ŞƏKİ, 2 dekabr. TELEQRAF

Cari ilin yanvar-noyabr aylarında Şəkidə gecələmə sayı 21 mindən artıq olub.

Teleqraf-ın Şəkiyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumi olaraq otellərdə gecələyən turist sayı 17 mindən artıqdır:

“Şəki regionu icma əsaslı turizm olduğuna görə bu rəqəmlər reallığı tam əks etdirməyə bilər. Çünki bizim regiona aid olan bütün rayonlarda icma əsaslı turizm, yəni qonaq evləri fəaliyyət göstərir. Burada insanlar öz fərdi evlərini qonaqlara təqdim edir. Bunu nəzərə alsaq, hesab edirəm ki, bu rəqəm daha yüksəkdir, bu vizual olaraq da müşahidə olunur”.

O bildirib ki, Şəkidə hazırda 42 yerləşmə müəssisəsi şəklində fəaliyyət göstərir:

“Bu 42 yerləşmə müəssisəsində ümumi nömrə fondu 830-dan artıqdır. Biz yerləşmə müəssisəsi dedikdə sırf otelləri nəzərə almırıq, çünki “Turizm haqqında” qanunda “otel” anlayışı ayrıca bir kriteriya kimi müəyyən olunub və bu istiqamətdə Dövlət Turizm Agentliyi tərəfindən ulduz sertifikatının verilməsi ilə bağlı mütəmadi olaraq işlər icra edilir.

Artıq yerləşmə müəssisələrində otel kateqoriyasına aid olan 14 müəssisənin xüsusi sifariş forması yazılaraq audit həyata keçirilib və bugünkü statistik məlumatlara görə, Şəki şəhərində 1 beş ulduzlu, 6 üç ulduzlu, 1 iki ulduzlu hotel fəaliyyət göstərir. Digər müəssislər isə ulduz kriteriyasına uyğun gəlmədikləri üçün ulduzla təsnif edilməyiblər. Bu kriteriya davamlı olaraq dəyişir. Ulduz təsnifatı almayan müəssislər özlərində olan xidmətləri və infrastrukturunda olan dəyişiklər əsasında yenidən müraciət edə bilərlər”.