Krım türklərinin lideri Mustafa Cəmiloğlu ilə Kiyevdə növbədənkənar prezident seçkisi başa çatan saatlarda görüşdük. Xreşşatikdəki ofisində bizimlə bərabər xeyli əcnəbi jurnalist vardı. Bütün suallar Krıma köklənmişdi. Çeşidli Avropa ölkələrindən gələn qəzetçilərin Krım türklərinin liderinə diqqəti təmsil etdikləri dövlətlərin Krım məsələsini gündəmdə saxlamasının təsdiqi idi. Mustafa bəy yorulmadan, usanmadan çox zaman bir-birini təkrarlayan suallara cavab verir, Krım türklərinin sözün əsl mənasında dərdini dünyaya anladırdı. Müsahibəmiz, ardınca da çay süfrəsində söhbətimiz bir neçə saat çəkdi. Krım türklərinin təbirincə desək, Mustafa ağa bizə çox mətləblərdən danışdı. Heç şübhəsiz, Krım türkləri, ən başda da onların lideri Mustafa Cəmiloğlu Ukraynanın Rusiya işğalı zamanı bir az qətiyyətsiz, bir az səhlənkar, bir az laqeyd münasibətindən narazıdır. Söhbət boyu Ukraynanın nələr etdiyini yox, nələr etmədiyini ürək yanğısı ilə anladır. Ukraynanın “Rusiya ordusu sayca çox və güclüdür, biz heç nə edə bilmərik, qan tökmək istəmirik” tərzini tamamilə absurd sayan Mustafa Cəmiloğlu “bir əsgərin borcu qoruduğu torpağa təcavüz olarkən təcavüzü seyr etmək yox, ona cavab verməkdir”, deyir. Çox təəssüf, bu gün ortada bir gerçək var – Rusiya Krımı işğal edib. İşğalın bir an öncə durdurulması üçün isə edilən səhvləri saf-çürük etməkdən daha önəmlisi gələcək üçün planlar qurmaqdır. Ömrünü qos-qoca Sovetlər Birliyi ilə mübarizədə keçirən və sonunda ona qalib gələn Mustafa Cəmiloğlu belə düşünür. Beləliklə, bir neçə saat davam edən söhbətimizin bəzi məqamlarını təqdim edirik.
- Mustafa bəy, Ukraynanın bugünkü durumunu necə dəyərləndirirsiniz?
- Bu seçkilər Ukrayna üçün çox önəmli idi. Ukraynanın keçmiş prezidenti dövlətə çox böyük zərər gətirdi, sonucda xalq inqilab edib canı bahasına onu hakimiyyətdən uzaqlaşdırdı. Təəssüf, ölkənin bəzi bölgələrində - işğal edilən Krımda, Luqanskda, Donetskdə seçkilərin normal keçirilməsi mümkün olmadı. Ancaq bu bölgələr seçici sayı baxımından Ukrayna üçün önəmli deyil. Ona görə də bu səs faizinə ciddi təsir etmədi. Rusiya Krımı işğal etdiyi zaman iki bəhanə gətirmişdi – birincisi, guya orada hakimiyyət leqal deyilmiş, ikincisi də guya etnik ruslar təhlükədə imiş. Təbii bunlar reallıqla heç bir əlaqəsi olmayan məsələlərdir. Krımda əhalinin 30 faizi ruslar olsa da hakimiyyət orqanları onların əlində idi. Rusiya bu qədər məntiqsiz olan “səbəbləri” qullandı. Ümumiyyətlə Rusiyanın yönətimində məntiq deyilən anlayış yoxdur. Onlar yenə də istəsələr öz işğalçı siyasətlərinə don geyindirmək üçün müxtəlif bəhanələr uyduracaqlar. Bütün hallarda Ukrayna kritik bir dönəmdə demokratik seçkilər keçirə bildiyi üçün dünya birliyindəki mövqeyi daha da güclənəcək. Seçkilərin uğurlu keçirilməsi demokratikliyi ilə yanaşı birinci turda başa çatması oldu. Çünki Ukraynanın aylardır dağılan qüvvəsini bir yerə toplayaraq ölkə həyatı ilə bağlı önəmli qərarlar verməsi müstəqilliyin, ərazi bütövlüyünün bundan artıq təhlükəyə düşməməsi üçün şərtdir.
- Poroşenko seçki günü dedi ki, prezident seçilərsə ilk qərarlarından biri Krımla bağlı xüsusi nazirlik yaratmaq olacaq. Bütünlükdə Krımın rus işğalından azad edilməsi üçün sizcə nədən başlamaq gərəkdir?
