BAKI, 28 yanvar. TELEQRAF

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişirin Əliyev, həmçinin Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə İntiqam Kərimov ifadə verib.

O bildirib ki, Əlişirn Əliyevi yox, Qabil Quliyevi tanıyıb: "Mən Yasamal rayonunda çayxanada Qabillə tanış olandan sonra ona əlillik istəyən, əlillik pensiyası kəsilən şəxslərə köməklik edə biləcəyimi dedim. Ona özümü əlillərin bərpa mərkəzinin işçisi kimi təqdim etdim. Bundan əvvəl Binəqədi Rayon Məhkəməsində Əlillərin Bərpa Mərkəzində mühafizəçi işləmişəm. Mərkəzdə tanışlarım vardı. Bu işləri onlara güvənərək görmək istəmişəm.

Əlilliyi düzəltdiyim şəxslərin yaşayış yeri Saatlı rayonu idi. Qabil Quliyevin Sabirabad xəstəxanasında tanışları vardı. Hazırladığım sənədləri ona verdim ki, həmin xəstəxanada sistemə yerləşdirsin.

Mən dələduzluq etmişəm. Buna görə özümü təqsirli bilirəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, atası, həyat yoldaşı daxil olmaqla 6 nəfərin sənədini Qabil Quliyevə verib və onların sənədlərini Sabirabad Rayon Mərkəzi Xəstəxanasından sistemə vurmasını istəyib: "Saxta sənədləri özüm hazırlamışam. Əgər sorğu verilsəydi, saxta olduğu müəyyən olunacaqdı. Tutsaydı, qazanacaqdıq. TƏBİB işin saxta olduğunu müəyyən etdi, korrupsiya idarəsinə göndərildi".

Təqsirləndirlilən şəxs bildirib ki, atasının əlillik dərəcəsi 2-ci qrup olub: "Mən isə saxta sənəd hazırlamaqla bunu 4-cü dərəcəli etmişəm".

Növbəti proses fevralın 25-də davam edəcək.

Qeyd edək ki, "Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişirin Əliyev barədə daxil olan şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İbtidai istintaqla Əlişirin Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onların barəsində TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında Əlişirin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxslərdən İntiqam Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.