BAKI, 11 dekabr. TELEQRAF
“Changan Azerbaijan” “Meqa Sığorta”nı məhkəməyə verib.
Teleqraf xəbər verir ki, buna sığorta şirkətinin sığorta məbləğini az hesablaması səbəb olub.
Bu iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edən “Changan Azerbaijan” bildirib ki, 2023-cü il buraxılış ili olan “Changan” markalı avtomobil 5559 manat sığorta ödənişi əsasında “Avtomobilin könüllü sığortalanması qaydalarına” uyğun olaraq tam sığortalanıb.
Lakin avtomobil ötən Binəqədi rayon ərazisində “Çinar” MMC-yə məxsus sərnişin avtobusunun yol-hərəkət qaydalarını kobud şəkildə pozması nəticəsində qəzaya uğrayıb, maşın tam sıradan çıxıb.
Sığorta dəyərinin ödənilməsi ilə əlaqədar “Meqa Sığorta”ya müraciət olunduqdan sonra 55 900 AZN dəyəri olan avtomobilin real bazar dəyəri 44000 manat, qalıq hissənin dəyirini 20000 manat, sığorta ödənişi isə 10 % azadolma məbləği tətbiq olunmaqla 17810 manat müəyyən edilib.
Maraqlıdır ki, sığorta şirkəti avtomobilin real bazar dəyərini elan saytlarından birinə əsasən müəyyən edib.
“Changan Azerbaijan” isə idda edir ki, hadisə baş verməzdən öncə eyni şərtlərlə eyni tələblərə cavab verən və eyni modeldə avtomobil saytda satışda olmayıb.
“Bundan başqa sığorta şirkəti tərəfindən tətbiq olunan azadolma məbləği ilə də razı deyilik. Hesab edirik ki, bu hal hüquqdan sui-istifadədir. Çünki azad olmanı sığorta şəhadətnaməsində olan sığorta məbləğinin 10%-ini tətbiq edir. Amma veriləcək sığorta məbləğini bazar dəyəri üzrə qiymətləndirir. Yəni Sığorta şəhadətnaməsində 61900 manat sığorta dəyəri müəyyən edilməklə 6190 manat azad olma məbləği tətbiq edir. Lakin sığorta dəyərini 44000 manat hesablayır. Həmçinin, avtomobilin tam yararsız halında şərtliazad olma tətbiq olunmasının özü də Mülki Məcəllənin tələblərinə ziddir” – şikayət qeyd olunub.
İş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilib.