BAKI, 10 aprel. TELEQRAF

Qarşıdakı dövr üçün Azərbaycanın əsas məqsədi əldə edilən nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.

O bildirib ki, 2026–2030-cu illəri əhatə edən Çərçivə Sənədi bu baxımdan iki əsas prioritet istiqaməti müəyyən edir:

“Bunlar inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi və ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqidir.

Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir:

"BMT ilə əməkdaşlıq çərçivəsində 2026–2030-cu illəri əhatə edən Çərçivə Sənədi strateji prioritetlər üzrə bir sıra konkret statistik hədəflər müəyyən edir. Birinci strateji prioritet – inklüziv sosial-iqtisadi artım və insan kapitalının gücləndirilməsi istiqamətində kənd təsərrüfatına yönəlmiş dövlət xərclərinin indeksinin yüksəldilməsi, qeyri-infeksion xəstəliklərdən vaxtından əvvəl ölüm səviyyəsinin endirilməsi, qadınların idarəetmə vəzifələrində iştirakının və sosial müdafiə əhatəsinin artırılması, eləcə də əmək haqqının ÜDM-də payının yüksəldilməsi kimi hədəflər müəyyən edilmişdir.”

O əlavə edib ki, ikinci strateji prioritet – ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi istiqamətində isə inteqrə olunmuş su ehtiyatlarının idarə olunması, bərpa olunan enerjinin ümumi enerji istehlakındakı payının, tullantıların təkrar emal səviyyəsinin, eləcə də meşə örtüyünün payının artırılması nəzərdə tutulur.

Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır. Bu vəsaitdən layihələrin maliyyələşdirilməsi üçün 51 milyon dollar vəsait mövcud olmaqla, 34 milyon dollar vəsait isə qarşıdakı 5 illik dövr ərzində cəlb olunmalıdır. Bu istiqamətdə BMT təsisatları və dövlət qurumlarının birgə fəaliyyəti arzuolunan nəticələrə çatmaq baxımından əhəmiyyət kəsb edir”.