- Heç şübhəsiz bu Krım məsələsini davamlı olaraq gündəmdə saxlamaq üçün çox önəmli olacaq. Ancaq 100 faizlik nəticə əldə etməyə, yəni Krımı işğaldan azad etməyə aydındır ki, Ukraynanın səyləri yetməz. Krımın qurtuluşu bir çox faktorlara bağlıdır. Krım işğal edilən zaman Ukrayna son dərəcə zor durumda idi. Hər mənada. Bizim praktik olaraq ordumuz yox idi – nə silahımız, nə də yetərli qədər əsgərimiz. Ölkənin iqtisadiyyatı bərbad gündə idi. Yanukoviç ölkəni belə bir çıxmaza salmışdı. Prezident seçkilərindən sonra durumun toparlanacağına ümid edirəm. Hələlik isə onu deyə bilərəm ki, Ukraynanın təkbaşına Krımı qurtarmasını perspektivli görmürəm. Ancaq 1994-cü ildə imzalanan Budapeşt anlaşması çərçivəsində ABŞ, İngiltərə, digər Avropa Birliyi ölkələri gərəkli tədbirləri alsalar böyük ehtimalla Krımın işğalı uzun sürməyəcəkdir.
- Müstafa bəy, siz keçən söhbətimizdə Krım türklərinin öz müqəddəratlarını həlletmə hüquqlarının tanınması üçün Avropa strukturları ilə danışıqlar aparıldığını demişdiz. Bu danışıqlar bu gün də davam etdirilirmi?
- O danışıqlarda əsas söhbət mədəni muxtariyyətin daha üst mərtəbəyə qaldırılmasından gedirdi. Ancaq bizim bugünkü bütün səylərimiz Krımın yenidən Ukraynanın bir parçası olması üçündür.
- Rusiya supergücdür, bir çox dövlətlər onunla münasibətləri pozmağı açıq-aşkar təhlükə sayır. BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təcavüzünü pisləyən qətnaməyə səs verən ölkələr belə bu haqda açıq bəyanatlar verməkdən çəkindilər. Hətta bəzi ölkələr sonradan Rusiya ilə münasibətləri yumşaltmaq üçün bir sıra addımlar atdılar. Ancaq bir də mənəvi dəstək məsələsi var. Siz Krım türklərinin lideri olaraq o dəstəyi hiss edirsinizmi? Əsas türk cümhuriyyətlərini nəzərdə tuturam.
- Türk cümhuriyyətləri Krım məsələsində eyni cür davranmadılar. Türkiyə, Azərbaycan yaxşı davrandı – BMT TŞ-da bizim tərəfimizi tutdular. Ancaq bu, təbii yetərli deyil, daha səsli olmalarına ehtiyacımız var. Bizi məyus edən digər türk cümhuriyyətlərinin, xüsusən Qazaxıstanın mövqeyi oldu. Qazaxıstan Krımda keçirilən saxta referendumu tanıdı. Bu çox bəsirətsiz davranış oldu. Çünki sabah Rusiya Qazaxıstanın quzeyində eynən Krımdakı kimi Rusiyaya birləşmə ilə bağlı saxta referendum keçirilsə, nə durumda olacaqlar? Deyilənlərə görə, Rusiya bu məsələ ilə Qazaxıstanı şantaj edib. Yəni Rusiya Qazaxıstana ona dəstək verməsə quzeydən ərazisini qoparacağı ilə təhdid edib. Əgər Qazaxıstan dövlətinin başında daha uzaqgörən siyasətçi olsaydı bu şantaja, təhdidə fikir vermədən işğalçının yanında deyil, dünya birliyinin yanında durardı. Çox təəssüf, belə oldu. Digər türk cümhuriyyətləri – Özbəkistan, Qırğızıstan isə Krım məsələsində tərəf saxlamadı. Bizim qənaətimizə görə bu, doğru deyil. Bir dövlət qonşularına bu cür fəlakət gəldiyi zaman yardım əlini uzatmırsa, sabah özü eyni duruma düşdüyü zaman kimdən dəstək bəkləyəcək? Dünya belədir. Sən yardım etməsən, zor duruma düşdüyün an dəstək ala bilməzsən.
- Mustafa bəy, Krımdan nə xəbərlər alırsız? Orda durum necədir? Rusiya orada Krım türklərini ələ almaq üçün bir sıra sosial projelər gerçəkləşdirmək istəyir. Əhalinin buna təpkisi necədir?
- Krımda ən böyük problem insanlarımızın başqa dövlətin hüquq müstəvisinə keçməyə məcbur edilməsidir. Biz Ukraynada demokratik bir ortamda yaşayırdıq. Təbii, Ukrayna Avropa standartlarına tam cavab verən demokratik ölkə deyilik, ancaq burada demokratiya var. Hətta demokratik azadlıqlar Rusiya ilə müqayisəedilməz dərəcədə böyükdür. Ona görə də insanlarımızın rusların düzəninə alışması çox çətin olacaq. Biz sərbəst olmağa alışmışıq. Rusiyada durum tam başqadır. Krım Ukraynanın tərkibində olarkən oradakı ruslar Rusiya bayrağı qaldıranda onlara heç kim heç nə demirdi. Ancaq orada indi bir Ukrayna bayrağı asılsa, rus yönətimi öküz qırmızıya cuman kimi bayrağa hücum edir. Bu gün bütün Krım içərisində yalnız Krım Tatar Milli Məclisinin üzərində Ukrayna bayrağı var.
- Krım Tatar Məclisinin başqanı Refat Çubarovla əlaqəniz varmı? Məclisin durumu necədir?
- Krım Tatar Məclisi çox çətin durumdadır. Bir tərəfdən işğalı qəbul etmək istəmirlər, ikinci tərəfdən orada bizim 300 minə qədər soydaşımız var. Onların haqq və hüquqlarını təmin etmək, qorumaq üçün dövlət strukturlarına girmək lazımdır. Dövlət strukturlarına girmək üçün də Rusiya vətəndaşlığını qəbul etmək lazımdır... Ukrayna qanunları ikili vətəndaşlığı istisna hallarında qəbul edir. Yəni bir şəxs Ukrayna vətəndaşı olduğu halda digər ölkə ona məcburən öz pasportunu versə, həmin şəxs Ukrayna vətəndaşlığında qalır. Rusiya isə vətəndaşlıq haqqında qanunlarını bu yaxınlarda daha da sərtləşdirdi. İndi ikili vətəndaşlığa görə Rusiyada həbs cəzası nəzərdə tutulur. Belə bir ağır, çıxılmaz durum var Krımda.
- Mustafa bəy, köç varmı Krımdan?
- Əslində bizim millət olaraq qərarımız budur ki, nə olursa olsun, Krımı tərk etməməkdir. Çünki biz 70 il öncəki sürgündən sonra vətənimizə çox çətinliklə dönə bildik. Ancaq bütün insanlar da eyni deyil. Çətinliyə dözmək istəməyəni, Rusiyanın təhlükəli rejimi altında yaşamaq istəməyəni var, bir qisim insanlar Krımda iğtişaşlar yaranacağından və bu iğtişaşların ortasında olmaqdan qorxur. Təxminlərimizə gözə, işğaldan öncə və sonra 4-5 min insanımız Krımdan məcburən çıxıb. Əhali daha çox qadınları və uşaqları çıxarıb Krımdan, kişilər yenidən geri dönüb. Bu say az görünə bilər. Ancaq Krım türklərinin sayı çox olmadığından bu bizim üçün çox böyük fəlakətdir. Krım türkləri sürgün həyatının çətinliklərinə dözdü, o qədər mücadilədən sonra Vətənə döndü, öz ata-baba torpaqlarında özünə həyat qurdu, sonunda da işğal və yenə didərginlik. Heç bir millətə belə bir acı tale arzulamazdım.
- Mustafa bəy, Ukraynanın indiki hakimiyyəti çox çətin şərtlər altında iqtidara gəldi. Prezident seçkilərinin baş tutması çox önəmli şərt idi – bu baş verdi. Ancaq indiki hökuməti zəif sayanlar da çoxdur. Belə versiyalar səslənir ki, bu hökumət Krımın işğaldan azad edilməsi, şərq bölgələrində separatizmin ləğv edilməsi üçün ciddi addımlar atmaq iqtidarında deyil. Sizcə, Ukraynada yaxın gələcəkdə yeni hökumət yaranacağını ehtimalı varmı?
- Prezident seçkiləri baş tutdu, sentyabrda parlament seçkiləri keçiriləcəyi gözlənilir. Əlbəttə hakimiyyətin legitimliyi, seçimlərlə formalaşması Ukraynanın güclənməsinə ciddi təkan verəcək. Ancaq Ukraynanın yaxın zamanlarda önəmli güc olması, Rusiya kimi güclü bir ölkə ilə mübarizə aparacaq hala gəlməsi üçün böyük zamana ehtiyac var. Ona görə də dünya birliyinin Ukraynaya dəstək verməsi çox önəmlidir.
- Mustafa bəy, ekspertlər belə bir fikir səsləndirir ki, Krım məsələsi Ukraynanı deyil, Rusiyanı çökdürdü, sivil dünyanın bütün şərtlərini ayaq altına atan bir dövlət mütləq cəzalandırılacaq. Xüsusən iqtisadi rıçaqlarla Qərbin Rusiyanı basqı altında saxlanacağı ilə bağlı proqnozlar var. Siz bu fikirlə razısınızmı?
- Bu dünyanın Rusiyaya savaş-açıb açmayacağına bağlı məsələdir. Rusiya iqtisadiyyatının 60 faizi neft və qaz üzərində qurulub. Yəni Rusiya dünyanın neft-qaz siyasətindən, qiymətlərin dünya bazarında necə tənzimlənəcəyindən nisbətən asılıdır. Neftin bu gün bareli məsələn 110 dollardırsa, sabah dünya birliyi ortaq qərarla bunu 80 dollara endirsə, Rusiya böyük pullar itirəcək. O zaman dövlətin içərisində tərəddüdlər, parçalanmalar ola bilər. Sözsüz, bu cür aqressiv bir ölkə olması Rusiyanın qonşuları ilə bərabər özü üçün təhlükəlidir.
Aygün Muradxanlı, Kiyev/musavat.com