BAKI, 2 dekabr. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Salyan Broyler", "Yevlax Yük Avtonəqliyyat", "Yevlax Kəndnəqliyyat", "Şıxlar Broyle" və Xaçmaz Mexanizasiya Nəqliyyat" ASC-lərin səhmlərinin satışa çıxarılması ilə bağlı təkrar pul hərracı keçiriləcək.
Teleqraf xəbər verir ki, sözügedən müəssisələr üzrə nominal dəyəri 2 manat olan səhmlərdən ibarət ümumi paketlərin 30 faizi hərrac vasitəsilə satışa təqdim olunacaq.
Belə ki, hərracda Salyan rayonunun Xələc kəndində yerləşən və nizamnamə kapitalı 1 milyon 120 min 118 manat olan “Salyan Broyler”in 168 min 225 ədəd səhmi 168 min 225 manat ilkin qiymətlə satışa çıxarılacaq.
Cəmiyyətin ümumi dəyəri 39 min 334 manat olan, hər birinin nominal dəyəri 2 manat təşkil edən 19 min 667 ədəd adi, adlı, sənədsiz səhmi dövriyyədən çıxarılır.
Yevlax rayonunun Pişəvəri küçəsində yerləşən və 316 min 887 manat nizamnamə kapitalı olan “Yevlax Yük Avtonəqliyyat”ın 47 min 543 ədəd səhmi satışa çıxarılacaq. Hərracda səhmlərin ilkin qiyməti isə 47 min 543 manat təşkil edir.
Eyni zamanda 225 min 901 manat nizamnamə kapitalına malik “Yevlax Kəndnəqliyyat”ın da 33 min 906 ədəd səhmi 33 min 906 manat start qiymətlə hərraca çıxarılacaq.
Masallıda yerləşən “Şıxlar Broyler”in isə 42 min 90 ədəd səhmi hərracda 42 min 90 manat ilkin qiymətlə satışa təqdim ediləcək. Müəssisənin nizamnamə kapitalı 279 min 610 manatdır.
Əlavə olaraq, nizamnamə kapitalı 123 min 56 manat təşkil edən “Xaçmaz Mexanizasiya Nəqliyyat”ın 18 min 463 ədəd səhmi 18 min 463 manat start qiymətlə hərraca qoyulacaq.
Qeyd edək ki, hərrac yanvarın 13-də baş tutacaq.