BAKI, 28 yanvar. TELEQRAF

İstanbulda qaçaqmalçılıq yolu ilə qızıl gətirməkdə, həmçinin üç nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Elman Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkili çıxış edib. Müdafiəçi bildirib ki, zərərçəkmiş iki şəxsə ziyan tam, digər şəxsə ziyanın böyük qismi ödənilib. Vəkil müvəkkilinin iki azyaşlı övladı olmasını, ilk məhkumluğunun nəzərə alınmasını xahiş edib.

Vəkil həmçinin qaçaqmalçılıq ittihamına bəraət verilməsini istəyib. Deyib ki, bu, məhkəmə araşdırılması zamanı sübuta yetirilməyib.

Elman Atakişiyev son sözündə məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Bundan sonra hakimlər hökm qəbul etmək üçün müşaviriyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. Təqsirləndirilən Elman Atakişiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Elman Atakişiyev İnqilab Babayev, Tural Səmədzadə və adları istintaqla müəyyən edilməyən şəxslərlə cinayət əlaqəsinə girib, İstanbuldan 782349 manat dəyərində zərgərlik məmulatları qaçaqmalçılıq yolu ilə gətiriblər.

İstintaq müəyyən edib ki, təqsirləndirilən Elman Atakişiyev üç nəfərə qarşı da dələduzluq edib.

Qeyd edək ki, cinayət işində adı keçən şəxslərin işi ayrıca icraata götürülüb.