
BAKI, 21 fevral. TELEQRAF
Avropada kərə yağının qiymətində sürətli artım həm istehlakçılar, həm də iqtisadi idarəetmə üçün ciddi problemlər yaradır.
Teleqraf Avropa Statistika İdarəsinə istinadən xəbər verir ki, fevralda Avropa İttifaqı (Aİ) ölkələrində kərə yağının qiyməti illik müqayisədə orta hesabla 30% bahalaşıb.
Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə, yanvarda ölkənin kərə yağının istehsalçı qiymətləri illik müqayisədə 39,8% artıb. Bu göstərici Avrozonada 2,5% olan inflyasiya səviyyəsindən xeyli yüksəkdir.
Almaniyanın qonşusu Polşada da kərə yağının qiyməti gündəmdədir. Prezident seçkilərinə qədər qiymət artımını nəzarətdə saxlamaq istəyən Polşa hökuməti 2024-cü ilin dekabrında strateji ehtiyatlardan 1 102 ton kərə yağının satışa çıxarılacağını açıqlayıb. Polşanın Strateji Ehtiyatlar Agentliyi bu yağın duzsuz və dondurulmuş formada təhcizatçılara kiloqramı 7 dollara satılacağını açıqlayıb.
Qiymət artımının əsas səbəblərindən biri də istehsalın azalmasıdır. Aİ ölkələrində inəklərin sayının azalması, o cümlədən, bahalı xammal, yüksək enerji və nəqliyyat xərcləri ilə mübarizə fermerlərin vəziyyətini daha da çətinləşdirir. Niderland və İrlandiya kimi mühüm süd istehsalçılarında iqlim siyasəti və artan xərclərə qarşı etirazlar intensivləşib. Bundan əlavə, son illərdə qatılaşdırılmış yemdən istifadənin artması südün yağ tərkibini azaldıb və bu da kərə yağı istehsalında qıtlıq yaradıb.
Lakin yüksək qiymətlərə baxmayaraq, Avropada supermarketlər endirim kampaniyaları təşkil edir. Bununla belə, hər müştəriyə maksimum 4 paket (hər biri 250 qram) kərə yağı satır.
Mütəxəssislər bildiriblər ki, kərə yağının qiymətində artımı inflyasiya ilə mübarizəni çətinləşdirir.