və uduzdu.
- İndiki gərginlik Suriya probleminə necə təsir edəcək?
- Suriya böhranına birbaşa təsir edəcək. Çünki İŞİD-i maliyyələşdirən Səudiyyə və Qətərdir. Yəməndə İran diplomatik binasının vurulması artıq qalmaqala çevrilib. Proseslər yeni müstəviyə keçəcəyi təqdirdə İŞİD-i maliyyələşdirmək çətin olacaq. Üstəlik İranın müttəfiqi Rusiyadır. Rusiya da Suriyada öz işini görür, həm də Səudiyyəyə qarşı mənfi münasibətdədir. Çünki hələ 1970-ci illərdə Səudiyyə neftin qiymətini aşağı salmaqla SSRİ-ni çökdürüb. İkinci dəfə 1990-cı ilin axırlarında buna gedildi və Rusiya Federasiyası çox zəiflədi. İndi isə üçüncü dəfə bu addıma gedir. Odur ki, Rusiya bütün bunların cəzasını Suriya üçün kəsməlidir. Ona görə də, Rusiya Suriyadakı fəaliyyətini gücləndirəcək. Rusiyanın hərbi kəşfiyyat idarəsinin rəhbəri də ərəblər tərəfindən öldürülüb. Çünki bu şəxs Livanda öldürülüb. Görünən budur ki, Yaxın Şərqdə müharibənin qızışması Rusiyanın da maraq dairəsindədir. Həm də, bu məsələdə Qərbin və Rusiyanın maraqları üst-üstə düşür. Bu, eyni zamanda Səudiyyə Ərəbistanının çökdürülməsinə xidmət edəcək. Səudiyyə bildiyiniz kimi OPEK-in aparıcı və lider dövlətidir. Həmçinin dünya neft bazarında əsas söz sahibidir. Əgər bu ölkə müharibəyə cəlb ediləcəksə, deməli, avtomatik neftin qiymətində qalxma müşahidə olunacaq. Üstəlik ər-Riyad çalışacaq ki, öz xərclərini qapatmaq üçün daha çox neft satsın. İndi görünən budur ki, dünya bazarında neftin qiymətinin qalxmasının yeganə yolu Səudiyyə Ərəbistanının müharibəyə cəlb olunmasıdır. Bu, həm də Suriyanın qurtulması deməkdir. Doğrudur, vaxtilə Ərəb Liqasını Səudiyyə Ərəbistanı formalaşdırıb. Lakin görünən budur ki, yeni bir istiqamət formalaşa bilər və bu istiqamət Misirin rəhbərliyi ilə irəli aparıla bilər. Çünki ərəb coğrafiyasında ən çox əhalisi olan dövlət Misirdir. Misirin arxasında Rusiyanın durması ilə yeni istiqamət formalaşdırıla bilər. Nəzərə almalıyıq ki, hazırda 22 ərəb dövləti var. Bu da, balaca rəqəm deyil.
- Bir çox dövlət başçıları Vaşinqtonda IV Nüvə sammitinə dəvət edilib. Azərbaycan dövlət başçısı da bu tədbirə dəvətlidir. Bu barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, çox mühüm dəvətdir. Bu, Azərbaycan-Amerika münasibətlərinin daha da sıxlaşdırılması baxımından yaxşı fürsətdir. Amerika Azərbaycanı sınağa çəkdi və gördü ki, Azərbaycan bütün hallarda müstəqil siyasət yürütməyə çalışır, eyni zamanda qonşularla problem yaratmaq istəmir. Amerika da çalışırdı ki, Azərbaycan Rusiya və İranla qarşıdurmada olsun. Lakin bu, Azərbaycana sərf eləmir. Üstəlik də, Amerika digər həmsədr ölkələr kimi Qarabağ problemini Azərbaycanın xeyrinə həll etmək istəmədi. Beləcə, təbii olaraq Azərbaycanda anti-Amerika əhval-ruhiyyəsi formalaşdı. Amerika super dövlətdir, güclü kəşfiyyat orqanlarına malikdir. Yəqin ki, onlar müəyyən təhlillər apardılar. İndi də sübut etmək istəyirlər ki, Amerika dövləti senatorların hazırladığı layihəni dəstəkləmirlər. Amerika qanunvericiliyinə görə, qəbul edilən qanun prezident tərəfindən imzalana da, imzalanmaya da bilər. Odur ki, ABŞ prezidenti Barak Obamanın bu dəvəti tamamilə yeni bir istiqamətdir. Təbii ki, Azərbaycan hər bir dövlətlə bərabərhüquqlu əməkdaşlığı dəstəkləyir. Ola bilsin ki, Azərbaycanda “Amerikanın uşaqları”nın bir hissəsi azad edilsin. Baxmayaraq ki, onlar siyasi məhbus deyillər. Yəni ideyalarına görə deyil, törətdiyi konkret əməllər səbəbindən həbsdədirlər.
- Amerika-Azərbaycan münasibətlərində yaranan müəyyən problemlər aradan qaldırıla bilərmi?
- Bu, hər iki tərəf üçün bir şansdır. Münasibətlərdə ciddi irəliləyişlər ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda anti-Amerika ab-havası yavaş-yavaş səngiməkdədir. Bu, bir növ həmin məsələlərə aydınlıq gətirəcək və işıq salacaq. Azərbaycan nüvə dövləti olmasa da, strateji baxımdan Qafqazda mühüm bir dövlətdir, söz sahibidir. Həm də, bütün transmilli layihələrdə Azərbaycanın rolu danılmazdır. Azərbaycan regionun ən əhəmiyyətli layihələrini gerçəkləşdirən bir dövlətdir.
- Neçə vaxtdır ki, Ankara-Moskva arasında kəskin diplomatik münasibətlər var, Rusiya faktiki Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Bu münasibətlərin 2016-cı ildə yumşalması və düzəlməsi realdırmı?
- Fikrimcə, Türkiyə gərək belə bir addım atmazdı, bir qədər də səbir nümayiş etdirərdi. Cənab Ərdoğan özü də başa düşür ki, Türkiyə təkcə türk dünyasının deyil, ərəb dünyasının da liderinə çevrilirdi. Bu da, İsrail və Amerikaya sərf etmirdi. Odur ki, çalışdılar ki, Avropa İttifaqına üzv olacağı vədi ilə Türkiyəni tələyə salsınlar. Hazırda Türkiyəni tələyə saldılar və indi də tələdən çıxa bilmir. Son 400 ildə Rusiya ilə Türkiyə arasında 10 müharibə olub, bunun birinci dördünü türklər udub, digər altısını isə uduzublar. Əlbəttə, indiki qarşıdurmada Rusiya da itirəcək, lakin Türkiyənin itkiləri daha böyük olacaq. Türkiyə hazırda PKK ilə mübarizə aparır, bu terror təşkilatına Türkiyəyə düşmən ölkələr dəstək verəcək. Rusiya ilə ara dəyəndən sonra Türkiyədə biznes zəifləyəcək. Turizm, tekstil sənayesi, kənd təsərrüfatı zərər görəcək. Çünki bu mallara Avropada yer yoxdur, Rusiya isə böyük bazar idi. İndi Türkiyə bu bazarı itirdi. Azərbaycan isə əlbəttə, səhvləri və düzləri ilə Türkiyənin tərəfindədir. Rusiya-Türkiyə münasibətlərinin bu həddə çatmasında qalib tərəf olmayacaq, lakin nisbətən uduzan Türkiyə olacaq. Rusiyanın problemləri çoxdur, amma Türkiyə bu bazarı əldən çıxarmamalı idi.
Nemət