Bakının Nəsimi rayonunda 1992-ci il təvəllüdlü Fəqan sosial şəbəkədə tanış olduğu Sədaqətə (adlar şərti verilib – red.) müxtəlif dərəcəli xəsarətlər yetirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə “Memar Əcəmi” metrostansiyasının çıxışında baş verib.
Fəqan orada tanış olmaq məqsədilə yaxınlaşdığı Sədaqətdən rədd cavabı alanda ona zor tətbiq edib. Sədaqətin baş və bədən nahiyələrinə zərbələr vurub.
İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Telegram” sosial şəbəkəsinin istifadəçisidir: “Sosial şəbəkədə müxtəlif qruplar var. Mən də qruplara daxil olur, qrup üzvləri ora atdığı maraqlı videolar atanda əylənirəm, zarafat edirəm. Qruplardan birində əvvəldən tanımadığım Sədaqət adlı şəxslə yazışdım, ona görüşməyi təklif etdim. Lakin Sədaqət təklifimlə razılaşmadı. Şəkillərini sosial şəbəkədə paylaşdığı üçün onu zahirən tanıyırdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, təxminən saat 20:00-da Nəsimi rayonu, Cavadxan küçəsində, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yumruq zərbəsinin gücünü ölçmək üçün quraşdırılan qurğuya ödəniş edib, yumruq ataraq əyləndiyi zaman mağazaların birindən bir qadının çıxdığını görüb: “Onun Sədaqət olduğunu bildim. Yaxınlaşaraq “Telegram” sosial şəbəkəsində ona yazan Fəqan olduğumu, söhbət etmək istədiyimi söylədim. Sədaqət imtina etdikdə əsəbləşdim, onu təhqir etdim. O, cavab qaytardığı üçün daha da əsəbləşdim. Baş və bədən nahiyələrinə müxtəlif əl zərbələri vuraraq döydüm”.
Bu işə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəqan 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiq olunmasını, cəzasının şərti hesab olunmasını istəyib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. İşi araşdıran hakimlər heyəti apellyasiya şikayətini qismən təmin ediblər.
Təqsirləndirilən şəxsin cəzası aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzası ilə əvəz edilib.