BAKI, 15 dekabr. TELEQRAF

Yanvar-sentyabr aylarında xarici qiymətli kağızlarla bağlı əməliyyatlar hesabına formalaşan portfel investisiyalarında təxminən 1,4 milyard dollarlıq kəsir formalaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 1.3 mlrd.$ artıb, xalis maliyyə öhdəlikləri isə 33.7 mln.$ azalıb. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər bankların (500.4 mln.$), dövlət (34.1 mln.$) sektorunun və digər (817.3 mln.$) sektorların hesabına artmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (17.4 mln.$) hesabına azalıb. Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0.2 mln.$) və digər (5.8 mln.$) sektorların hesabına artmış, dövlət (39.7 mln.$) sektorunun hesabına isə azalıb.

"Digər investisiyalar hesabının kəsiri isə bu dövrdə təxminən xalis olaraq 1,9 milyard dollar təşkil edib.- deyə o əlavə edib.

O bildirib ki, sözügedən kəsirin formalaşmasında əsas pay aktivlərin artımı ilə bağlı olub.

Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 2.2 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 0.3 mlrd.$ artıb. Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 15.1 mln.$ azalıb, xalis maliyyə öhdəlikləri isə 560 mln.$ artıb. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank (354.2 mln.$) sektorunun, neft-qaz sektorunun kreditləri (660.8 mln.$) və müəssisələrin kreditləri (61.8 mln.$) hesabına artmış, dövlət kreditləri (328.7 mln.$) və dövlət zəmanətli kreditlər (188.1 mln.$) hesabına isə azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 2.5 mlrd.$ artmış, xalis maliyyə öhdəlikləri isə 271.7 mln.$ azalıb.