Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin ABŞ-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Asim Mollazadə Teleqraf.com-a müsahibəsində iki ölkə arasındakı münasibətləri şərh edib.
- Asim bəy, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın son bəyanatları fonunda ABŞ-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?
- Mənə elə gəlir ki, hansısa bir emosional çıxış və ona münasibətlər iki ölkə arasındakı əlaqələrə xələl gətirməyəcək. Azərbaycan ABŞ-la strateji tərəfdaşdır. Ölkəmiz anti-terror koalisiyasının çox önəmli üzvüdür və bununla yanaşı Azərbaycan ABŞ-la bir neçə sahədə mühüm layihələr həyata keçirir. Əminəm ki, əməkdaşlıq bundan sonra da davam edəcək.
- Səfirin çıxışını emosional çıxış sayırsınız?
- Morninqstarın çıxışındakı bəzi nüanslarla qətiyyən razı deyiləm. Düşünürəm ki, bu çıxışlar əslində diplomatik protokolun xaricində olan hansısa emosiyalarla bağlı idi. Ələlxüsus Avromaydanla aparılan paralellər heç xoşuma gəlmədi. Avromaydan nəticəsində Ukrayna çox ağır vəziyyətə düşdü, ölkənin dövlətçiliyi təhlükə qarşısında qaldı. Çox təəssüf ki, Ukraynanın ərazi bütövlüyünü itirməsi ilə bağlı ciddi dəstəyi olmadığına görə bu ölkə indiyədək böyük problemlərlə üzləşib. Belə paralelləri Azərbaycanla aparmaq çox yanlış idi.
- Bəs, səfirin insan haqları ilə bağlı dedikləri ilə razısınız?
- Dəfələrlə demişəm ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da insan haqları, demokratiya ilə bağlı müəyyən problemlər var və ölkəmiz bunun üzərində işləməlidir ki, problemlər həll edilsin. Lakin insan hüquqları və demokratiya Azərbaycana qarşı hansısa təzyiq formasına çevrilməməlidir. Burada bir sıra məqamlar diqqəti cəlb edir. Tamamilə fərqli yanaşmalar sərgilənir. Ermənistana qarşı niyə bu sahədə təzyiqlər yoxdur? Hətta Ermənistanda prezidentliyə namizəd güllələndi, amma ölkə bu proseslərdən kənarda qalır. Azərbaycan isə təzyiqlərlə üzləşir. Bu məsələlərdə ciddi araşdırmalar olmalıdır. ABŞ-da böyük, zəngin, siyasi nöqteyi-nəzərdən çox fəal erməni lobbisi bu istiqamətdə ciddi işlər aparır. Bunun nəticəsidir ki, Amerikanın Azərbaycana təzyiqləri daha aktivdir.
- Morninqstarın bəyanatlarında Vyana konvensiyasının pozulma halları olduğu barədə fikirlər də səsləndi. Bununla nə dərəcədə razısınız?
- Diplomatların fəaliyyətində müəyyən çərçivə olur. Diplomatlar bu çərçivədən kənara çıxanda hər zaman müəyyən narahatlıq yaranır. Protokolun xaricinə çıxan emosiyalar iki ölkə arasında münasibətlərə ziyan gətirə bilər. Ümidvaram ki, belə olmayacaq. Çünki Azərbaycanla ABŞ-ın münasibətləri hər iki tərəf üçün çox önəmlidir. Biz bu münasibətləri qoruyub inkişaf etdirməyə çalışmalıyıq.
- Azərbaycan uzun müddət səfirsizlik problemi yaşadı. Nəhayətdə Morninqstar səfir təyin olundu...
- Bir şeyi vurğulamaq istərdim ki, cənab Morninqstar hər zaman Azərbaycanın dostu olub. Klinton Administrasiyasında çalışarkən belə Azərbaycanın bir sıra enerji layihələrinin həyata keçirilməsində şəxsən Morninqstarın müsbət töhfəsi olub. Mənə elə gəlir ki, bu məsələlərə münasibət bildirəndə tarixi də nəzərə almaq lazımdır.
- Bəs indiki məqamda səfirin bu cür çıxışının mahiyyətində nə dayanır?
- Mənə elə gəlir ki, bunu hazırda ağartmağa ehtiyac yoxdur. Oldu, keçdi. Elə etmək lazımdır ki, bu cür vəziyyət iki ölkə arasında münasibətlərə xələl gətirməsin.
- Azərbaycanla Ermənistan arasında bağlanmış “Bişkek protokolu”nun 20 ili tamam oldu. Bəzi məlumatlarda atəşkəs sazişinin müddətinin bitdiyi deyilir. Sizcə, yenidən bu cür sənəd imzalanmalıdır?
- Heç bir sənəd imzalanmasına ehtiyac yoxdur. Amma beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT-in Minsk Qrupu üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Hazırda Ukraynada baş verən hadisələr yenidən Qarabağ münaqişəsinə diqqət cəlb edib. Çünki eyni proseslər baş verdi və bu gün Ukraynadakı hadisələrlə bağlı Rusiyaya qarşı sanksiyalar müzakirələrə çıxarıldı. Azərbaycanın ərazisi işğal olunub, 20 ildən artıqdır ki, etnik təmizlənmə həyata keçirilib, qəddarlıqla uşaqlar, qadınlar öldürülüb. Lakin Ermənistanla bağlı sanksiyalar müzakirə olunmur. Beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul edib, BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi belə müzakirə mövzusu deyil. Mənə elə gəlir ki, burada beynəlxalq hüquq normalarına hörmətsizliyin şahidi oluruq. Ona görə də bizim tələblərimiz ondan ibarətdir ki, beynəlxalq hüquq normaları Ermənistan-Azərbaycan münaqişəsində aparıcı amilə çevrilməlidir. Məhz bu müstəvidə münaqişənin həlli məsələsi müzakirə olunmalıdır. Dərhal Azərbaycan ərazisi azad edilməlidir.
- AŞPA-nın Bakıdakı Daimi Komitəsinin iclasında İlqar Məmmədovun məsələsi qaldırılıb, onun azadlığa buraxılması üçün Azərbaycan hökumətinə çağırış edilib. Bu məsələyə münasibətiniz necədir?
- Hesab edirəm ki, bu iş hüquqi müstəvidə araşdırılmalıdır. Bu məsələlərin həllini hüquqi yolda görürəm. Hər hansı siyasi amillərin xaricində real qanunvericilik çərçivəsində işə baxılmalıdır.
- Azərbaycanda bu il bələdiyyə seçkiləri keçirilir. Partiyanız seçkilərə qatılacaq?
- Biz seçkilərdə iştirakı çox zəruri hesab edirik. Təbii olaraq seçkilərə qatılacağıq. Hazırda partiyada hazırlıq işləri gedir. Rayon təşkilatlarında müzakirələr başlayıb, ümidvaram ki, uğurla iştirak edəcəyik.
Nərgiz