![](https://teleqraf.az/storage/2025/02/11/715x378/diligent-farmer-taking-care-crop.png)
BAKI, 11 fevral. TELEQRAF
Azərbaycanda təsərrüfatlara müxtəlif səbəblərdən dəymiş zərərlərlə bağlı aqrar sığorta ödənişlərinin həcmi artır. Göyçay və Kürdəmir rayonlarında zərər çəkmiş fermerlərə sığorta ödənişləri verilib.
Teleqraf Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Aqrar Sığorta Fondu tərəfindən Göyçay rayonunun Bığır kəndində nar bağlarına şaxta vurması nəticəsində 23 min 957 manat ödəniş həyata keçirilib. Həmçinin, rayonun Çaxırlı kəndində alça bağına fırtına nəticəsində dəyən zərərə görə fermer Vüsal Qasımova 1 680 manat ödənilib.
Kürdəmir rayonunun Cəyilli kəndində isə buğda sahəsinə dolu düşməsi ilə bağlı fermer Orxan Lazımbəyliyə 25 min 840 manat sığorta ödənişi edilib.
Aqrar Sığorta Fondu fermerləri təsərrüfatlarını dövlət dəstəyi ilə sərfəli şərtlərlə sığortalamağa çağırır. Xatırladaq ki, bu halda sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. Bu dəstəkdən faydalanmaq üçün, fermerlər 1651 Çağrı Mərkəzinə və ya Fondun bölgələrdəki filiallarına müraciət edə bilərlər.
Qeyd edək ki, bundan əvvəl Ağsu və İsmayıllı rayonlarında fermerlərə sığorta ödənişləri edilmişdi.