Əliməmməd Nuriyev: “Digər ölkələrdə belə bir yanaşma tətbiq edilməyib”
Cəzaçəkmə müəssisələrində məhkumların vəziyyəti, asudə vaxtlarının təşkili, hüquqlarının hansı formada qorunması, məhkum-personal münasibətləri, islah müəssisələrinin vəziyyəti və digər mövzularla bağlı suallarımıza Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət İctimai Komitəsinin üzvü Əliməmməd Nuriyev cavab verib.
- Əliməmməd bəy, Prezident İlham Əliyevin verdiyi əfv fərmanını necə qiymətləndirirsiniz?
- Bütün hallarda Azərbaycan prezidenti tərəfindən verilən əfv fərmanını müsbət qarşılamaq lazımdır. Çünki bununla insanlar azadlığa və öz ailələrinə qovuşurlar. Xeyli sayda insan sevinir, yeni həyata başlamaq şansı əldə edir. Bu baxımdan əfv fərmanı müsbət qarşılanmalıdır. İndiyə qədər Azərbaycanda prezidentlər tərəfindən 55 dəfə əfv fərmanı imzalanıb, minlərlə insan azadlığa çıxaraq öz ailələrinə qovuşub. Dövlətin əsas prinsiplərindən biri də bağışlamağı bacarmasıdır. Bu səlahiyyət də prezidentə həvalə edilib. Dövlət başçısı da konstitusiyanın verdiyi səlahiyyətlərdən istifadə edərək mütəmadi əfv fərmanları imzalayır. Hesab edirəm ki, bu, hər zaman müsbət qarşılanmalıdır. Artıq son əfv fərmanı icra edilib, yüzlərlə insan öz ailələrinə qovuşub. Mən bu prosesi dəstəkləyirəm. Əgər insan azadlığa çıxırsa, buna yalnız sevinmək lazımdır.
- Siz mütəmadi olaraq cəzaçəkmə müəssisələrində monitorinqlər həyata keçirirsiniz. Necə düşünürsünüz, həbsxanalarda vəziyyət ürəkaçandırmı?
- Son illərdə həbsxanalarda infrastruktur dəyişiklikləri baş verir. Eləcə də saxlama şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Həmçinin həbsxana heyəti ilə məhkumların münasibətlərində müsbət istiqamətində əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Onu da qeyd edim ki, qidaya çıxış, səhiyyə xidməti istiqamətində pozitiv proseslər davam etməkdədir. Bütün bunlar prezidentin ədliyyə orqanlarının inkişafı ilə bağlı təsdiq etdiyi proqramın icrasında irəli gəlir. Yeni cəzaçəkmə müəssisələri də inşa edilir. Avropa standartlarına uyğun olan cəzaçəkmə müəssisələrindən biri Şəkidə, digəri Naxçıvanda tikilərək istifadəyə verilib. Bakı İstintaq Təcridxanası da istifadədədir. Bir neçə gün əvvəl biz Şəki cəzaçəkmə müəssisəsində idik. Orada hər şey çox yüksək səviyyədədir. Məhkumların saxlanma şəraiti, onların səhiyyə xidmətlərinə çıxışı, davranış yüksək səviyyədə idi. Məncə, ən vacib olan məsələlərdən biri məhkumların saxlanılması və onların hüquqlarının daha dolğun şəkildə müdafiə edilməsi ilə bağlıdır. Bir il əvvəl ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mühüm bir addım atılaraq, vaxtından əvvəl həbsdən azad etməyin tətbiqi ilə bağlı komissiya yaradıldı. Bu komissiya vaxtından əvvəl azadlığa buraxılmaq hüququ yaranan məhkumların işləri ilə daha yaxından tanış olur, məhkəməyə müsbət mülahizənin verilməsinə dair rəy hazırlayır. Hazırda mindən artıq məhkumla bağlı bu komissiyanın verdiyi rəy məhkəmələrə təqdim edilib. Onların əksəriyyətinin vaxtından əvvəl şərti azadlığa çıxmaq və ya rejim növünün dəyişdirilməsi məsələsi müsbət həll olunmuşdu. Hazırda isə məhz bu məsələ ilə bağlı daha yeni bir addım atıldı. İndi belə hüququ olan məhkumların məsələləri komissiyada müzakirə edilərkən onların valideynləri də prosesə dəvət edilir. Bu prosesdə Penitensiar Xidmətin, cəzaçəkmə müəssisəsinin, Ədliyyə Nazirliyinin, İctimai Komitənin nümayəndələri də iştirak edirlər. Yəni bu məsələ tam şəffafdır. Hesab edirəm ki, bu, olduqca əhəmiyyətli məsələdir. Bu, tamamilə yeni bir yanaşmadır. Digər ölkələrdə belə bir yanaşma tətbiq edilməyib. Bu mənada, biz vacib addım atmışıq və proses davam edir. Hər bir məhkumun məsələsi obyektiv araşdırılır və sonda qərar verilir.
