TBİLİSİ, 5 mart. TELEQRAF

Bu ilin yanvarın 1-dən martın 3-dək Gürcüstandan 8 milyon ABŞ dolları dəyərində 27,5 min ton kartof ixrac olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

İllik müqayisədə kartof ixracında kəskin artım qeydə alınıb. Belə ki, ötən ilin analoji dövründə ixracın həcmi 932 ton təşkil edib.

Hesabat dövründə Gürcüstandan ən çox kartof idxal etmiş ölkələrin ilk üçlüyündə Rusiya (14 049 ton), Azərbaycan (10 534) və Ermənistan (2 183 ton) yer alıb.