BAKI, 6 mart. TELEQRAF
Anasının qətlə yetirilməsinə şərait yaratmaqda ittiham olunan 17 yaşlı Kənanın (adlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın xəbərinə görə, qətl hadisəsi 6 dekabr 2024-cü ildə Ağcabədi rayonunda baş verib. Rayon sakini, 42 yaşlı Səmayənin meyiti yaşadığı evdə aşkarlanıb.
İstintaq əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhumun kürəkəni, həmçinin dayısı oğlu Akif və oğlu Kənan saxlanılıblar.
Qətli törətməkdə təqsirli bilinən Akifə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işi ayrıca icraata götürülüb.
Qətlin törədilməsinə köməkdə təqsirləndirilən Kənana isə Cinayət Məcəlləsinin 32.5, 120.2.4-cü (cinayətdə iştirakçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, Kənan anasının boşandıqdan sonra başqa şəxslə qeyri-rəsmi ailə qurması səbəbindən onun öldürülməsini arzulayıb. Cinayətin törədilməsini boynuna götürən Akifi əlverişli şərait yaranacağı halda məlumatlandırmağı boynuna götürüb.
Hadisə baş verən gün Kənan evdə özündən və anasından başqa heç kimin olmaması barədə Akifə mesaj yazıb. Daha sonra Akifin tapşırığı ilə özü evdən çıxıb. Evə daxil olan Akif qayınanasının qaçmasının qarşısını almaq məqsədilə giriş qapısını bayırdan kilidləyib. Bıçaqla qadının boyun damarlarını kəsib. Yaralı kəskin qanitirmədən hadisə yerində ölüb.
“Anam ayrılanda mən atamla qaldım”
Məhkəmədə Kənan elan olunmuş ittihamla özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Kənan doğma anası olan mərhum Səmayə ilə atasının boşanmasından danışıb: “Anamla atam Vaqifin nikahından 4 övladı doğulub. İki bacım, bir qardaşım var. Bacılarım məndən böyük, qardaşım isə kiçikdir, hazırda 12 yaşı var. Dörd il əvvələ qədər atam, anam, bacılarım və qardaşımla birlikdə yaşamışıq. Sonradan atamla anam ailədaxili münaqişələr səbəbindən bir-birindən ayrıldı.
Anam bacılarımla kiçik qardaşımı da götürərək özünün ata evinə köçdü, babam və nənəmlə birgə yaşamağa başladı. Mən isə atamla qaldım. Anam bir müddət sonra həmin həyətdə ayrıca fərdi ev tikdirib, oraya köçdü. O ərəfələrdə bacılarım da ailə həyatı qurub, ərləri ilə yaşamağa başladılar”.
“Anamın kişilərlə münasibət qurmağa başladığını eşitdim”
Kənan qeyd edib ki, bacısı Səlimə anasının dayısı oğlu Akiflə ailə həyatı qurub, yaşadıqları ev anasının yaşadığı evin arxa tərəfində yerləşib:
“Anam Səmayənin atamdan ayrıldıqdan sonra başqa kişilərlə münasibət qurmağa və yüngül həyat tərzi sürməyə başladığını eşitdim. Təxminən bir il əvvəl Beyləqan rayonundan olan Elmir adlı bir nəfərlə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başladı. Qardaşımı da götürərək Elmirin evinə köçdü.
Sonra Elmirdən də ayrılaraq yenidən babamgilin həyətində tikdirdiyi evinə qayıtdı. Qohumlarımın sözlərindən anamın başqa kişilərlə də münasibətdə olduğunu eşitdim. Amma bununla bağlı dəqiq məlumatım yoxdur.
Babam işləmək üçün tez-tez Rusiyaya gedib-gəlirdi. Orada metal məmulatlarının alqı-satqısı ilə məşğul idi”.
“Anamı öldürmək lazım olduğunu dedi”
Kənanın sözlərinə görə, 2024-cü ilin mart ayında o da babası və nənəsi ilə birlikdə Moskva şəhərinə gedib: “Orada da babamgilin yox, dayımın yanında qaldım. Dayım uzun müddətdir arvadı və övladları ilə birlikdə orada yaşayır, Azərbaycana gəlib-getmir.
Anamın dayısı oğlu, bacımın əri Akif də işləmək üçün Rusiyaya gedib-gəlir. Mən Moskva şəhərinə getməzdən bir müddət əvvəl Akiflə də həmin şəhərə getdim. Moskva şəhərində yaşadığım təxminən 8 ay ərzində Akif mənə anamın yolunu azdığını, əxlaqsızlıq etdiyini, ailələrimizin namusunu ləkələdiyini, onu öldürmək lazım olduğunu bildirdi.
Dayımla bu haqda danışmasaq da, o da anamın öldürülməsini istəyirdi. Bir dəfə telefon söhbətini eşitdim. Kiməsə anamı öldürmək lazım olduğunu deyirdi”.
