BAKI, 27 oktyabr. TELEQRAF
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Köstəndil vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Serbiyanın Şumadiya dairəsində blutanq xəstəliyi, Fransanın Oksitaniya regionunda nodulyar dermatit xəstəliyi, Polşanın Velikopolsk inzibati ərazisində Nyukasl xəstəliyi, Kamboca Krallığının Otdar Mean Çey əyalətində, ABŞ-nin Ayova, Viskonsin ştatlarında, Slovakiyanın Jilina diyarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.