Zərdüşt Əlizadə: “Poroşenko nə qərb, nə də Ukraynapərəstdir, o cibyönlüdür”

Mayın 25-də Ukraynada prezident seçkiləri keçirilib. Həm Mərkəzi Seçki Komissiyasının, həm də exit-polun nəticələrinə görə, ukraynalı oliqarx Pyotr Poroşenko seçkinin qalibi olub. İndi ukraynalıları bundan sonra müşahidə olunacaq proseslər, xüsusilə ölkədə sabitliyin yaranıb-yaranmayacağı düşündürür. Görünən odur ki, yeni prezident həm Moskva, həm Brüssel, həm də Vaşinqtonla münasibətləri mülayimləşdirməli, Ukraynanın şərq əyalətlərində baş verən separatçı meyllərin qarşısını almalıdır. Politoloq Zərdüşt Əlizadə ilə söhbətimizi də əsasən seçkidən sonrakı Ukrayna, yeni prezidentin atacağı addımlar üzərində qurduq.

- Zərdüşt bəy, Ukrayna prezident seçkilərini geridə qoydu. İndi seçkilərlə bağlı beynəlxalq qurumlar və aparıcı dövlətlər münasibətlərini ifadə edirlər. Seçkilərdən sonra proseslər hansı istiqamətlərdə inkişaf edə bilər?
-Ukraynada hərc- mərcliyi, qarşıdurmanı və dərəbəyliyi nəzərə alsaq, bu seçki şəraitə uyğun keçirildi. Fərqli də ola bilməzdi. Bəzi namizədlərin döyülməsi, evlərinin yandırılması, onların təbliğatına qadağa qoyulması Ukraynadakı şəraitə tam uyğun hal idi. Bu baxımdan Ukraynadakı seçkilər indiki halda xalqın düşüncəsinə, vəziyyətinə və əhval-ruhiyyəsinə tamamilə uyğun seçkidir. İkincisi, Maydan hərəkatı əslində oliqarxlara qarşı bir hərəkat kimi başlamışdı. Hərçənd ki, Maydanın arxasında Yanukoviç və onun ətrafındakı oliqarxları devirməyə çalışan başqa bir oliqarx qrupu durmuşdu. Həmin oliqarx qrupu hakimiyyətə gələrək, öz məqsədinə çatmağa çalışacaq.

- Hansı məqsədi nəzərdə tutursunuz?
- Ukraynanın sərvətini talan etmək. Amma indiki vəziyyətdə bu məqsədi həyata keçirmək çox mürəkkəbdir. Nəyə görə? Birincisi, Ukrayna qeyri-sabitdir, Krım əldən çıxıb. İkincisi, cənubi-şərqi vilayətlər federallaşma tələb edir. Əgər Poroşenko federallaşma tələblərini qəbul etsə, qərbdəki ifrat millətçi qruplar yeni hərəkat təşkil edərək onu devirəcəklər. Yox əgər, federallaşma tələbini qəbul etməsə, cənubi-şərqi vilayətlərlə qarşıdurma davam edəcək. Bu halda iki seçim qalacaq: ya genişmiqyaslı ordu əməliyyatlarına başlayaraq durumu sabitləşdirmək. Amma bu, Rusiyanın müdaxiləsinə səbəb ola bilər. Ya da, indiyə qədər olduğu kimi ləng şəkildə qarşıdurma, vuruşma. Bu halda əlbəttə, yüzlərlə insan həlak olacaq, amma son nəticədə Ukrayna dövləti və hakimiyyəti daha da zəifləyəcək. Bu, nəticə etibarı ilə hakimiyyət üçün yaxşı yekunlaşmayacaq. Hazırda Ukraynada həlledici amil yeni konstitusiya islahatı ilə bağlıdır. Bunun da əsas məqsədi prezidentin bir sıra səlahiyyətlərini alıb, Ali Rada vasitəsilə baş nazirə verməkdən ibarətdir. Bu ilin sonuna qədər Ali Radaya yeni seçkilərin keçirilməsi gözlənilir. Regionlar Partiyası nüfuzdan düşdüyü üçün böyük ehtimalla “Baktişvina” Partiyası əsas siyasi qüvvə olaraq Radaya daxil olacaq. Bu zaman prezident seçkilərində ikinci yeri tutan Yuliya Timoşenkonun baş nazir seçilmək şansı yaranacaq. Bu isə o deməkdir ki, Poroşenko bir növ kraliça səlahiyyətlərinə malik şəxs kimi prezident qalacaq.

- Əslində bütün bunlar boş şey kimi görünür, çünki bu məsələlər Ukraynanı düşdüyü vəziyyətdən çıxarmağa kömək etmir...
- Tamamilə haqlısınız. Əsas məsələ odur ki, Ukraynanın hakim zümrəsi xalqın və dövlətin bundan sonra böhrana düşməməsi və indiki böhrandan çıxması üçün açıq strateji nəzəriyyəyə və baxışa malik deyil. Bu isə Ukrayna dövlətinin və xalqının ən böyük faciəsidir.