“Anamın öldürməsinə tərəfdar oldum”
Kənan deyib ki, 2024-cü il oktyabrın 24-də Ağcabədi rayonuna qayıdıb və ondan bir neçə gün sonra Akif də geri gəlib: “Moskva şəhərində olanda Akif qəti olaraq mənə Ağcabədi şəhərinə qayıdan kimi anamı öldürmək lazım olduğunu bildirdi. Məndən anamı öldürə bilib-bilməyəcəyimi soruşdu. Mən anamı öldürməyi bacarmayacağımı söylədim.
Akif məhz anamı öldürmək üçün Ağcabədi şəhərinə qayıtdı. Anamın öldürülməsinə mən də tərəfdar idim. Çünki başqa kişiyə qoşularaq qaçmasını, sonra geri qayıtmasını bağışlaya bilmirdim. Anamın əxlaqsızlığına görə insanlar mənə qəribə baxırdılar.
Akifdən hansı formada ona kömək göstərəcəyimi soruşdum. O, mənə sadəcə dediklərini etməyimi tapşırdı”.
Kənan deyib ki, anası atası ilə ayrılandan sonra onunla münasibətini kəsib: “Heç vaxt anamın yaşadığı evə getməmişəm, onunla görüşmək istəməmişəm. Ağcabədi rayonuna qayıtdıqdan sonra da atamın yanında yaşadım.
Akif məndən anamla münasibəti bərpa etməyimi, ona yaxın olmağımı tapşırdı. Dedi ki, sən mənə orada lazımsan. O, anamı öldürmək üçün əlverişli şəraitin yaranmasını gözlədi. Buna görə tez-tez babamgilin evinə gəlib-getməyə, anamı güdməyə, onun haqqında lazım olan məlumatları Akifə ötürməyə başladım.
Son 4-5 gün ərzində isə Akifin tələbi ilə babamgilin evində qalırdım. Məndən soruşduğu hər şeyi öyrənərək ona çatdırırdım. Akif məndən anamın evdə tək olduğu, kiçik qardaşımın evdən getdiyi vaxtları ona bildirməyimi istədi”.
“Evdə heç kimin olmadığını xəbər verdim”
Kənanın ifadəsinə görə, 2024-cü il dekabrın 6-da saat 10-11 radələrində babası ilə nənəsi şəxsi işləri ilə əlaqədar Tərtər rayonuna gedib: “Babamgilin həyətində usta işləyirdi. Nənəm getməmişdən əvvəl anamı çağıraraq nahar vaxtı ustaya yemək hazırlayaraq verməsini tapşırdı.
Evdə məndən başqa anam və qardaşım qaldı. Usta da həyətdə işləyirdi.
Nahar vaxtı, saat 13 radələrində usta evə gəldi, hamımız yemək yedik. Sonra usta həyətdə işləməyə davam etdi, qardaşım isə özünə gödəkcə almaq üçün mağazaya getdi. Həmin gün nənəm qardaşımla mənim hər birimizə 10 manat vermişdi.
Anamın öldürmək üçün əlverişli şərait yarandı. Votsapda Akifə mesaj yazıb bu barədə məlumat verdim”.
Kənan qeyd edib ki, saat 16 radələrində usta işlərini başa çatdıraraq gedib: “Usta gedərkən məni səslədi. Pəncərədən uonunla danışdım. O mənə anamın evində soyuducunun rezininin xarab olduğunu, düzəltməyə ehtiyac olub-olmadığını soruşmağımı istədi. Yalandan pəncərənin qarşısından çəkilib, bir neçə saniyə sonra geri qayıdıb yox cavabı verdim.
Usta getdikdən sonra Akifə artıq evdə heç kimin olmadığını yazdım. Cavabından onun həyəti güddüyünü və ustanın getdiyini gördüyünü başa düşdüm.
Akif qardaşımı yolda görərək özünün maşınına mindirib. Maşınını evin yaxınlığında, şadlıq sarayının həyətində saxlayıb, qardaşıma maşında gözləməyi tapşırıb. Sonra özü yaşadığım evə gəlib”.
“Məndən çıxmağımı istədi”
Kənanın sözlərinə görə, Akif içəri girən kimi ondan evdən çıxmasını, qapını bayırdan açarla kilidləyərək uzaqlaşmasını istəyib: “Bir neçə dəqiqə sonra Akif həyətə gəldi. Mən isə evin qapısını açaraq içəriyə daxil oldum. Anam qonaq otağında divanda uzanmışdı.
Akif yenidən içəri girən kimi yenə məndən çölə çıxmağımı tələb etdi. Evdən çıxaraq qapını bayırdan kilidlədim, açarları ayaqqabılardan birinin içərisinə tullayaraq evdən uzaqlaşdım”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətə azadlıqdan məhrum edilib. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən olunub.
1995-ci il təvəllüdlü Akifin barəsində isə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə araşdırma ayrıca icraata verilib.