BAKI, 8 sentyabr. TELEQRAF

Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsi ilə bağlı hazırlıq məsələləri nəzərdən keçirilib.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüşdə müzakirə edilib.

Görüşdə Azərbaycan və Əlcəzair arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, dövlət başçıları səviyyəsində siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı bildirilib. Enerji sahəsində, o cümlədən OPEC+ çərçivəsində uğurlu əməkdaşlıq, SOCAR ilə “Sonatrach” arasında əlaqələr qeyd olunub. Energetika sahəsində imzalanmış Anlaşma Memorandumu və yaradılmış İşçi Qrupunun fəaliyyətinə toxunularaq karbohidrogenlərlə yanaşı, neft-kimya, elektrik enerjisi və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə, həmçinin ikitərəfli əlaqələrin enerji sektoru ilə yanaşı, ticarət, kənd təsərrüfatı, sənaye, əczaçılıq və ali təhsil kimi sahələri də əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bundan başqa, enerji üzrə İşçi Qrupunun ilk iclasının Birgə Komissiyanın iclasından əvvəl keçirilməsi razılaşdırılıb.