BAKI, 1 aprel. TELEQRAF
Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşən Mahir Məhərrəmovun vəziyyəti açıqlanıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Teleqraf-ın Qarabağ bürosuna bildirilib ki, xəsarət alan 1982-ci il təvəllüdlü şəxs 1 aprel 2026-cı il tarixində saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.
***
14:55
Bu gün işğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında mina hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.