BAKI, 2 iyun. TELEQRAF
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Quba rayonunda keçirilib.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
ASAN Xidmət Mərkəzinin ərazisində baş tutan tədbirdə kənd təsərrüfatına dair müxtəlif texnologiyalar, bölgənin kənd təsərrüfatı potensialının inkişafına yönəlmiş məhsullar nümayiş olunub, aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirəsi və təlim təşkil olunub. Festivalın əsas məqsədi regionlarda aqrar sahədə fəaliyyət göstərən fermerlər və sahibkarlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eyni zamanda innovativ texnologiyaların təşviqi və yerli istehsalın dəstəklənməsidir.
Festivalın sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar, ağıllı təsərrüfat sistemləri, rəqəmsal platformalar nümayiş etdirilib. Eyni zamanda, bir sıra dövlət qurumları da festivalda iştirak edərək fermer və sahibkarlara xidmətlərini təklif və nümayiş ediblər. İştirakçılar öz məhsullarını təqdim etməklə yanaşı, potensial tərəfdaşlarla birbaşa əlaqə qurmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə ediblər.
Tədbir çərçivəsində fermerlər üçün “Meyvə-tərəvəzlərin uzun müddətli saxlanma texnologiyaları və soyuq zəncirin tətbiqi” mövzusunda növbəti təlim keçirilib. “Agrosystems” MMC-nin direktoru Köçəri Həsənov tərəfindən keçirilən təlimdə məhsul itkisinin minimuma endirilməsi, keyfiyyətin qorunması, ixrac imkanlarının genişləndirilməsi və logistika zəncirində innovativ yanaşmaların rolu ətraflı izah olunub. Təlimdə iştirak edən fermerlərin sualları ətraflı cavablandırılıb.
Festival zamanı fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatları, maliyyə və sığorta qurumları tərəfindən güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim edilib. Tədbirdə fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər olub, potensial əməkdaşlıq imkanları müzakirə edilib. Bununla yanaşı, festivalda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə dövlət və özəl maliyyə qurumlarının nümayəndələri çıxış edərək subsidiya siyasəti, güzəştli kreditlər, texniki və məsləhət dəstəyi və digər mövcud alətlər barədə iştirakçılara ətraflı məlumat təqdim ediblər. Panel müzakirədə iştirak edən fermerlərin sualları cavablandırılıb, onlara aqrar təyinatlı kredit almağa müraciət etmək üçün texniki dəstək göstərilib.



