BAKI, 24 fevral. TELEQRAF

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən müddətdən artıq hərbi qulluqçu (MAXE) 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən il fevralın 28-də Bərdə rayonunun Saatlı kəndi ərazisində qeydə alınıb.

VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyev, 2003-cü il təvəllüdlü Ömər Vüqar oğlu Abbasov, 2003-cü il təvəllüdlü Elşən Arif oğlu Allahverdiyev, 1991-ci il təvəllüdlü Elçin Natiq oğlu Qasımov xəsarət alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı iki nəfər ölüb.

VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz”in toqquşması zamanı rayonun Seyid Yusifli kənd sakinləri - 1985-ci il təvəllüdlü Anar Rafiq oğlu Qocayev və 1986-cı il təvəllüdlü Eldəniz Ələkbər oğlu Qasımov həyatını itiriblər.

İstintaq araşdırması zamanı hadisənin törədilməsində “Mercedes-Benz” markalı avtomobili idarə edən Səxavət Əliyev təqsirli bilinib.

Məlum olub ki, müddətdən artıq hərbi xidmətdə olan əsgər Səxavət Əliyev atasına məxsus avtomobillə sürət həddini aşıb və ağır qəzanın törədilməsinə səbəb olub.

O, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Səxavət Əliyev 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, 263.3-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsini və ya həmin maddə ilə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsini xahiş edib.

Bundan başqa, dövlət ittihamçısı da apellyasiya protesti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Hər iki tərəfin şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Hakim Faiq Mahmudovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətini və dövlət ittihamçısının verdiyi protesti təmin etməyib.