- Amma iddialar var ki, məhz prezident seçkilərindən sonra Ukraynada ictimai-siyasi sabitlik yaranacaq...
- Bizdə 1980-cı illərin sonu və 1990-cı illərin əvvəllərin siyasi hərəkatlarının, çevrilişlərin nə ilə bağlı olduğunu bilirsiniz? Təbii ki, hakimiyyətə gəlməklə bağlı idi. Bu prosesdən sonra sakitlik bərpa olundu. İndi Ukraynada belə vəziyyət varmı? Poroşenko və onun ətrafında olan oliqarxlar qrupu həqiqətənmi vəziyyəti qeyri-sabit saxlayan əsas qrup idi? Məncə, yox. Orada bu amil var idi, ancaq əsas amil Qərbin heç nə ilə hesablaşmadan Ukraynanı nəzarətə almaq istəyi idi. Bu zaman onlar Ukrayna iqtisadiyyatı, sənayesi, elmi ilə maraqlanmadan geosiyasi məqsədə nail olaraq bu ölkəni Rusiyadan qoparmaq məqsədi güdürdü. Bu sahədə də böyük uğur əldə etmişdilər, lakin indi daş qayaya rast gəlib. Rusiya başa düşür ki, qərb qırmızı xətti keçib və Moskva bir qədər də sakit dursa, NATO bazaları Kremlin 400 kilometrliyində peyda olacaq. Bu səbəbdən də Moskva ruspərəst qüvvələri açıq dəstəkləyir. Ruspərəst qüvvələr də öz mövqelərindən elə-belə geri çəkilməyəcək. Onlar Ukrayna vətəndaşlarıdır, Ukrayna həm də onların doğma dövlətləridir. Şübhə yox ki, onların Ukraynanın gələcəyi haqqında başqa fikirləri var. Odur ki, bu qüvvələr indi müqavimət göstərirlər, üstəlik də, silahlıdırlar. Fikrimcə, bu qarşıdurma davam edəcək.

- Prezident seçkiləri başa çatıb. İndi Ukrayna ordusu və hüquq-mühafizə orqanları qəti şəkildə şərq əyalətlərinə müdaxilə edərək vəziyyəti sabitləşdirə bilərlərmi?
- Bu günə qədər Ukrayna ordusu, eləcə də hüquq mühafizə orqanları harada idilər və nə işlə məşğul olurdular? Onlar yenə də şərq vilayətlərində idilər və qəti tədbirlər görmək istəyirdilər. Amma onların gücü yoxdur. Məsələ ondadır ki, son 20 il müddətində Ukrayna hökumətləri bu istiqamətə ciddi fikir verməyib, daha çox oğurluq və varlanmaq haqqında düşünüblər. Ordu və müdafiə sahəsində də bu fəaliyyət olub. Odur ki, ordunu elə hala salıblar ki, indi Ukrayna ordusu döyüş qabiliyyətinə malik deyil. Döyüş qabiliyyətində olmayan ordu prezident seçkilərindən sonra qəfildən döyüş keyfiyyətinə malik ola bilərmi? Əlbəttə yox. Bunun üçün zaman lazımdır. Bəs bu zaman varmı və Rusiya buna imkan verərmi? Belə suallar cavab tələb edir. Hesab edirəm ki, yaxın günlərdə biz bu suallara cavab tapa biləcəyik. Yəni Poroşenko iyunda rəsmən prezident elan olunduqdan sonra əgər hərbi əməliyyatlar intensivləşsə, prezidentin taleyinin necə olacağını söyləyə biləcəyik. Məhz bu zaman Poroşenkonun tez və ya gec devriləcəyi bəlli olacaq.

- Bir çox ekspertlər iddia edir ki, Poroşenko prezident postunu icra etməyə başlayandan bir il sonra yeni Maydan hərəkatı başlayacaq. Siz də bu yanaşmanı əsaslı hesab edirsiniz?
- Nəzərə alın ki, Ukraynada oturuşmuş sabit və qanuna riayət edən, əhalinin iradəsinə tabe siyasi institutlar yoxdur. Belə institutlar olmayanda istənilən ciddi siyasi problemlərin həlli məsələsində fikir müxtəlifliyi meydana çıxan kimi mitinq taktikasına müraciət edirlər. Bu zaman isə maydan işə düşür. Şübhəsiz ki, belə olanda proses müəyyən mərhələdə bir qrupun qələbəsi ilə yekunlaşırsa, digər qrup gedib qüvvə toplayaraq yeni maydan yaratmaq istəyir. Beləcə maydanlar bir-birinin ardınca davam edir.

- Poroşenko qərbpərəstdir, yoxsa sırf Ukrayna yönümlü?
- Məncə, cibyönlüdür. Fikrimcə, nə Timoşenko, nə Kliçko, nə də başqaları heç vaxt dəyərlərə xidmət etməyəcəklər. Ancaq öz ciblərinə xidmət edəcəklər. Cibin mənafeyi hansı səmti tələb etsə, ora da üz tutacaqlar. İndi şərait elə gətirib ki, onların qərbpərəst olmaları həm də ciblərinə xidmət edir.

