BAKI, 23 dekabr. TELEQRAF

Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq kənd təsərrüfatını regional əməkdaşlığın əsas istiqamətlərindən birinə çevirib.

Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polat deyib:

“Qlobal iqlim dəyişikliyi, artan əhali və artan ərzaq tələbatı qarşısında, eləcə də rəqəmsallaşma və kənd təsərrüfatında yeni texnologiyaların geniş tətbiqi dövründə Türkiyə-Azərbaycan kənd təsərrüfatı əməkdaşlığı indi təkcə iqtisadi cəhətdən deyil, həm də ərzaq təhlükəsizliyi və təchizatı baxımından region üçün vacibdir. Türkiyə və Azərbaycan olaraq, kənd təsərrüfatı istehsalının artırılması, kənd yerlərinin gücləndirilməsi, fermerlərin rifahının yaxşılaşdırılması, ərzaq təchizatı təhlükəsizliyinin təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla bir çox məsələlərdə oxşar məqsədlərə və ortaq bir baxışa sahibik.

2021-ci ildə yaratdığımız 68 maddəlik fəaliyyət planı ilə bitki istehsalından heyvan istehsalına, bitki və heyvan sağlamlığından balıqçılığa, su idarəçiliyindən meşə təsərrüfatına qədər bir çox sahədə qanunvericilik müqayisəsi, standartlaşdırma, texniki əməkdaşlıq və ekspert mübadiləsi kimi fəaliyyətlər həyata keçirdik. Əməkdaşlığımızı daha da dərinləşdirməyə yüksək dəyər veririk”.