BAKI, 8 fevral. TELEQRAF

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2025-ci il üzrə məhsuldarlıqla bağlı yenilənmiş proqnozlarını açıqlayıb.

Teleqraf təşkilata istinadən xəbər verir ki, Şimal yarımkürəsində payızlıq buğda əkini mövsümü yanvar ayında başa çatıb. İlkin məlumatlara görə, Almaniya, Böyük Britaniya və Fransada əkin sahələri genişlənib, Rusiya Federasiyasında isə hava şəraiti ilə əlaqədar daralma müşahidə edilir.

Cənub yarımkürəsində qarğıdalı yığımı 2025-ci ilin ikinci rübündə başlayacaq. Lakin erkən proqnozlar Argentina və Braziliyada məhsuldarlığın artdığını göstərir. Eləcə də qarğıdalı qiymətlərində rekord yüksəliş Cənubi Afrikada bu məhsulun əkin sahələrinin artmasına səbəb olub.

FAO 2024-2025-ci illər mövsümündə qlobal taxıl istehlakı ilə bağlı proqnozunu yuxarıya doğru çəkib. Son hesablamalara görə, qarğıdalı istehlakı 0,9 faiz artaraq 2,869 milyon tona çatacaq.

Qlobal taxıl ehtiyatlarının 2025-ci ilin vegetasiya mövsümünün sonuna qədər 2,2 faiz azalacağı proqnozlaşdırılır. Bu da əsasən ABŞ-da qarğıdalı ehtiyatlarının kəskin azalması ilə əlaqədardır. 2024-2025-ci illər mövsümündə qlobal taxıl ehtiyatlarının istehlaka nisbətinin azalacağı, lakin 29,8 faizlik “adekvat səviyyədə” qalacağı gözlənilir.

Qlobal taxıl ticarətinin 2024-2025-ci illərdə ümumilikdə 483,5 milyon ton olacağı gözlənilir ki, bu da əsasən Çindən arpa, qarğıdalı və buğdaya olan tələbatın azalması səbəbindən əvvəlki ilə nisbətən 5,6 faiz aşağı rəqəmdir.

2024-2025-ci illər mövsümündə qlobal düyü istehsalı isə əvvəlki ilin səviyyəsini 0,9 faiz üstələyərək 539,4 milyon tona çatacaq.