Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə sonuncu müraciətlərin qəbuluna başlanır.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Ağalı kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi martın 13-ü günün sonunadək davam edəcək.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.
Ağalı kəndinə köçən sakinlər aşağıdakı qaydada torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
- Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Ağalı” seçməklə ərizə formasını doldurmaq.
- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq Ağalı kənd sakini olduğunu (faktiki yaşayış yerinin Ağalı olduğunu) Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.
Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması, və ərazilərin yerində tanıdılması 2026-cı ilin Aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.