“Rusiyanın İranla münasibətləri yaxşıdır. Söhbət dövlətlərarası münasibətlərdən gedir. Lakin mənə elə gəlir ki, Kremldə sünni-şiə məsələsinə bir o qədər diqqət yetirmirlər, bunun dərinliyinə varmırlar. Onlar hesab edirlər ki, müsəlman elə müsəlmandır. Sadəcə olaraq Rusiya ilə İran arasında son 10-15 ildə münasibətlər çox istidir, birgə proyektlər, ticarət var. Digər tərəfdən, İranın Rusiyaya yaxınlaşması Kreml üçün əhəmiyyətli məsələdir. Moskva bununla həm də regionda öz mövqelərini möhkəmləndirir. Nəzərə alın ki, son illərdə Rusiyanı bir sıra regionlardan sıxışdırıb çıxarıblar. İranın Rusiya ilə birlikdə Suriya məsələsində aktiv olması, həm də, eyni mövqeləri bölüşməsi faktiki olaraq ciddi müttəfiqlikdən xəbər verir”.
Bunu qəzetimizə müsahibəsində sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev bildirib. Müsahibəni təqdim edirik:
- Rasim müəllim, uzun illər Yaxın Şərq bölgəsində işləmisiniz, regionu daha yaxından tanıyırsınız. Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərginliyi necə şərh edirsiniz?
- Belə bir vəziyyətin yaranması ilk dəfə deyil. İran və Səudiyyə iki islam dövlətidir. Onların arasında dini və siyasi rəqabət mövcuddur. Mən xatırlayıram, İranın ən güclü vaxtında-şah dövründə Tehran Amerikaya arxalanırdı. Üstəlik şahın özünün də nüfuzu var idi. Həmin dövrdə Səudiyyə də Vaşinqtona arxalanırdı. Lakin İran şahı Fars körfəzində dörd adanı götürdü. Bu zaman heç kim şaha heç nə edə bilmədi. Səudiyyə səs-küy saldı, lakin vəziyyət dəyişmədi. Həmin dövrdə şah özbaşına deyildi, onun böyüyü-Amerika var idi. Şaha deyilmişdi ki, bunu edə bilərsən, sənə icazə veririk. Bu adalar indi də İranın nəzarətindədir. Sonrakı mərhələdə İraq prezidenti Səddam Hüseyn də bu məsələni qaldırdı. Bu, daha çox İraq-İran müharibəsində səsləndi. Lakin şah adaları götürəndən sonra bu proses İran və Səudiyyə arasında müharibəyə çevrilmədi. Baxmayaraq ki, həmin zaman müharibənin olacağı daha real idi. Hazırda Səudiyyə Ərəbistan vətəndaşlarının 15 faizi şiələrdən ibarətdir. Yəni çoxluq təşkil etmirlər. Üstəlik vəziyyətləri pis deyil. Yeyib-içməkləri var və digər ərəblər kimi yaşayırlar. Səudiyyə əhalisinin 30 faizi isə digər ölkələrdən gəlib, hazırda daha çox onlar işləyirlər. Səudiyyə ərəblərinin özləri isə obrazlı desək kef edir, dünyanı gəzirlər. Burada bir factor da var. Səudiyyə kralı milyardlarla gəlir əldə edir. Lakin Əlcəzairdən, Liviyadan və Səddam Hüseyn İraqından fərqli olaraq Səudiyyə kralı bu gəlirləri daxildə daha çox paylaşır. Yəni bu ölkə çox zəngindir və hər kəsə pay çatır.
- Demək istəyirsiniz ki, orada şiələrin durumu İrandan pis deyil?
