BAKI, 5 dekabr. TELEQRAF
Dünya futbolunun ulduzu Lionel Messi 2026-cı il üzrə FIFA Dünya Kubokunun əsas favoritlərini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "SportsCenter Argentina"ya verdiyi eksklüziv müsahibədə danışıb.
Messi çempionluq uğrunda mübarizə aparacaq əsas yığmalar sırasında İspaniya, Fransa, İngiltərə, Braziliya və Almaniya milli komandalarının adını çəkib.
“Dünya Kubokunu qazanmaq üçün çox güclü komandalar var – İspaniya, Fransa, İngiltərə, Braziliya və Almaniya”, - deyə Messi bildirib.
Hazırkı dünya çempionu olan Argentina milli komandasının da şanslarını yüksək qiymətləndirən ulduz futbolçu mübarizəni dayandırmayacaqlarını vurğulayıb.
Qeyd edək ki, son FIFA dünya reytinqinə görə, Avro-2024-ün qalibi İspaniya 1-ci, Argentina isə 2-ci pillədə qərarlaşıb. Fransa və İngiltərə ilk dördlüyü tamamlayır. Braziliya 5-ci, Almaniya isə 9-cu yerdədir.
Messi müsahibədə Portuqaliya milli komandasının və ulduz futbolçu Kristiano Ronaldonun adını favoritlər sırasında çəkməyib. Həmçinin, turnirin ev sahibləri olacaq ABŞ, Meksika və Kanada yığmaları da siyahıya daxil edilməyib.
Hazırda Inter Miami klubunda çıxış edən Messi 2026-cı il Dünya Kubokunda iştirak edib-etməyəcəyi ilə bağlı hələ qəti qərar vermədiyini bildirib.