- Poroşenko Moskva ilə münasibətləri müsbət istiqamətə yönəldəcək siyasətçi ola biləcəkmi?
- Yox. Artıq prezident elan edib ki, ölkə NATO-ya doğru gedəcək. NATO-ya getmək isə Rusiyaya düşmən olmaq deməkdir. Düşmən olacaqsansa, deməli, düşmən münasibət də görəcəksən. Siyasət mümkünün həyata keçirilmə qabiliyyətidir. Qeyri-mümkünü həyata keçirmək siyasət deyil. Bizim dərin düşüncə sahibi Elçibəy deyəndə ki, XXI əsrdə türk dünyası yaranacaq və Baykal gölündən Ağ dənizə qədər böyük türk dövlətləri meydana gələcək, bizim xalqımız bu sözlərə inanıb sevincindən atılıb-düşürdü. Bu o deməkdir ki, qeyri-mümkün məqsədləri xalqın qarşısına qoymaq siyasətçilik deyil. Mən bilmirəm bunu həqiqi məqsədlərini pərdələmək üçün, yoxsa qəsdən qoyurdu. Amma Elçibəy bunu deyirdi və xalq da bu sözlərə inanırdı. Nəticəsi göz qabağındadır. Yalnız siyasi baxımdan savadsız olanlar böyük türk dünyasının yaranacağına inana bilər. Amma buna baxmayaraq həmin vaxt siyasi əbləhlər xalqın sevimlisi idi. Ukraynada da bu dələduzlar qışqırırlar ki, ölkə NATO-ya daxil olmalı, Avropa Birliyinə girməlidir. Bu qeyri-real məqsəddir. Cahil xalq isə siyasi cəhətdən zəifdir. Əgər bir fəndlə xalqı iki dəfə aldatmaq mümkün olubsa, demək, xalq cahildir. Ukrayna xalqı bu mənada siyasi cəhətdən hazırlıqsızdır və xeyrini başa düşmür. Ona görə, gah bir fırıldaqçıya, gah da ikinci fırıldaqçıya inanır. Əvvəl Yuşenkoya, sonra Yanukoviçə, indi Poroşenkoya səs verir. Bu bədbəxt xalqın taleyidir və o aldanmağa məhkumdur. Ukrayna Avropa Birliyinə daxil ola bilərmi, Avropa Birliyi onu gözləyirmi? Həqiqətən də, Ukraynanın NATO-ya qəbulu mürəkkəb işdir. Çünki NATO nizamnaməsinə görə, etnik ərazi münaqişəsi olan dövlət bu quruma qəbul edilmir. Ukrayna NATO-ya daxil olsa, hərbi alyans Kiyevin problemlərini öz problemi hesab etməli və onun rəqibi ilə düşmən münasibətə keçməlidir. NATO-ya Krımı əlindən alınan Ukraynanı öz üzvü edib Rusiya ilə hərbi-siyasi münaqişəyə qatılmaq əl verirmi? Məncə, qərb Rusiyanı sevməsə də, Moskva ilə kəskin hərbi-siyasi qarşıdurmaya getməkdə maraqlı deyil. Hər şeyi siyasi diplomatik yolla həll etməyə çalışırlar. Deməli, belə olan halda yeni Ukrayna prezidentinin xalqa NATO-ya girmək haqda vədi onu bizim Əbülfəz Elçibəyə bənzədir.

- Rusiya Poroşenko ilə münasibətlər quracaq, yoxsa onu prezident kimi qəbul etməyəcək?
- Putin bəyan etdi ki, biz Ukrayna əhalisinin seçiminə hörmətlə yanaşacağıq. Yəni Poroşenkonun qalib gəlməsi ukraynalıların seçimidir. Amma Putin eyni zamanda bildirdi ki, xalqın başqa bir seçimi var. Məsələn, Rusiya Donetsk və Luqanskda keçirilən referendumun nəticələrini tanıyıb. Bu da bir seçimdir. Kim deyir ki, bu azad seçim tanınmalı, digər azad seçim tanınmamalıdır? Dərəbəylik hökm sürən ölkədə istənilən referendum qanuni sayılır. Putin də deyir ki, yeni Ukrayna prezidenti ilə əlaqə quracaq və danışıqlar aparacaq. Bu danışığın da birinci mövzusu qazla bağlı olacaq. Putin deyəcək ki, qardaşım, qazımı işlətmisən pulumu ver, sənin mənə 3,5 milyard borcun var. Mən səni tanıyıram, demokratik seçilmisən, eşq olsun sənə, mənim kimi cüdo üzrə idman ustasısan və s. Amma mənim pulumu ver. Bax, buna görə Ukrayna prezidenti ilə müzakirə aparılacaq. Həm də ona deyiləcək ki, Avropaya qaz tranzit satışımı təmin elə. Məsələ bundan ibarətdir.

Nemət Hüseynli