- Şiələrin Səudiyyədə durumu təxminən bir zamanlar Ermənistanda yaşayan bizim soydaşlarımızın durumu kimidir. Məsələn, soydaşlarımız Ermənistanda yaşayırdı, onları bazara buraxırdılar, işləri var idi, yaşamaq baxımından koruq çəkmirdilər. Lakin onları hakimiyyətə buraxmırdılar. Yəni ermənilər hakimiyyəti soydaşlarımızla bölüşmürdü. Orada nə hakimiyyətdə, nə parlamentdə, nə də idarələrdə soydaşlarımız yox idi. Səudiyyədə yaşayan şiələrdən nə nazir, nə deputat, nə də ordu və böyük şəhər rəhbərləri var. Yalnız son illər 3-4 deputat seçiblər. Başqa sözlə, şiələr Səudiyyədə siyasi və ictimai sektorda yoxdur. Orada şiələrin davası həm də hakimiyyət davasıdır. Səudiyyə hakimləri də deyirlər ki, şiə toplumunun bu çağırışları İrandan gəlir. Məsələn, edam olunan ayətullah əl-Nimr 2011-ci ildə ilk dəfə şiələrin mitinqinə start verdi. Əl-Nimr, əslində, ortaya siyasi xadim kimi çıxmamışdı, heç ayətullah kimi də çıxış etmirdi. Biz bilirik ki, məscid xadimləri-axundlar, şeyxlər, ayətullahlar çox səbrli danışırlar. Əl-Nimrin isə ağzından alov çıxırdı. Çıxışlarından bəyan edirdi ki, bu hökumət qalmamalıdır, insani rejim deyil, biz bunun əleyhinəyik. Yəni bu məscid xadiminin deyil, radikal kəsimin çıxışına daha çox bənzəyirdi. Onu həbs etdilər, bəyan etdilər ki, terrorçudur. Səudiyyədə şəraitə uyğun olaraq mitinqlərə qadağa qoyulub. Bildirilir ki, mitinqlər, aksiyalar Allaha xoş gəlmir. Əgər narazılığın varsa, krala yaz, aidiyyəti orqanlara şikayət et. 2011-ci ildə Səudiyyə şiələrinin ilk mitinqləri başlayanda bunun beynəlxalq aləmdə güclü səs-sədası olmadı. Səudiyyə adi ölkə deyil. Məsələn, Suriya elan edir ki, demokratik-dünyəvi ölkədir. Səudiyyə isə islami qaydalarla yaşayır, bu qanuna da, təriqətdən asılı olmayaraq hər kəs tabe olmalıdır. Başqa sözlə, burada müəyyən incəliklər var və onlar şiə narazılığını bir qədər məhdudlaşdırır. Həm də, bilinmir ki, bu ölkədə şiələr nə istəyir. Çünki təminat baxımından heç bir problem mövcud deyil. İkincisi, indi Yaxın Şərqdə baş verən bu hadisə onların patronlarını da pis duruma salıb. Məsələn, Amerika İranla ziddiyyətli münasibətdə idi, bu ölkəyə sanksiyalar tətbiq edirdi. Onda Səudiyyə birmənalı müttəfiq qəbul edilirdi. İndi Amerikada hesab edirlər ki, İranla münasibətləri düzəltmək lazımdır. Odur ki, sanksiyalar aradan qaldırılır, İran nefti dünya bazarına çıxır və s. Və birdən belə bir hadisə baş verir. Əlbəttə, bu, Səudiyyə üçün heç də xoş deyil. Çünki bu halda ər-Riyad nüfuzunu müəyyən qədər bölüşməli, İranı regional dövlət olaraq qəbul etməlidir. Burada bir məqam da var. Ümumiyyətlə kral rejimi, kralın öz əhalisi ilə ünsiyyəti, sünni və şiə məzhəbini aradan qaldıra bilməmək halı var. Yəni ictimai inkişafı fikirləşən sanki yoxdur. Lazım olanda götürüb adamın başını kəsir, edam edirlər. Təbii ki, bu da ABŞ-ın siyasətində öz narazılığını göstərir.
- İran-Səudiyyə arasındakı gərgin münasibətlər silahlı qarşıdurma fazasına keçə bilərmi?
- Birmənalı keçə bilməz. Silahlı münaqişə mərhələsinə gedilsə, bu, daxilən digər problemləri yaradacaq və ya mövcud olan problemlər qabarıq formada ortaya çıxacaq. Odur ki, heç bir tərəf istəməz ki, öz-özünə problem yaratsın. İkincisi, nəzərə almaq lazımdır ki, təkcə Səudiyyədə deyil, ümumiyyətlə, müsəlman dünyasında şiələr azlıq təşkil edirlər. Bu fakt diqqətə alınmalıdır. Məsələn, bir il əvvəl prezident Ərdoğan əl-Riyada səfərə getmişdi. Onda qeyd edirdilər ki, ər-Riyad-Ankara alyansı yaranır. Eyni zamanda İran da şiə alyansının yaradılmasını təklif etdi. Ancaq şiə alyansı nə edəcək, onlar o qədər böyük ölkələr deyillər, azlıq təşkil edirlər. Üstəlik də, İran indi-indi izolyasiyanı yararaq dünya arenasına çıxıb, güclənmək istəyir. Bu anda Səudiyyə ilə açıq qarşıdurma və ya müharibə Tehrana heç bir halda lazım deyil.