- Siz bu komissiyanın üzvüsünüz?
- Bəli, mən bu prosesdə iştirak edirəm. Dəfələrlə komissiyanın işində iştirak etmişəm, eləcə də, məsələlərə obyektiv yanaşıldığının şahidi olmuşam. Özüm də bu işlərlə bağlı mövqeyimi bildirmişəm.
- Amma hüquq müdafiəçiləri, hüquqşünas və vəkillər neçə illərdir ki, məhkumların cəzalarının üçdə ikisini çəkməsinə rəğmən azadlığa buraxılmaq hüququnun tanınmadığına görə ədliyyə orqanlarını tənqid edirlər...
- Əslində yuxarıda qeyd etdiyim məsələ siz qaldırdığınız problemlə bağlıdır. Əvvəllər bununla bağlı problemlər var idi. Məhz vaxtından əvvəl şərti azadetmə mexanizmi problemli idi. Ancaq indi bu problem yoxdur. İkincisi, qanunvericilik müxtəlif cəzalara məhkum edilən şəxslərin müxtəlif vaxtlarda şərti azadlığa çıxması üçün hüquq yaradır. Ancaq bu o demək deyil ki, belə bir hüququn yaranması avtomatik olaraq həmin hüquqların təminatına gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, bu məsələ daha çox məhkumun davranışı, özünü necə aparması, islah prosesində uğur əldə edib-etməməsi ilə bağlıdır. Bütün bu məsələlər dəqiqliklə araşdırılır və məhkum haqqında rəy hazırlanır. Əvvəllər isə bu mexanizmlə bağlı ciddi problemlər mövcud idi. Ədliyyə nazirinin təşəbbüsü ilə belə bir komissiyanın yaradılması məhz subyektiv halların aradan qaldırılmasına yönəlmiş tədbirdir və artıq öz nəticələrini verir. Son bir ildə mindən çox məhkum bu hüquqdan yararlana bilib. Ən əsası isə odur ki, bu prosesdə hər hansı bir korrupsiya halının olması qeyri-mümkündür.
- Məhkumların həbsxanada məşğulluğu, asudə vaxtlarını effektiv keçirməsi məsələsində ciddi problemlərin olduğu, habelə istehsal müəssisələrinin olmadığı deyilir. Bu problemlərin həlli üçün addımlar atılırmı?
- İndi cəzaçəkmə müəssisələrinin kitabxana fondunda xeyli artım var. Bu kitabxana fonduna Ədliyyə Nazirliyi kitablar təqdim edir, eyni zamanda biz Kitab Klubu ilə yaxın təmaslar nəticəsində ora kitablar göndəririk. Özümüz də bir çox kitab alıb ora təqdim edirik. Əsasən hüquq və bədii ədəbiyyatla bağlı kitablar aparırıq. Bunun nəticəsidir ki, son illər müəssisələrdə kitab oxuyan məhkumların sayı da artır. Demək olar ki, müəssisələrdə ay ərzində 100-150 məhkum kitabxanadan yararlanır. Bu, daha çox məhbusların asudə vaxtları ilə bağlıdır. Həm də idman oyunları keçirilir, məhkumların özləri özünüidarə qurumları yaradaraq asudə vaxtın təşkilini təmin edirlər.
- Həbsxanalarda istehsal müəssisələri varmı?
