BAKI, 13 dekabr. TELEQRAF
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 100 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkədə ümumilikdə 24 milyard 603,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur. İstehsalın 23 milyard 783,1 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.
İstilik elektrik stansiyalarında istehsal 20 milyard 444,7 milyon kilovat-saat olub və bu sahədə cüzi artım (0,9%) qeydə alınıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisi isə 172,9 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,4% azdır.
Su elektrik stansiyalarında enerji istehsalı 2 milyard 665,9 milyon kilovat-saat olub. Bu səhədə istehsal ötən ilin müvafiq dövrünə nisbətən 2% azdlr.
Günəş elektrik stansiyalarında istehsal 572,5 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 10,1% artıma bərabərdir.
Qeyd edək ki, hesabat dövründə suyun təmizlənməsi və bölüşdürülməsi üzrə 630,3 milyon kub metr həcmində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 18,9% çoxdur.