- Ancaq açıq görünür ki, bu məsələdə Moskva İranı, Vaşinqton isə ər-Riyadı müdafiə edir...
- Məsələ ondadır ki, Rusiyanın İranla münasibətləri yaxşıdır. Söhbət dövlətlərarası münasibətlərdən gedir. Lakin mənə elə gəlir ki, Kremldə sünni-şiə məsələsinə bir o qədər diqqət yetirmirlər, bunun dərinliyinə varmırlar. Onlar hesab edirlər ki, müsəlman elə müsəlmandır. Sadəcə olaraq Rusiya ilə İran arasında son 10-15 ildə münasibətlər çox istidir, birgə proyektlər, ticarət var. Digər tərəfdən, İranın Rusiyaya yaxınlaşması Kreml üçün əhəmiyyətli məsələdir. Moskva bununla həm də regionda öz mövqelərini möhkəmləndirir. Nəzərə alın ki, son illərdə Rusiyanı bir sıra regionlardan sıxışdırıb çıxarıblar. İranın Rusiya ilə birlikdə Suriya məsələsində aktiv olması, həm də, eyni mövqeləri bölüşməsi faktiki olaraq ciddi müttəfiqlikdən xəbər verir. Səudiyyə Ərəbistanı isə Amerikanın təsir zonasındadır və Moskva ilə ciddi yaxınlığı mövcud deyil.
- Üstəlik Səudiyyə ilə İran Yəməndə və Suriyada bir-birinə qarşı vuruşur...
- Bəli. Söhbət ondan gedir ki, indiki situasiya Rusiyanın marağına da uyğundur. Çünki bu ab-hava Rusiyanın yenidən Yaxın Şərq regionuna qayıtmasına kömək edəcək. Rusiya üçün bu siyasi məsələdir, onun üçün burada dini məsələ əhəmiyyət kəsb etmir. Moskvanın yanaşması belədir: dini məsələnizi öz aranızda həll edin, bizim üçün sünni və ya şiə məsələsi əhəmiyyət kəsb etmir.
- Regionda yaranan bu durum ərəb ölkələrində yaşayan sünni və şiələr arasında qarşıdurmalara səbəb olacaqmı?
- Mümkündür ki, baş versin. Ancaq deməzdim ki, bu təsir geniş və güclü olsun. Bu saat islam dünyası bir mövqedən çıxış edir. Əlbəttə, sünni-şiə söz-söhbətləri əvvəllər mövcud olub, müasir dövrdə isə bunu daha çox İran ortaya gətirir. Düzdür, İranın bəzən digər ölkələrdəki şiələrə köməyi dəyir. Ancaq ərəb coğrafiyasının İrana münasibəti başqa, Səudiyyəyə isə tam başqadır. Nəzərə alırlar ki, Səudiyyə kralı hər kəsə dəstək verir, fələstinlilərə də ciddi köməklik göstərib. Odur ki, insanlar arasında sünni-şiə qarşıdurmasının artacağına inanmıram.
- Bu qarşıdurma Suriya böhranının həllini uzada bilərmi?
- Əlbəttə, uzada bilər. Çünki Suriyaya yaxın və Suriya məsələsində maraqlı olan ölkələrin münasibəti kəskinləşir. Ancaq onu da qeyd edim ki, Suriya məsələsinin həlli üçün ciddi addımlar atılır. Üstəlik prosesin gedişatı göstərir ki, bu iki ölkə müharibə instrumentindən istifadə etməyi düşünmür. Üstəlik sünni-şiə problemini ortadan çıxara bilmirlər. İndiyə qədər də bu iki müsəlman ölkəsi arasında bu cür hallar baş verib. Bunlar küsülü qalacaqlar. Bununla da, məsələ qapanacaq. İndi diqqət ərəb yarımadasına, bu iki ölkəyə cəmlənib. Suriyada əsas İŞİD məsələsidir. Bəşər Əsədlə Amerika və Rusiya arasında bu barədə razılaşmalar var. Məncə, 4-5 aya irəliləyiş olacaq. 2016-cı ildə isə məsələ həll ediləcək. Gördüyünüz kimi, artıq Vaşinqton da Əsədə qarşı qəti tələb qoyub demir ki, getməlisən. İndi əsas məsələ Rusiya-Amerika arasında gedir. Rusiya istəməz ki, Suriyada müharibə uzansın. Onlar Əfqanıstan sindromunu bilir və Suriyada da bu cür olmasını arzu etmirlər. Odur ki, müxtəlif kompromis qərarlar qəbul ediləcək.
Nemət