- Bəzi müəssisələrdə sexlər var və onlar mebellər, avadanlıqlar hazırlayır. Eyni zamanda fərdi əməklə məşğul olanlar da var. Belə müəssisələrdə məşğulluğun səviyyəsi orta hesabla məhkumların 40 faizini əhatə edir. Məsələn, 4 saylı qadın cəzaçəkmə müəssisəsində tikiş, xalçaçılıq işləri aparılır. Eləcə də 15, 10, 17, 2, 6 və 5 saylı müəssisələrdə məşğulluğa ciddi diqqət yetirilir. Beləcə, çoxsaylı məhkum işə cəlb olunur. Ancaq nəzərə almaq lazımdır ki, məhkum yalnız öz xoşu ilə işə cəlb oluna bilər. Məhkumu heç kim buna məcbur edə bilməz. Çünki məcburi əmək qadağandır. Amma bu məsələdə problemlər də var. Hökumətin bununla bağlı müvafiq qərarı olmalı, həbsxanalarda fəaliyyət göstərən istehsal müəssisələrinə sifarişlər verilməlidir. Fikrimcə, məhbusların əl işlərindən ibarət sərgi mağazalarının təşkili vacib məsələdir. Əlbəttə, hökumət bu istiqamətdə maliyyə ayırsa, çox müsbət olar. Məhkumların əl əməyi ilə bağlı mütəmadi sərgilər keçirmək mümkündür. Onlar çox maraqlı işlər hazırlayır. Müəssisələrdə çox istedadlı insanlar var və onların əksəriyyəti də işləməyə meyllidir.
- Siz həbsxanalarda mütəmadi monitorinqlər həyata keçirirsiniz?
- Təbii. Biz həm İctimai Komitə formatında, həm də Konstitusiya Araşdırmalar Fondu olaraq müəyyən layihələr həyata keçiririk. Xüsusilə, məhkumların azadlığa hazırlanması işinə ciddi diqqət edirik. Məhkumların azadlığa çıxmasına 3 ay qalmış onların siyahısı tərtib edilir və fərdi proqramların hazırlanması istiqamətində addımlar atılır. Məhkumun azad olunduqdan sonra hara gedəcəyi, nə işlə məşğul olacağı istiqamətində söhbətlər aparır, məsləhətlər veririk. Azadlığa çıxan şəxslərin adaptasiyası ilə bağlı sığınacaqların inşası ilə bağlı da problemlər olur. Bəzi məhkumlar azadlığa çıxandan sonra yaşamağa yer tapmırlar. Çünki ailədə və cəmiyyətdə bəzən məhkuma münasibət fərqli olur. Sevindirici haldır ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sığınacaq və adaptasiya mərkəzlərinin tikilməsi prosesinə başlayıb.
- Bəs, məhkumların sizə şikayəti, narazılığı olurmu?
- Narazılıqlar və şikayətlər olur. Biz bütün bu şikayətləri Ədliyyə Nazirliyinə təqdim edirik və nazirlikdə qərarını çıxarır. Bəzi hallarda ədalətsiz qərarlar qəbul etdiyinə, məhkumların hüquqlarını pozduğuna görə vəzifəli şəxslər məsuliyyətə cəlb edilir, işdən azad olunur. Bununla bağlı yetincə faktlar var. Elə Penitensiar Xidmətin rəisi Mədət Quliyevin özü bildirib ki, xidmətin 300-dən çox əməkdaşı işdən azad edilib. Əlbəttə, rejim qaydalarının pozulması, məhkumla həbsxana heyəti arasında münasibətlərdə etik qaydalara əməl olunmaması və digər qanunsuz hallar baş verir. Belə hallarda həbsxana heyətinin üzvləri ilə bağlı intizam tədbirləri görülür və ya onlar işdən azad olunur. Bu, həm bizim, həm də nazirliyin özünün monitorinqlərinin nəticəsində baş verir.
- Siz həm də Daxili İşlər Nazirliyinin rayon polis idarələrində və müvəqqəti saxlama yerlərində monitorinqlər aparırsınız. Bu sahədə vəziyyət necədir?
- Biz ATƏT-in “Saxlama yerlərinin monitorinqi” çərçivəsində polis saxlama yerlərində monitorinq həyata keçirmişik. Amma hazırda ATƏT-in statusu dəyişib və bu il də sözügedən prosesin davam edəcəyi gözlənilir. Biz polis idarələrinin də saxlanma yerlərinə baş çəkir və real vəziyyəti qiymətləndiririk. Çünki saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında qanun qəbul edilib. Bu qanunun tətbiqi olduqca vacibdir və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. Əlbəttə, belə monitorinqlər vəziyyəti nəzarətdə saxlamaq imkanı verir. Bu da meydana çıxan problemlərlə bağlı rəhbərliyin məlumatlandırılması, eləcə də təkliflərin irəli sürülməsinə səbəb olur. Bu sahədə də problemlər var, işlər ləng gedir. Qeyd edim ki, 37-dən çox müvəqqəti saxlanma yeri yenidən qurulub. Orada müvəqqəti saxlanılan şəxslərin saxlama qaydaları beynəlxalq standartlara uyğunlaşdırılıb.
Nemət Hüseynli