BAKI, 2 dekabr. TELEQRAF
“Cəbrayıl” yarımstansiyasında işlər yekunlaşıb və “Şəfəq” Günəş Elektrik Stansiyası tikilərək istismara verildikdən sonra istehsal olunan “yaşıl enerji”nin ötürülməsinə başlanılacaq.
"AzərEnerji" Açıq Səhmdar Cəmiyyətindən Teleqraf-a verilən məlumata görə, BP ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 km məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib.
Bu layihələr Azərbaycanın “yaşıl enerji” keçidinə və enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Stansiyada istehsal olunan elektrik enerjisinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” (VPTA) çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağına, oradan isə enerjisistemə ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal terminalına verilməsi nəzərdə tutulur.